Heydər Əliyev: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir” » Hərbiand

Son Dəqiqə:

Heydər Əliyev: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir”

Bir dövlətin, bir millətin gələcəyini bilmək və görmək üçün onun gənclərinə baxmaq kifayətdir. Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlindən gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdırlar. Ona görə də gənclərimiz mükəmməl təhsilə yiyələnməli, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Eyni zamanda, lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir. Əlbəttə ki, cəmiyyətdə bu işi öz üzərinə alan ən mühüm qurum ailədir. Çünki cəmiyyətin ən mühüm hissəsi olan ailədə hansı dəyərlər aşılanarsa, gənclər də bu dəyərlər toplusu içində öz şəxsiyyətlərini formalaşdırar, fikir və düşüncələrini ortaya qoyar, ailədə görüb özlərinə nümunə götürdükləri dəyərlər sistemi içərisində ətrafında olanlara qarşı münasibət bildirərlər. Ailələrdən ibarət olan cəmiyyətin özü və cəmiyyətdə gedən prosseslər də gənclərin həyatına böyük təsir göstərir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Gəncin dünyaya baxışı, şəxsiyyəti onun yaşadığı cəmiyyətdə formalaşır. Gənc bu cəmiyyətdə pisi yaxşıdan seçir, müsbəti-mənfidən, pozitivi-neqativdən ayırır, özünə gələcək, karyera və həyat qurmaq istəyir. Ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Həmin vaxta qədər Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti də hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. Bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt bu sahənin inkişafı üçün yeni imkanlar yaradır.

Heydər Əliyevin gənclərimizlə bağlı dediyi bu dəyərli fikirlər, zənnimcə, hər bir gəncə örnək olmalıdır: “Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir. Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!.. Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir! Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır. Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır. Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Dövlətin gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını reallaşdırması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının  təmin  edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.

Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Qürur hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,  bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.

Yaradıcı gənclər formalaşdırmaq üçün öncə öz milli dəyərlərimizə sahib çıxmağı bacarmalıyıq. Dəyərlərlə böyüyən, dəyərlərlə nəfəs alan, dəyərləri özünə rəhbər tutan, dəyərləri yaşayan və yaşatmaq arzusunda olan gənc yaradıcı nəslin yetişməsi, bütün cəmiyyətin üzərinə düşən prioritet məsələdir. Buna görə də biz bu gün həm ailədə və həm də cəmiyyətdə, təlim, tərbiyə və təhsil ocaqlarında, iş yerində, ətrafımızda gənc nəsli necə tərbiyə ediriksə, onlara necə nümunə oluruqsa, gənclərə alternativ düşüncə, nümunəvi şəxsiyyətlərin həyat və yaradıcılğını hansı istiqamətdə göstəririksə, gəncliyimiz də bizə və cəmiyyətə o şəkildə münasibət bildirir, fikir irəli sürür və formalaşır.

Bu gün gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.

Aytən NAZİMQIZI

 

Şərh Yaz