QƏTİ QƏLƏBƏ HƏSRƏTİNDƏYİK » Hərbiand

Son Dəqiqə:

QƏTİ QƏLƏBƏ HƏSRƏTİNDƏYİK

İbrahim Məsimoğlu: “Aprel zəfəri sübut etdi ki, dilənçilik yolu ilə öz arsenalını ala-yarımçıq yaradan Ermənistan Ordusu öz dədə-baba yurdu naminə şirin canından keçməyə daim hazır olan Azərbaycan əsgəri üçün çox kiçik və fərsiz bir qüvvədir.”

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi dövrümüzün çox mühüm elementlərindən biridir. Milli mənlik şüuru millətə, xalqa aid xüsusiyyətləri hansısa bir fərdin özündə cəmləşdirməsidir. Odur ki, gənclər arasında bu xüsusiyyətlərin formalaşdırılması nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Nəticədə isə, vətənpərvər olan hər bir gənc doğulduğu torpağa bağlı olmağı özünə mənəvi borc hesab edir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə hərbi yazıçı-jurnalist İbrahim Məsimoğlu fikirlərini bizimlə bölüşəcək.

  • Oxucularımız üçün şəxsi həyatınız barədə geniş məlumata ehtiyac duyuruq.
  • Dünyaya gəlişim Gəncə şəhərində 1960-cı il fevral ayının 25-dən başlayır. Az vaxt deyil. Hazırda ömrümün 59-cu payızını qarşılamaqdayam. Amma daxilən həmişə bahar nəfəsli, yaz niyyətliyəm. Nə qədər çətin günlərdən, ağır sınaqlardan keçsəm də, keşməkeşli həyatımdan gileyli deyiləm. Daim xoş ümidlərlə yaşamağı üstün tuturam. Hikmətli misraları ilə sevilən şairimiz Səməd Vurğun demişkən, “həyat dediyimiz o gözəl məna, tale dediyimiz müqəddəs dünya insanın arzularından, hər təmiz vicdanın ilk baharından yaranır”. Doğrudan da, ilk baharımın bəhrələri həyatımda elə möhkəm təməl qoyub ki, yaş üstünə yaş gəldikcə zamanın hökmü ilə çiynimə qoyulan ağır yükləri çəkə bilmiş və həmişə qalibiyyət yolunda inamla irəliləmişəm. Uğurlarımın başlıca səbəbi ondan ibarətdir ki, zəhmətkeş bir ailədə doğulmuşam. Atam dəmiryolçu, anam isə adi əmək adamı olub. Ailəmizin sonbeşiyi sayılıram. Beş qardaş və üç bacıdan ibarət olan ailəmizin yarısı qloballaşan murdar erməni bəlası üzündən didərgin həyat yaşayıb. Belə ki, onların dördü uludan ulu sayılan Qərbi Azərbaycan torpağında dünyaya göz açıb. Biz əslən Zəngibasar diyarındanıq. 1948-ci ildən etibarən dədə-baba yurdumuzdan – Uluxanlıdan deportasiya olunaraq bir müddət Şirvanda yeraltı qazma şəraitində yaşadıqdan sonra atamın əmioğlularının himayəsi altında Gəncəyə gəlmişik. Mən Gəncə şəhər Şıxəli Qurbanov adına 37 saylı orta məktəbin məzunuyam. Uşaqlığımı və gəncliyimi bu tarixi gözəl şəhərdə – dahi Nizami yurdunda keçirmişəm. Ümumən desək, uşaqlıq aləmi maraq dolu xüsusi bir aləmdir. Həyat haqqında ilkin təsəvvürlər yaranan zaman həm ailənin, həm də səni əhatə edən ictimai mühitin özəl təsiri mövcuddur. Həyati qəribəliklərə, gözəl mənzərələrə dair meyarlar, hətta bəzən vaxt ölçüləri hər uşağın qavrayış dərəcəsinə görə müxtəlif olur. Yaşadığım mədəni və müasir Gəncə mühiti mənəvi sərvətlərin dərk edilməsində, ümumiyyətlə, hərtərəfli inkişaf prosesində məni çox qabağa çəkib. Hər dəfə Gəncəyə gedəndə sanki yenidən doğuluram. Yaxşı xatırlayıram ki, 1-ci sinfə getdiyim vaxtlardan başlayaraq bilik cığırında bir qədər yol gedər-getməz məndə jurnalist sənətinə böyük maraq və həvəs yaranıb. Bu arzuya yetişmək üçün bütün varlığımla çalışaraq məktəbin əlaçı şagirdi olmuşam. Etiraf etməliyik ki, o zamankı dövrlə indiki zaman arasında kəskin fərq görünür. İndi gənclərin əksəriyyəti hətta orta məktəbi başa vurduğu halda hələ hansı sənətə sahib olacağı barədə qəti fikir söyləyə bilmir. Bəzən elə gənclərə rast gəlirsən ki, bir neçə sənətin dalınca getmək fikrindədir.  Qərəz,  ilk yazım 14 yaşımda “Kirovabad kommunisti” (indiki “Gəncənin səsi”) qəzetində dərc olunub. Ali məktəbə qəbul imtahanlarına qədər bu doğma qəzetin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişəm, müxtəlif janrlarda 214 yaradıcılq məhsulum çap edilib. İlk sınaqda istənilən nəticəni əldə edə bilmədim. İmtahanlardan topladığım bal keçərli olsa da, müsabiqədə stajlı abituriyentlər üstünlük qazandılar. Heç bir halda ruhdan düşmədim. Qaynar həyatda daha fəal mövqe tutmağa can atdım. Müsabiqənin nəticələri ürəkaçan olmasa da, mənə çox dəyərli bir ömür – əsgərlik şansı bəxş etdi. Sovet ordu sisteminin bəzi müsbət cəhətləri yenicə alışan yaradıcılığımın fərəh doğuran səhifələrini açdı. Polşa Xalq Respublikasında Sovet Qoşunlarının Şimali Qoşun Qrupu daxilində öz müqəddəs hərbi borcumu ödəməklə yanaşı, “Znamya pobeda” qəzetində əsgər həyatı ilə bağlı yazılarla çıxış etdim. Söz yox ki, bu qısa ikiillik tarix gələcəkdə öz müstəqil məmləkətimizin doğma ordusunda hərbi jurnalist fəaliyyətim üçün bir mayak rolunu oynadı.

