ƏLİLLİYİ OLAN İNSANLARIN MÖVCUD PROBLEMLERİ VƏ ONLARIN HƏLLİ YOLLARI » Hərbiand

Son Dəqiqə:

ƏLİLLİYİ OLAN İNSANLARIN MÖVCUD PROBLEMLERİ VƏ ONLARIN HƏLLİ YOLLARI

Əlillik nədir? Bir çoxlarımızın bildiyi kimi, əlillik xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Lakin bundan əlavə, mən düşünürəm ki, əlillik eyni zamanda bəzi insanların düşüncə yoxsulluğuna da deyilə bilər. Belə ki, ola bilər ki, insan fiziki, əqli baxımdan tamamilə sağlam olsun, lakin onun düşüncələrində əksiklik varsa, insanlara yanaşma tərzində, vicdanında və s. çatışmazlıqlar varsa, bu da elə bir növ əlillik hesab olunur, mənim nəzərimdə. Təəssüf ki, istər sözün əsl, həqiqi mənasında əlil, istərsə də məcazi anlamda “əlil” insanlar dünyada kifayət qədər çoxdur.

Gənc yazarımız Mətanət Qüdsinin “Kimdir əlil?” məqaləsindən bir parçanı sizlərlə bölüşmək istəyirəm: “Hislərimi, fikirlərimi anlatmağa başlayanda düşündüm ki, mən əlil deyiləm. “Düşünmək” feilinə elavə etdiyim zaman şəkilçisinin səsinə sanki, yenidən ayıldım. Mən düşünürəm, düşünməyi bacarıram. Düşünən beyin necə “şikəst” ola bilər ki? Necə insanlardan fiziki forma ve əzaların sayına görə ayrıla, hətta diqqətdən kənarlaşa bilər ki?”. Bəli, eynilə bu yazıda olduğu kimi, düşünməyi bacaran heç bir insan əlil ola bilməz və heç bir insan fiziki forma və əzaların sayına görə insanlardan ayrıla, hətta diqqətdən kənarlaşa bilməz.

Ölkəmizdə də əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Hətta Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin III bəndində belə deyilir: “Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”.

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. 2013-cü ilin göstəricilərinə əsasən, dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.

Bundan başqa, əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.

Bu istiqamətdə təsdiq edilən sənədlərdən biri də “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” -dir. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilib. Əlilliyə görə pensiyalar isə, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir:

  1. a) əmək zədəsi və ya peşə xəstəliyi;
  2. b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə);
  3. c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə.

Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən “Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında” təlimata uyğun müəyyən olunur.

Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlil və şəhid ailələri üçün 2006-ci ildə 434, 2007-ci ildə 943 mənzil istifadəyə verilib. 2008-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 396 mənzil tikilib. 2009-cu ildə bu rəqəm 707 olub. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Əlillərin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. 2003-2007-ci illərdə 824 əlil avtomobillə təmin olunub. 2009-cu ildə müharibə veteranları və əlillərə 500, 2010-cu ildə 350, 2011-ci ildə 304 avtomobil paylanıb. 2012-ci ildə Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 325 minik avtomobili verilib.

Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən islahatlar əlillərin də əmək pensiyalarının ciddi artımına səbəb olub. 2006-cı ildə yeni pensiya sistemi fəaliyyətə başladığı vaxtdan 2013-cü ilədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği 5,2 dəfə, eyni zamanda əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği isə 3,7 dəfə artıb. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Bir sözlə istər dünyada, istərsə də ölkəmizdə bununla bağlı bir çox sənədlər qəbul olunub. Bu proses hazırda da davam etdirilir.

Stalinin bir ifadəsini çox bəyənirəm: “Sağlam olan bir insan əsla əlil (qüsurlu) insanları anlamaz. Nə qədər onu başa düşməyə çalışsa da, bacara bilməz. Çünki o sağlam biridir, hisləri tam fərqlidir”. Həqiqətən də bu belədir. Bizlər onları anlaya bilmərik, onların dünyasına girə bilmərik, hislərini duyğularını sezə bilmərik. Buna görə də hər birimiz əlil kəslərə dəyər verməli, onlara həssaslıqla yanaşmalıyıq.

Əlil insanların da təbəqələri var. Kimisi vətən uğrunda döyüşlərdə əlil olublar, kimisi müxtəlif qəzalar nəticəsində və bununla da görünür ki, əlillərin daxili yaraları (mənəvi hisləri) da fərqlidir. Kimisi qürurla yaşayır, kimisi isə qüsurunu qəbul etməyərək, dirənməyərək. Psixoloqların rəyinə görə müharibələrdə əlil olan insanlar daha az heyfislənirlər. Qəza nəticəsində əlil olanlar bunu daha ağır yaşayırlar və heç cür qəbul edə bilmirlər.

Əlil insanlara mənəvi və maddi kömək etmək, onları tez-tez sevindirmək, onların yaşama səbəbləri olmaq hər birimizin borcudur. Allah hər birimizə sağlam bir ömür sağlam bir düşüncə versin ki, əlillərə, qüsurlulara yardım edə bilək. Sonda isə fikrimi yenə də Mətanət Qüdsinin fikirləri ilə tamamlamaq istəyirəm: “Görəsən kimdir əlil? Mənmi, yoxsa mənim kimi hələ də bu işlərdən baş açmayan bənna “dayımı”?  Əli-ayağı, sağlamlıq imkanları yerində olan, lakin şikayət monoloqu quran, ona verilən ayaqlarla intihara qaçan, incə barmaqları şiddətə qıcıyan, haramı qanına bulayan, ruhunu şikəst qoyan insanlarmı? Düşünən beyinlərinin olduğunu unudub,sürünənlərmi?”.

Aytən NAZİMQIZI

 

 

Şərh Yaz