Ölkəmizdə dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri gənc nəslin vətənpərvərlik tərbiyəsidir » Hərbiand

Son Dəqiqə:

Ölkəmizdə dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri gənc nəslin vətənpərvərlik tərbiyəsidir

Vətənpərvərlik nədir? Bir çox insana görə bu sualın cavabı dəyişir, amma mahiyyət etibarı ilə vətənpərvərlik vətənə olan sonsuz sevgidir və özünü, şəxsi maraqlarını vətən yolunda qurban verməyə hər an hazır olmaqdır. Vətən sevgisi ana sevgisi kimi müqəddəsdir. Ona görə də çox vaxt Vətənə “ana vətən” deyə xitab edirik. Vətənini sevmək, qorumaq və mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilmək hər bir insanın müqəddəs vəzifəsi, borcudur. Çünki biz bütün mənliyimizi ana vətənimizə – Azərbaycanımıza borcluyuq. Hər bir insan vətəninə, millətinə, yurduna layiq vətəndaş olmalıdır və bunu uşaqlara, yeniyetmə və gənclərə də aşılamağı özünə borc bilməlidir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Vətənpərvərlik anlayışının tarixi

Öncəliklə, “vətənpərvərlik” kəliməsi haqqında bəzi tarixi fikirləri nəzərinizə çatdırmaq istərdim. Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Bu anlayış tarixin müxtəlif vaxtlarında fərqli mənalarda işlədilib və bunun mənası dövrün şərtlərindən, coğrafiya və cəmiyyətlərin fəlsəfəsindən çox asılıdır. Vətənpərvərlik millətçilik hislərinə yaxın anlayış kimi qəbul edilsə də, Vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. Paralel olaraq da, Vətənpərvərlik millətçiliyi qabardan məfhum deyil. XIX əsrdə vətənpərvərlik millətçiliklə bütöv anlayış kimi işlənməyə başlayıb. Avropada klassik XVIII əsr vətənpərvərliyi dövlətlə yanaşı Kilsəyə bağlılığı da bildirən amil kimi qəbul edilmişdi. Kilsə adamları əsasən Vətənpərvərliyi tamamilə dini müstəviyə çəkdilər, bununla onlar insanlarda dövlətə olan bağlılığı qoparmağa çalışırdılar.

Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilib və “millət” anlayışı ilə eyniləşdirilib. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli-azadlıq hərəkatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşıb. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini müxtəlif səviyyə və istiqamətlərdə birləşdirir. Bunların zirvəsində isə Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır.

Vətənpərvərlik məsələsi bir çox ölkələrdə cəmiyyətlər arasında daima aktual olub, bu gün də aktuallığını qoruyub saxlamaqda davam edir. Bir xalqın, millətin vətənpərvərliyi, millətsevərliyi onun vətəninin bütövlüyünün təməlidir, desək, yanılmarıq. Eyni zamanda bir xalqın, millətin vətənpərvərlik hisləri və milli mənlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.

Azərbaycanda isə Vətənpərvərlik XX əsrin sonlarında – cəmiyyətdə modernləşmə yönünün inkişafından sonra üzə çıxmağa başlayıb. SSRİ-nin parçalanmasından sonra Azərbaycan dövlətinin müasirləşməsi, vətəndaşlıq, Konstitusiya kimi müasir siyasi anlayışların gündəmə gəlməsiylə, vətənpərvərlik müxtəlif cərəyanların içərisində özünü göstərdi. Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olub, yadelli işğalçılara qarşı qəhrəman mübarizə apararaq Vətənimizi düşmən ayağına verməyib. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevib, vətən naminə canlarını qurban verməkdən çəkinməyiblər. Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizin parlaq nümunəsidir. Tarixin bütün dönəmində Azərbaycan ərazilərində türklərlə birgə yaşamış bütün millətlər dövləti qorumaq üçün birlikdəlik nümayiş etdiriblər. Bu ənənə Azərbaycan ərazilərində ilkin dövlətlərin yaranmasından günümüzə qədər davam edib. Hazırda bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən Qarabağ savaşının, aprel döyüşlərinin qəhrəmanları da ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir. Vətənpərvərlik ən məşhur mənasıyla, Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir.