Heç yadımdan çıxmır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul zamanı yazılı müsabiqədə “Nə üçün jurnalist olmaq istəyirsən?” mövzusunda hazırladığım sərbəst yazını çox səmimi bir etirafla tamamlamışdım. Yazmışdım ki, “jurnalist olmaq geniş ensiklopedik bilik, analitik təfəkkür, yüksək bacarıq, bütün elmlərə və peşələrə lazımi qədər bələdlilik tələb edir. Qəbul imtahanları ilə bağlı zəruri tələbləri ödəmək məndən ötrü çətin sayılmır. Lakin bu yaşa qədər şəxsi həyatım axarında sənətkar qardaşlarımın dəstəyi ilə bir neçə inşaat peşəsinin sirlərinə bələd olsam da, hələ bilmədiyim sahələr, mənə qaranlıq gələn elmlər də var və bu səbəbə görə özümü jurnalist olmağa tam hazır hesab etmirəm”. Müsabiqədə mənim yazımı qiymətləndirmək vəzifəsi ulu tanrıdan ruhuna daim rəhmət dilədiyim böyük ədəbi tənqidçi və mahir pedaqoq Qulu Xəlilova həvalə edilmişdi. Həmkarlarıma yaxşı bəllidir. Qulu müəllim zarafatı çox sevirdi. O, sərbəst yazını oxuduqdan sonra ciddi bir görkəm alaraq dedi ki, “ əgər özünü jurnalist olmağa tam hazır hesab etmirsənsə, nə üçün qəbula gəlmisən?”. Sözün düzü, mən bu an çox mütəəssir oldum və müəllimə irad tutmağı özümə ar bilərək susdum. Amma Qulu müəllim qəlbimdən keçənləri tez oxudu. Dedi ki, “ay oğul, narahat olma, mən zarafat edirəm, əslində bu haqlı etirafına görə sənə sorğu-sualsız “məqbul” yazıram. Heç vaxt ruhdan düşmə, sənətə sevgin varsa, jurnalist şəxsiyyətinin böyük ictimai məna kəsb etdiyini, yüksək nüfuz daşıdığını yazdığın qədər anlayırsansa, demək, ağır zəhmət hesabına olsa da, sən əsl jurnalist kimi yetişə bilərsən”. Qulu müəllimin daim ruhu şad olsun, onun dediyi kimi bütün arzularım öz vədəsində çiçək açdı.

