Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası onların bütün sahələrdə inkişafına təsir göstərir » Hərbiand

Son Dəqiqə:

Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası onların bütün sahələrdə inkişafına təsir göstərir

Cəmiyyətdə ən çox problemlərlə qarşılaşan insanlar fiziki məhdudiyyətli insanlardır. Belə insanlar çox zaman uşaq yaşlarından cəmiyyətdən təcrid olunurlar. Buna səbəb isə ya onların ailələri olur, ya da cəmiyyətin onları qəbul etməməsi. Amma onları cəmiyyətdən uzaqlaşdırmaq düzgün çıxış yolu deyil. Biz belə insanları cəmiyyətdən uzaqlaşdırmamalıyıq. Əksinə, biz onların inkişaf etmələri üçün məktəb və bağçalara getmələrinə şərait yaratmalıyıq, onların müəyyən biliyə, savada malik olmaları üçün əlimizdən gəldiyi qədər onlara dəstək durmalıyıq. Bu həftə “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində fiziki məhdudiyyətli insanların psixologiyası və onların cəmiyyətə inteqrasiyası haqqında bu həftə hüquq psixoloqu Əsmər Əliyeva bizimlə həmsöhbət olacaq və bu mövzu ilə bağlı öz fikirlərini oxucularımızla bölüşəcək.

  • Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya və adaptasiya olunmasında nə kimi çətinliklər özünü göstərə bilər?
  • Fiziki məhdudiyyətli insanların öz dünyası var. Daha dəqiq desək, onların öz dünya qavrayışı var və hər kəs kimi onlar da cəmiyyətdə yerlərini tutmalıdır. Ancaq təəssüf ki, çox vaxt onların cəmiyyətdə nəinki öz yerlərini tutmaq, hətta sosial qruplara qoşulmaq imkanları da məhdudlaşır. Bu səbəbdən onların cəmiyyətə inteqrasiyasında və adaptasiyasında çətinliklər baş qaldırır. Fiziki məhdudiyyətli insanlar başqaları ilə bərabər iş imkanlarına sahib olmurlar. Nəqliyyatdan istifadə edə bimirlər. Onlar bir çox imkanlardan məhrum olmaqla yanaşı, hətta bəzən cəmiyyətdəki insanların onlara qarşı mənfi münasibətləri ilə də üzləşirlər. Cinayətkarların qurbanına da asanlıqla çevrilirlər. Belə insanlar adi məktəblərə və ali təhsil müəssisələrinə gedə bilmirlər. Bacarıqlarını ictimaiyyət arasında reallaşdıra bilmirlər. Amma onların arasında da kifayət qədər savadlı, bacarıqlı insanlar olur. Hətta bəzən onlarda olan bacarıq, qabiliyyət fiziki məhdudiyyətləri olmayan insanlarda belə olmur.
  • Bəs bütün bu çətinlikləri aradan qaldırmaq üçün nə tövsiyə edərsiniz?
  • İcma həyatına inteqrasiya sağlamlığı məhdud şəxslərin tipik iştirak prosesi, sosial münasibətlər, təhsil, istirahət, icma fəaliyyətlərin təşkili yaşıdları ilə münasibətlərdə öz əksini tapır. Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası və adaptasiyası onların bütün sahələrdə inkişafına təsir göstərir. Məhz bu cür fərdlərdə özünüdərketmə imkanlarını artırmaq, onları bacarıqlarına inandırmaqla adaptasiyadakı çətinlikləri aradan qaldırmaq olar. Mən tövsiyə edərdim ki, fiziki məhdudiyyətli insanların ailə üzvləri onlara daima dəstək olsunlar, onları cəmiyyətdən kənarlaşdırmasınlar. Fiziki məhdudiyyətli insanlar nə qədər çox cəmiyyətlə iç-içə olsa, bir o qədər çox adaptasiya ola bilərlər. Onların ailələri ilə əlaqə saxlamaq, onları bu mövzuda maariffləndirməklə də fiziki məhdudiyyətli insanların sosial aləmə adaptasiyanı, cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq mümkündür. Belə insanlara dəstək durmaq və dayaq olmaq bizim hər birimizin insanlıq borcudur. Biz hamımız çalışmalıyıq ki, onlar özlərini cəmiyyətdən ayrı hiss etməsinlər.
  • Sizin fikrinizcə, fiziki məhdudiyyətli insanlarla hansı psixoloji işlər aparılmalıdır?
  • Təəssüf ki, cəmiyyətimizdə qəribə bir fikir formalaşıb. Bəzi insanlar fiziki sağlamlığı məhdud olan insanları çox zaman xəstə kimi qəbul edir. Təbii olaraq bu da onların özləri haqda sosial normalara uyğun gəlmədiklərini düşünməsinə gətirib çıxarır. Bu, çox yanlış düşüncə tərzidir və mən insanlara bildirmək istəyirəm ki, onlar da hər kəs kimi cəmiyyətin bir üzvüdür, onlar da şəxsiyyətdir. Onlara bu cür fikirlərlə yanaşmaq heç də düzgün deyil. Əksinə bu, onları daha da bataqlığa sürükləyə bilər və onların özləri haqqında mənfi düşünməsinə, özlərinə qapanmasına səbəb ola bilər. Biz tam əksini etməliyik, yəni fiziki sağlamlığı məhdud olan insanlarla daha çox ünsiyyətdə olmalı, onların ruh düşkünlüyünü aradan qaldırmalıyıq. Bundan əlavə, həmçinin psixoloqların da vaxtaşırı onlarla məşğul olmasını təmin etmək lazımdır. Bu onlarda özünə inamın artmasına kömək edə bilər və ünsiyyət qabiliyyətlərinin daha uğurla mənimsənilməsi üçün faydalı olar. Bunun üçün müəyyən etkinliklər təşkil etmək olar. Psixoloqlar vaxtaşırı öz zamanlarını məhz fiziki məhdudiyyətli insanlara ayıra, onlara dəstək ola bilərlər. Bu, yalnız bir dəfə deyil, mütəmadi olaraq həyata keçirilsə, onlar üçün mənəvi cəhətdən çox böyük dəstək olar və onlar daha tez və rahat şəkildə cəmiyyətə adaptasiya ola bilərlər.
  • Sağlamlıq imkanları məhdud insanlarda hansı psixoloji problemlər özünü göstərə bilər?
  • Belə insanlar, adətən, özlərini gərəksiz, lazımsız bilib suisid hallarına yol verə bilərlər. Özünə qapanma, başqaları ilə qarşılıqlı münasibətlərin qurulmasında yaranan çətinliklər. Bir işi bacardıqları halda, inamsızlıq və özgüvənin aşağı olmasından yaranan psixoloji problemlə əlaqədar işi yerinə yetirməmək və ya başa çatdırmamaq kimi hallar fiziki məhdudiyyətli insanlarda tez-tez özünü göstərə bilər. Bu kimi halların olmaması, azalması üçün və ya belə halların qarşısının alınması üçün yuxarıda qeyd etdiyim kimi onların vaxtaşırı olaraq psixoloq qəbuluna düşmələri lazımdır və yalnız belə olduqda onlar özlərini tək-tənha, lazımsız, gərəksiz hiss etməzlər. Psixoloqla söhbət onlar üçün daha təsirli və faydalı olar.
  • Bəs sizcə, fiziki məhdudiyyətli insanların özlərini tənha hiss etməməsi üçün cəmiyyətdə hansı tədbirlər görülməlidir?
  • Fiziki məhdudiyyətli insanlar cəmiyyətdən təcrid olunduqlarını düşünərək tənhalıq problemini yaşayırlar. Bu insanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu vurğulamaq, onların əhəmiyyətini dərk etdirmək lazımdır. Bununla bağlı cəmiyyətin həyatının müxtəlif sahələrində psixoprofilaktik tədbirlər və maarifləndirmə işləri görülməlidir. Ona görə də hazırda bu sahədə psixoprofilaktika, psixoloji xidmət işinin mühüm sahəsi kimi çıxış edir. Bu istiqamətdə maarifləndirmə işlərini çoxaltmaqda fayda var.
  • Onlara necə yanaşmaq lazımdır?
  • Fiziki məhdudiyyətli insanlara əlil kimi yanaşaraq cəmiyyətdən təcrid etməməli, onlara şəxsiyyət kimi yanaşaraq sosial aləmə daxil etmək üçün əlimizdən gələni etmək lazımdır. Onların öz ailələrində yaşamaq, yaşıdları ilə birlikdə təhsil almaq, hüquqlarını təmin etmək zəruri şərtlərdir. İnsanlar onlarla öz aralarında çəkdiyi “divarı” uçurmalı, üstəlik, öz ətraflarına həmfikir toplamalıdırlar. Fiziki sağlamlığı məhdud olan insanların yük olmadığını və başqalarının öhdəliyində yaşamadıqlarını göstərmək lazımdır. ən əsası ruhi sağlamlıqlarını zədələməmək vacibdir. Onları cəmiyyətdən təcrid edərək ruhi sağlamlıqlarını da zədələmiş olarıq.
  • Azərbaycanda bu istiqamətdə nə kimi addımlar atılıb?
  • Bu gün fiziki qüsurlu insanlara diqqət, bu sahədə fəaliyyətlərin genişlənməsi gücləndirilməsi vacib məsələdir. İnklüziv təhsilin ümumtəhsil sistemə daxil olması fiziki məhdud insanların cəmiyyətlə əlaqəsində zəmin rolunu oynadı. Azərbaycan dövlətinin “Əlil insanların hüquqlarına dair”  Beynəlxalq Konvensiyaya qoşulmasından sonra bu məsələlər daha da aktuallaşdı. Bundan da vacibi odur ki, Azərbaycan sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasını milli siyasətin prioritetlərindən biri kimi bəyan edib.  Burada Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun rolunu xüsusi olaraq qeyd etmək lazımdır. ACİ-YF İctimai Səhiyyə Proqramı uzun illər boyu icma nəzdində realibitasiya mərkəzlərnin fəaliyyətini maliyyələşdirmə yolu ilə xüsusi uşaqların inteqrasiyasına kömək edən, müxtəlif ekspertlərlə əməkdaşlığa, təcrübə mübadiləsinə və mərkəzin nümayəndələri üçün xaricdə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində çıxış edib. Ümumiyyətlə, bu istiqamətdə kifayət qədər addımlar atılıb və hələ də davam edir. Amma unutmaq olmaz ki, belə insanlara dəstək olmaq, onlara diqqət, qayğı, nəvaziş göstərmək yalnız dövlətin borcu deyil. Bu, hər birimizin insanlıq vəzifəsidir.
  • Zaman ayırdığınız üçün təşəkkür edirəm.
  • Siz sağ olun.

Aytən NAZİMQIZI

Şərh Yaz