Vətənpərvərlik tərbiyəsi

Vətənpərvərlik hissi insanda anadangəlmə olsa da, digər hislər kimi tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Vətənpərvərliyin tərbiyəsi erkən yaşlardan başlanmalıdır.

Vətən uğrunda və azərbaycançılıq ideologiyasında azərbaycanlıların milli mədəniyyət, milli mənlik şüuru, milli təfəkkürü və xarakterinin xüsusiyyətləri öz əksini tapır. Vətənpərvərlik hissi hər bir millətin məskunlaşdığı müqəddəs məkanda yaranır və inkişaf edir. Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqədardır. Q.Əliyevə görə, vətənpərvərlik bir-biri ilə vəhdətdə olan üç komponentdən ibarətdir: “Vətənpərvər münasibət, vətənpərvərlik şüuru və vətənpərvərlik fəaliyyəti. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir. Vətənpərvərlik şüuru vətənpərvərlik obyekti ilə vətənpərvərin qarşılıqlı təsirinin bütün növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun daxili determinantıdır. Vətənpərvərlik fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan və görünən tərəfləridir”.

Vətənpərvərlik milli qürur və milli ləyaqət hissilə vəhdət şəkildə azərbaycançılığın əsasını təşkil edir. S.Xəlilov dərk olunmuş vətənpərvərliyi milli ruhun əsası hesab edir və milli idelogiyaya söykənməyən vətənpərvərliyi faydasız hesab edir: “Milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan vətənpərvərlik kortəbii fəaliyyətlər kimi sevgidən və millətçilik hissindən doğsa da, son nəticədə ancaq ziyan gətirə bilər”. Ə.Tağıyevin fikrincə, vətənpərvərlik problemi özlüyündə bir akademizm tələb edir, yəni öyrənilməsini, elmi-nəzəri təhlilinin və şərhinin verilməsini zəruri edir. Çünki hazırda müstəqillik şəraitində başa düşülən vətənpərvərlik SSRİ vaxtındakı vətənpərvərlikdən köklü surətdə fərqlidir. O zaman vətənpərvərlik deyəndə, SSRİ-nin vətəndaşı üçün vətənpərvərlik nəzərdə tutulurdu. İndi isə Azərbaycan Respublikası üçün, onun maddi və mənəvi sərvətləri keşiyində dayanmalı olan insanların vətənpərvərliyindən söhbət gedir. Bu məsələ hazırda mənəvi borc olmaqla yanaşı, həm də sırf ideoloji-siyasi bir problem kimi qarşıya çıxır. Onu hər bir vətəndaşın mövqeyindən və hər bir vətəndaşın mövqeyi naminə anlamaq tələb olunur. Çünki o, azərbaycançılıq milli ideyasının tərkib hissəsidir.

Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

Alman filosofu Hegel özünün “Hüquq fəlsəfəsi” əsərində vətənpərvərlik haqqında yazırdı: “Vətənpərvərlik sözü altında çox zaman yalnız fövqəladə qurban verməyi və davranışları başa düşürlər. Amma, əslində, o, elə bir ovqatdır ki, adi vəziyyətdə və adi həyat şəraitində dövləti substansional əsas və məqsəd kimi başa düşür… Bu ovqat, ümumiyyətlə, etimaddır, mənim substansional və xususi marağımın başqasında, yəni dövlətdə yerləşdiyini başa düşməkdir”.

Xalqın hər bir nümayəndəsi Vətənpərvər olmağı bacarmalıdır. Yazıçı qələmi, əsərləri, kitabları müğənni mahnısı, şair şeiri, şagird və tələbələr elmi, alimi kitabları, vətəndaşı dövlətə olan borcları və sədaqətilə Vətənpərvər olmalıdır. Çünki hər bir halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqlincə yerinə yetirməsindən asılıdır. Bütün bunlar cəmiyyətdə milli-mənlik şüurunun və Vətənpərvərlik hisslərinin inkişafına təkan verir.

Aytən NAZİMQIZI

Şərh Yaz