Doğma ixtisasım üzrə ali təhsilimi uğurla başa vurduqdan sonra 1985-ci ilin avqust ayından etibarən verilmiş təyinata əsasən Oğuz rayon qəzetində peşəkar jurnalist fəaliyyətinə başlamışam. Doğma Azərbaycanımızın çox bərəkətli və füsunkar ocağı kimi sevilən bu rayon mənim şəxsi həyatımda daim yüksək hörmət və doğma hislərlə yaşanan bir məkandır. Burada müxbir kimi fəaliyyət göstərdiyim dörd il dörd ayın hər bir günü dəyərli ömrümün itirilməyən tarixinə daxildir. Bu qəzetdə mənim üçün yeni olan kənd təsərrüfatı sahələri üzrə zəruri biliklərə yiyələnmə fürsəti üzümə yeni üfüqlər açıb və yaradıcılıq dairəmi xeyli genişləndirib. Daha sonra doğma şəhərə qayıdaraq “Gəncənin səsi” redaksiyasında irəliyə doğru addımlar atıb, yaradıcılıq imkanları baxımından kifayət qədər püxtələşmişəm. Müharibə həyatına daxil olmazdan əvvəl təxminən yarım il  “Millət” qəzetinin Gəncəbasar bölgə müxbiri işləmişəm.

–  Mənim fikrimcə, qarşınızda hərbi jurnalistikaya açılan cığır  yaradıcılığınızın dik cığırı hesab edilir…

