VƏTƏN SƏNDƏN, MƏNDƏN, BİZDƏN BAŞLANIR » Hərbiand

Son Dəqiqə:

VƏTƏN SƏNDƏN, MƏNDƏN, BİZDƏN BAŞLANIR

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır (Ümummilli Lider Heydər Əliyev)

Ümummilli Liderimizin də dediyi kimi, vətənpərvərlik, həqiqətən də, insanın daxili duyğuları, başqa sözlə desək, daxili zənginliyidir. Bu zənginliyin toxumları isə lap kiçik yaşlarımızdan başlayaraq daxilimizdə cücərir və boy atır. Zaman keçdikcə isə bu hislər, duyğular daha da böyüyür, ailəmizə, torpağımıza, vətənimizə bağlılıq hissimiz çoxalır. Bu bağlılıq milli əxlaqımızı və dünyagörüşümüzü formalaşdıran, milli və mənəvi dəyərlərimizə sahiblik etmək və onu qorumaq haqqını verən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissdir. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Bu, hər kəsin müqəddəs borcudur. Vətənpərvərlik dövlət strukturundan asılı olan məfhum deyil, amma insanı öz dövləti və bu dövlətin milli ideologiyasını özündə əks etdirən dövlətçilik ənənələri ilə sıx bağlayır. Bəlkə də, elə buna görədir ki, vətənpərvərlik ideyası bir xalqın müstəqilliyinin əsas sütunlarından sayılır. Bəs ümumilikdə götürsək, vətənpərvərlik hislərini və milli mənlik şüurunu necə təbliğ edə bilərik? Bu hisləri gənc nəslə necə ötürə bilərik? “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Ulu öndər Heydər Əliyev öz çıxışlarında, həmçinin nəzərə çatdırırdı ki, vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. Göründüyü kimi, Ulu Öndər daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasını vacib şərt sayıb.

Vətənpərvərlik anlayışı tarixin müəyyən dönəmlərində müxtəlif mənalarda işlədilib və bunun mənası dövrün şərtlərindən, coğrafiyasından çox asılıdır. Vətənpərvərlik və azərbaycançılıq ideologiyasında azərbaycanlıların milli mədəniyyət, milli mənlik şüuru, milli təfəkkürü və xarakterinin mental xüsusiyyətləri öz əksini tapır. Vətənçilik hissi, vətənçilik əxlaqi vətənpərvərlik mənəvi-əxlaqi fenomen kimi vətəndə – azərbaycanlıların məskunlaşdığı müqəddəs məkanda yaranır və inkişaf edir. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Xalqın hər bir nümayəndəsi Vətənpərvər olmağı bacarmalıdır.

Azərbaycan xalqı da gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisərini daha da artırır.

Xalqımızın nümayəndələri, vətənpərvər oğullarımız daima bu hisləri yaşatmalıdır ki, Vətən də yaşasın. Vətənpərvərlik – insanın özü üçün deyil, eli üçün yaşamasıdır, bu gün üçün deyil, gələcək üçün yaratmasıdır, “Mən üçün” deyil “Bizlər üçün”, “Xalqım üçün” düşünməsidir. Vətənpərvərlik anlayışına bir çox aspektlərdən baxmaq olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməsi də vətənpərvərlikdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman vətənini sevə bilməzsən. Bəzən yanlış olaraq vətənpərvərliyi hərbi-vətənpərvərlik amili ilə də qarışdırırıq. Ancaq unuduruq ki, vətənpərvərlik kompleks tərbiyə sistemidir. Ən adi bir işi ləyaqətlə görməklə yaxşı bir vətənpərvərlik nümunəsi ortaya qoya bilərik.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hislərinin tərbiyəsi istiqamətində respublikamızın hər yerində lazımi işlər aparılır. Uşaqlarla vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan hərbi idman oyunlarının keçirilməsi də təqdirəlayiqdir. Məktəbli uşaqların əsgər forması geyinərək yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı işlərin forma və üsullarının müxtəlif və rəngarəng olması da əhəmiyyətli rol oynayır. Bundan başqa, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyaların təşkil olunması, Qarabağ müharibəsinin veteranları və milli ordunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməsi gənclərin yaddaşında dərin iz buraxır. Hərbi-vətənpərvərlik mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, şəkilli albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və s. tədbirlər vətənpərvərlik tərbiyəsində ən təsirli formalardır. Bunlar həyata keçirilən zaman hər bir gənc vətən qarşısında öz məsuliyyətini başa düşür, vətəni qorumağa, onu sevməyə bütün varlığı ilə hazır olur.

Digər tərəfdən, vətənpərvərlik amilində milli dəyərlər sisteminin qorunması əsas rol oynayır. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır. Yuxarıda qeyd etdiyimix kimi, sevindirici haldır ki, bu yöndə orta və ali məktəblərdə böyük işlər görülür. Orta məktəblərdə hərbi-idman oyunlarının keçirilməsi gəncləri həm Vətənin müdafiəsinə hazırlayır, həm də onlarda milli ruhu qaldırır. Orada tələb olunan bütün fiziki və əqli hərəkətlər, çeviklik, cəldlik iştirakçılara müsbət təsir göstərir. Bu cür bu oyunların nəticəsi çox gözəl olur. Məktəblərdə hərbi-vətənpərvərlik şüurunun formalaşması üçün həmin məktəbin məzunları ilə, hərbi xidmətini başa vurub qayıtmış, hərbi xidmətdə fərqlənmiş gənclərlə mütəmadi olaraq görüşlərin keçirilməsi də bu yöndə daha bir uğurlu addım hesab olunur. Ekspertlər hesab edirlər ki, orduda xidmət edən zabitlərin vaxtaşırı məktəblərə çağırılaraq gənclərlə görüşünün təşkil olunması bu sahədə müsbət nəticələrin alınmasına çox müsbət təsir edir.

Yekun olaraq isə qeyd etmək yerinə düşər ki, istənilən halda vətəndaşlığı olan hər kəs Azərbaycanın dövlət maraqlarının müdafiə olunması və işğal altında olan torpaqlarımızın azad olunması naminə səylərini birləşdirməlidirlər. Belə olan təqdirdə, regionda və dünyada baş verən siyasi və dini zəmində baş verən qarşıdurmalardan zərərsiz çıxmaq mümkün olacaq. Hər bir vətəndaş Azərbaycanın gələcəyi üçün ayıq olmalıdır. Bu, hər şeydən əvvəl hər bir azərbaycanlının vətəndaşlıq vəzifəsidir.

Aytən NAZİMQIZI

Şərh Yaz