  • Yox, mən belə düşünmürəm. Səngər həyatı mənim yaradıcılığıma güclü qürur hissi verib, çox cəsur və qəhrəman dostlar bəxş edib. Güman edirəm ki, dinc həyatda bu gözəl mənəvi sərvətləri ürək genişliyi qədər tapa bilməzdim. Səngər müqəddəs bir dünyadır. Onun bəzən isti, bəzən isə soyuq qucağında ya ölərək əbədi dirilik şansı qazanırsan, ya da ölümü öldürərək doğma xalqının canlı qürur rəmzinə çevrilirsən. Bu mənada yalnız vətənin müdafiəsi uğrunda iştirak etdiyim savaşın acılı-şirinli, həm də çox məşəqqətli güzəranı həyatımın dik cığırı hesab edilə bilər. Mən milli hərbi quruculuğumuzun əvvəlində döyüş təcrübəsinə görə üstün sayılan “N” saylı motoatıcı briqadada xidmət etmişəm. Bu üstünlüyün əsas səbəbi ondan ibarət idi ki, Milli Ordumuzun ilk əsgərləri say etibarı ilə bizim sıramızda çoxluq təşkil edirdi. Onlar neçə-neçə ağır döyüşlərdən çıxaraq lazımi təcrübə toplamışdılar. Ordumuzun ilk təməl daşını qoyan cəsur və yüksək  döyüşkən ruhlu bir briqadanın zabiti olmağımla çox şərəf duyuram. Mən erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda bir zabit kimi üzərimə düşən vəzifəni, qəfil verilən əmr və tapşırıqları can-başla yerinə yetirməklə yanaşı ordumuzun uğurlu döyüşlərini isti-isti qələmə almışam, əzəli torpaqlarımıza haramlıq qatmış xain düşmənə tutarlı döyüş dərsi, hücum tənbehi, həmlə cəzası verən igid döyüşçü yoldaşlarımızın qəhrəmanlıq nümunələri barədə operativ repotajlar, publisistik məqalələr, zarisovkalar hazırlamışam. Yəni qəlbimin hökmü ilə apardığım səngər yaradıcılığı hərbi hissə komandanlığı tərəfindən mənə həvalə edilən işlərə daxil deyildi. Döyüşçü yoldaşlarımın mənəvi ehtiyacını və söz yox ki, öz ülvi ideallarımı nəzərə alaraq bu iftixarverici missiyanı yerinə yetirirdim. Həyəcanlı və müqəddəs duyğularla dolu səngər günlərimin tarixi “İlk briqadanın ibrətli döyüş dərsləri” adlı ikinci kitabımda əks olunur. Milli hərb tariximizə ibrətamiz səhifələr yazan “N” saylı hərbi hissənin döyüş yoluna həsr etdiyim bu kitab doğma yurdumuzu və ordumuzu qəlbən sevən hər bir azərbaycanlı üçün dəyərli məlumatlarla zəngindir. Bu mövzuda üçüncü kitabımı hazırlayıram.
  • Cənab polkovnik-leytenant, söhbətimizin bu məqamında bir müharibə veteranı, səngər jurnalisti kimi Azərbaycan əsgəri barədə şəxsi fikirlərinizi açıqlamaq yerinə düşər.
  • Öncə unudulmaz sənətkarımız Vaqif Səmədoğlunun Azərbaycan əsgəri ilə bağlı çox təsirli sözlərini xatırlatmaq istəyirəm. O, publisistik çıxışlarından birində qeyd etmişdi ki, “mən o günü çox gözləyirəm, o gün haqqında hətta yuxularımda düşünürəm. Arzulayıram, elə bir gün gəlsin ki, əsgər girən məclisdə Vaqif Səmədoğlu ayağa qalxsın”. Əlbəttə, bu fikirdə daha çox qalib əsgərə göstəriləcək ehtiram önə çəkilir. Ehtimal ki, dəyərli şairimiz nəticəsiz sülh danışıqları ilə uzanan Dağlıq Qarabağ problemindən dərdli-dərdli danışan zaman belə qənaətə gəlib və söz yox ki, biz tezliklə onun ruhunu həmişəlik şad edəcəyik. Amma mən müharibənin canlı iştirakçısı kimi real faktlara, gerçək əməllərə istinadən onu deyə bilərəm ki, Azərbaycan əsgəri öz döyüş qüdrətinə görə həmişə hörmətə layiqdir. Çünki o, lap döyüş təminatı kəsirli olsa da, verilən əmr və tapşırıqları mərdanə yerinə yetirmək iqtidarındadır. Bu günkü ordumuzda əsgərimizin mövcud səngər güzəranı mən deyən həqiqətləri açıq-aydın əks etdirməkdədir. Azərbaycan əsgərinin döyüş qəhrəmanlığı, onun yüksək əxlaqi və mənəvi idealları, hərtərəfli hərbi tərbiyəsi, mənəvi inkişafı, əxlaqi döyüş mətinliyi mənə yaxşı bəllidir. Daim milli əsgər mənliyini qorumağa çalışmalıyıq. Unutmaq olmaz ki, Azərbaycan əsgəri millətimizin qəhrəmanlıq imzasıdır. Mən bütün əsgərlərimizi ruhən hərbçi sayıram. Bəlkə də, bu fikrim hərbçilik üzrə diletant şəxslər üçün qeyri-real səslənə bilər. Lakin mən savaş şahidliyimə güvənərək qətiyyətli söz deyirəm. Adi bir fakt. Hər kəsə yaxşı bəllidir ki, Dağlıq Qarabağ müharibəsinin əvvəllərində əsgərlərimiz ön xəttə təlim keçirilmədən gətirilirdi. Onlar küçələrdə tutulur və birbaşa səngərə salınırdı. Buna baxmayaraq Azərbaycan əsgəri cəmi-cümlətanı beş dəqiqə ərzində qumbaraatan silahın dilini elə öyrənirdi ki, düşmən tankları onun hədəfindən qaça bilmirdi. Bəzən minaatan silahla bağlı heç bir nəzəri və təcrübi bilgi əldə etmədən ilk atəşdən sonrakı mərmini düz erməni gavurunun təpəsinə salırdı. Gəlin, sevimli komandirimiz general-leytenant Yaşar Aydəmirovun hərbi əməliyyatlar zamanı tez-tez səsləndirdiyi bir fikrə istinad edək: “Azərbaycan əsgəri düşünəndə yaman olur”. Bu, danılmaz reallıqdır. Xidmət etdiyim motoatıcı briqadada döyüş komandirlərimizin əksəriyyəti bu və ya digər qəfil həmlə, yaxud kəşfiyyat əməliyyatı zamanı öz əsgərlərini dərindən düşünməyə təlqin edirdi. Belə məsul məqamlarda, həqiqətən, əsgər ağlı daha qiymətli nəticələr verir və komandir qələbəyə gedən yolun açarını asanlıqla tapırdı. Əməliyyat ərazisinə bələd olan əsgərlərimiz bəzən elə güclü taktiki biclik nümunələri irəli sürürdülər ki, komandir onların hərbi ağıl kəsərliliyi qarşısında mat qalırdı. Başqa sözlə desək, komandir öz əsgərinin qəlbini ələ almağı bacarmalı və onun hərbi ağıl çırağını yandırmağa daim cəhd göstərməlidir. Belə cəhdlər Azərbaycan Ordusunda həmişə səmərə verməkdədir.
  • 2016-cı ilin aprel zəfəri haqqında nə deyə bilərsiniz?
  • Təbii ki, aprel zəfəri qəhrəman döyüşçülərimizin erməni faşistləri üzərində çox parlaq qələbəsi kimi bizi hədsiz dərəcədə sevindirib. Bu zəfərin beynəlxalq tarixi əhəmiyyəti ondan ibarətdir ki, bizi istəməyən qüvvələrin dili kəsildi, düşmən öz səhvini dərindən-dərinə qanmağa başladı. Erməni xalqının içində hələ faşistləşməyən bir qisim qüvvələrin haqlı mövqeyi önə çıxarıldı və Ermənistanın quldur niyyətli siyasi hakimiyyətinin qarşısında işğalçı siyasətə son qoymaq tələbi qoyuldu. Aprel zəfəri sübut etdi ki, dilənçilik yolu ilə öz arsenalını ala-yarımçıq yaradan Ermənistan Ordusu öz dədə-baba yurdu naminə şirin canından keçməyə daim hazır olan Azərbaycan əsgəri üçün çox kiçik və fərsiz bir qüvvədir. Məni sevindirən hal bir də ondan ibarətdir ki, gözəgörünməz qüvvələr aprel zəfərimizə pəl qata bilmədilər. Bu gerçəklik onu təsdiqləyir ki, dövlətimiz bizim düşündüyümüzdən də çox güclənib. Demək, ordumuz zəfər çaldıqdan sonra rahat nəfəs ala bilir. Bu mühüm məsələ hərbçilərimizi həmişə narahat edib. Fikrimi bu axara ona görə salıram ki, biz – keçmiş döyüşçülər qazandığımız zəfərlərin çoxunu hansısa gözəgörünməz qüvvənin təsiri ucbatından itirdiyimizə görə çox acılar yaşamışıq. Məsələn, 1993-1994-cü illərdə ulu öndərimiz Heydər Əliyevin müdrik sərkərdəliyi sayəsində bizim motoatıcı briqadamız kəskin qış şəraitində 2-ci Kəlbəcər əməliyyatı zamanı 12 kəndimizi azad edib, çox strateji əhəmiyyət daşıyan Zod yolunu tutmuşdu. Qamışlı kəndinə qədər gedib çıxmışdıq. Qarı düşmən gecə-gündüz qan ağlayırdı. 22-25 yanvar 1994-cü il tarixlərində Ermənistanda 200-dən çox daşnak anası vay soraqlı Qamışlı məğlubiyyətindən qara geymişdi. Kəlbəcərin mərkəzinə çox az məsafə qalmışdı. Həqiqətən, böyük zəfər qazanmışdıq. Sərt dağ yollarında texnikanın hərəkətinə mane olan mənfur erməni daşnaklarının murdar meyitləri o qədər çox idi ki, onları yığıb-yığışdırmağa imkan tapa bilmirdik. Sıldırım qayalarla əhatə olunan Ömər aşırımı istiqamətində qumbaraatan taqımının komandiri “Azərbaycan bayrağı” ordenli zabitimiz Əbülfət Əliyevin nər igidləri düşmən piyadalarını bir gözqırpımı içində biçib-tökərək uğurlu hərbi əməliyyatımıza start vermişdilər. Təsəvvür edin, qar dizdən yuxarıdır, şaxta adamın kələyini kəsir, işğaldan azad olan dağ yolu çox sürüşkəndir. Bu çətinliklərə baxmayaraq ordumuz sürətlə irəliləyir və arxa təminat qüvvələri ön xəttimizi güllə ilə təmin etməyə lazımi imkan tapa bilmirlər. Bəs, nə etməli?! Qaçan düşməni öz murdar qanı içində necə boğmalı?! Gülləsi tükənən əsgərlərimiz bu məqamda düşməni iti qaya parçaları ilə daşlamağa başladılar. Qorxudan bağrı yarılan daşnaklar geri dönüb baxmağa da cəsarət etmir və yaralı yoldaşlarının harayına səs vermədən qaçırdılar. Nə isə… bu cür uğurlu döyüşlərimiz hərbi hissəmizin sol cinahında gedən briqadanın ləng fəaliyyəti ucbatından dayandı və daha sonra gözə görünməyən qüvvələr tərəfindən mühasirə xofu formalaşdırıldı. Əlbəttə, o dövrdə nədənsə düşmən kəşfiyyatının bəxti yaxşı gətirirdi. Son nəticədə qazandığımız böyük zəfərin üzərindən qara xətt çəkildi və mühasirədən çıxmaq əmri aldıq. Necə deyim, böyük hünər hesabına əldə etdiyimiz zəfəri itirdiyimizə görə oturub uşaq kimi hönkür-hönkür ağlayırdıq…
  • Dövlət müstəqilliyimizin ötən tarixi yaxşı şahiddir ki, ordumuzun indiki yüksək durumu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müharibə iştirakçısı kimi bu həqiqəti Siz daha yaxşı bilirsiniz.
  • Uca öndərimiz Heydər Əliyev həqiqətən ordumuzun qalibiyyət rəmzidir. Fenomenal Heydər Əliyev idarəçiliyinin bizə bəxş etdiyi ən böyük yadigar müstəqil Azərbaycan dövlətidirsə, bu yadigarın təməl daşı Azərbaycan Ordusudur. İldən-ilə püxtələşərək daha müasir silah və texnikalara sahib çıxmış indiki ordumuz müzəffər sərkərdəmizin gerçəkləşən heyrətamiz arzusu, qüdrətli bir əsəri sayılır. Hərbçilərimiz yaxşı xatırlayırlar. Heydər Əliyevə qədərki ordumuzda ordu deyilən bir məna tərsinə başa düşülürdü. Kiçik komandir özündən böyüyü saymırdı, böyük komandir də mənsub olduğu öz siyasi qüvvə rəhbərlərinin sözü ilə şəxsi mənafeyinə uyğun əməllər törədirdi. Ordu hərb meydanından çox siyasi meydana bənzəyirdi. Qəhrəman Azərbaycan əsgəri isə onların əlində oyuncağa çevrilmişdi. Həmin ürəküzən sarsıntılı anları az yaşamamışam. Ağlasığmaz özbaşınalıq faktları hərbi həyatımızda hərbçilik ovqatı qoymamışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı hər şeyi təzələdi, hər sahəni dirçəltdi. Bu minvalla Silahlı Qüvvələrimizin inkişafına güclü təkan verildi. Bu gün ordumuzda hərbi təhsilin inkişaf spektri o qədər zənginləşib, o dərəcədə təkmilləşib ki, irili-xırdalı keçmiş sovet dövlətlərinə nümunə çəkilməkdədir. Planauyğun təlim-tədris proqramını bacarıqla reallaşdıran ordumuzun sıralarında indi hansı ixtisas üzrə desən qabiliyyətli komandir, əsgər heyəti var. İnkişaf dayanmaq bilmir, hər gün, hər ay pillə-pillə yeni zirvələrə qalxır. Çünki sükan etibarlı əllərdədir. Dirçəliş dövründə bizə təşrif gətirmiş türk zabitləri söhbət zamanı təsadüfi olaraq demirdilər ki, Türkiyə 70 ildə ordu sahəsində nə qazanmışsa, nəyi inkişaf etdirmişsə, onun çox hissəsini Azərbaycan Ordusu Heydər dühası hesabına çox qısa zamanda – 10 ildə əldə edə bilib. Biz Heydər Əliyev zəkasına dayaqlanan ordumuza daim güvənir və qəti qələbə həsrətindəyik. Heydər Əliyev son nəfəsinədək çalışaraq düşmənlə qarşılaşdığımız siyasi döyüş meydanından Azərbaycanı qalib çıxartdı, işğalçı Ermənistanın xislətini gizlədən maskanı dünya ölkələri qarşısında çırıb dağıtdı. Öndərimizin son sözünü onun ərsəyə gətirdiyi Azərbaycan Ordusu əsl döyüş meydanında deyəcək.
  • Döyüşən orduda həqiqi hərbi xidmətiniz nə vaxt başa çatıb?

–    1994-cü ildə atəşkəs elan edildikdən bir qədər sonra döyüşlər zamanı ştatdankənar müxbirlik etdiyim “Azərbaycan Ordusu” qəzetinin Murovdağ döyüş bölgəsi üzrə müxbiri təyin edilmişəm. Sözün düzü, doğma döyüşçü yoldaşlarımdan ayrılmaq istəmirdim. Xidməti yerdəyişmə yalnız peşəkar jurnalist qabiliyyətim nəzərə alınaraq hərbi komandanlıq tərəfindən həyata keçirilmişdi. Hər halda üzərimə qoyulan vəzifəni yüksək səviyyədə həyata keçirmək, milli hərbi jurnalistika sahəsinə öz töhfələrimi vermək üçün əlimdən gələni əsirgəmədim. Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzetində müxtəlif vəzifələrdə xidmət göstərdikdən sonra 9 il “Hərbi bilik” və “Hərbi bülletenlər” jurnalları redaksiyasının baş redaktoru kimi məsul bir vəzifəni müvəffəqiyyətlə yerinə yetirmişəm. Mənim redaktorluğum əsasında  Azərbaycan hərbçilərinin bilik və zəka yaraşığı olan “Hərbi bilik” jurnalının 54 sayı işıq üzü görüb. Hərbi jurnalist fəhminə görə “Hərbi bilik” jurnalını adi jurnal saymaq olmaz. 1928-ci ildə general Ə. Şıxlinskinin təklifi ilə indiki adla çap edilən jurnalın söz arsenalında saxladığı hərbi elmi-nəzəri və publisistik yükün hikməti ölçüyəgəlməzdir. Zəngin hərb tariximizdə ilk hərbi söz möhürü kimi bu jurnal az iş görməyib. Onun səhifələrində hələ də tarixi generallarımız Cəmşid Naxçıvanskinin, Əliağa Şıxlınskinin və neçə-neçə dəyərli vətən oğullarımızın nəfəsi duyulmaqdadır.

–   Bayaq qeyd etdiyiniz üçüncü kitabınız nə vaxt işıq üzü görə bilər?

–   Təxminən 200-ə qədər səhifə hazır vəziyyətdədir. Bu kitabda daha çox analitik tərzdə açılan publisistik düşüncələrə üstünlük vermişəm. Əsas ideya xəttim həmişəki kimi vətənçilikdir…

      P.S. Müsahibəyə sözardı olaraq açıqlayırıq ki,  polkovnik-leytenant İbrahim Məsim oğlu  İsgəndərov 2013-cü il iyun ayının 16-dan etibarən ordu sıralarından ehtiyata buraxılıb. Hazırda Müdafiə Nazirliyində 1-ci dərəcəli dövlət qulluqçusu kimi fəaliyyət göstərməkdədir. İki zabit atasıdır. Bir oğlu hərbi təyyarəçidir. Bir oğlu isə Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət göstərir. Dörd nəvəsi var. Uğurlu xidmətinə görə bir sıra mükafatlar alıb. Dəyərli səngər yazılarına görə Azərbaycan Respublikası Mətbuat Fondunun “Dan ulduzu” ali mükafatına layiq görülüb. “İlk briqadanın ibrətli döyüş dərsləri” kitabına görə Azərbaycan Mətbuat Şurasının diplomu verilib. Dövri mətbuatda tanınmış qələm sahibi və cəsarətli jurnalist olduğuna, həmçinin vətən yolunda Qarabağ veteranı adını şərəflə daşıdığına görə “Qafqaz – Media” İctimai Birliyinin təsis etdiyi “Ustad jurnalist” və “Cəsur döyüşçü” diplomları ilə təltif edilib. Ölkədə hərbi vətənpərvərlik ideyalarının təbliğində fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “General Həzi Aslanov” və “General Səməd ağa Mehmandarov” medalları verilib. Ulu öndərimiz H.Əliyevə həsr edilmiş çoxseriyalı televiziya filminin yaradıcı heyətinin fəal üzvü kimi ona təşəkkür elan edilib.

                                                                                            Aytən NAZİMQIZI

 

Şərh Yaz