“Vətən daşı olmayandan, olmaz vətəndaşı” » Hərbiand

Son Dəqiqə:

“Vətən daşı olmayandan, olmaz vətəndaşı”

Özünü vətəndaş zənn edən bir kəs

Vətənin dərdinə yad qala bilməz! (Nikolay Alekseyeviç Nekrasov:Rus şairi)

Müasir Azərbaycan gənclərinin intelektual səviyyəsi geniş olduğundan onlarda formalaşan vətən sevgisi, vətənpərvərlik anlayışı da böyük mənanı kəsb edir. Nəzərə almaq lazımdır ki, vətənpərvərlik anlayışı bir sıra dəyərlərə söykənir. Gənclər üçün vətənpərvərlik anlayışı təkcə elinə-obasına, torpağa, Vətənə bağlılıqla məhdudlaşmır, müasir gəncliyin timsalında vətənpərvərlik hislərini özündə təcəssüm etdirən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Xüsusən, müstəqillik əldə etdikdən sonra Azərbaycanda yetişən gənc nəsil öz bilik və bacarığı ilə fərqlənməlidir, elə fərqlənir də. Bunun üzərinə sağlam ruh və intelekti də əlavə etsək, Vətəni qorumağa qadir nəslin formalaşdığı qənaətinə gələ bilərik. Bütün bu sadalananlar isə, heç şübhəsiz ki, gənclərin milli adət-ənənəyə sadiq, vətənpərvər ruhda böyüməsinə zəmin yaradır.

Özünü vətənpərvər hesab edən hər bir insanın qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Hər bir kəs bu dünyaya göz açdığı andan etibarən necə ki, ilk olaraq anasını görürsə, ona bağlanırsa və sevirsə, eləcə də zaman keçdikcə də ilk qədəmlərini doğulduğu vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman ürəyində dərindən hiss edir, duyur. Bu sevgi isə zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir, vətəndən uzaqda olanda özünü yad kimi, qərib kimi əksik hiss edir. Atalarımızın gözəl məsəli burda yerinə düşər: “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”. Vətəninə, torpağına bağlı olan insan başqa ölkədə özünü hər zaman yad hiss edəcək və o əksiklik daima hiss olunacaq.

Vətənini sevən, özünü əsl vətəndaş hesab edən hər bir insan hansı əxlaqi keyfiyyətlərə malik olmalı olduğunu bilməlidir. Bu əxlaqi keyfiyyətlər isə həyatda yaşa dolduqca qazanılır. Doğrudur, Vətən sevgisi insanın ürəyinə hakim kəsilən, özündən asılı olmadan yaranan hisdir. Lakin onun bünövrəsi və formalaşması, təbii ki, ailədə qoyulur. Uşaq ailədən cəmiyyətə gəlincə müəyyən mərhələlərdən keçir. Ailədən bağçaya, bağçadan məktəbə, məktəbdən cəmiyyətə – müstəqil həyata qədəm qoyur. Elə hər şey də buradan başlayır. Əgər bu gün uşaq ailədə ata-ananı sevməyi, böyüklərə və kiçiklərə hörmət etməyi bacarırsa, sabah vətənini də sevməyi bacaracaq. Burada isə yükü təkcə valideynlərin öhdəsinə yıxmaq doğru deyil. Biz ümumilikdə cəmiyyət olaraq insani keyfiyyətləri, vətənpərvərlik hislərini uşaqlarımıza, gənclərimizə düzgün aşılamalıyıq və bu bünövrəni möhkəm qoymalıyıq ki, düz istiqamətdə formalaşa bilsin.

Gənclərimizin fədakarlığında qandan gələn milli-irsi qan yaddaşının rolu nə qədərdirsə, dövlətimizin apardığı milli-vətənpərvərlik tərbiyəsinin və gənclərə qayğı siyasətinin rolu da o qədərdir. Bu gün Azərbaycan gənci özünü qürurla “Mən Azərbaycanlıyam” deyə xarakterizə edir. Çünki, onun arxasında güclü Azərbaycan dövləti durur. Dövlət öz şəhidlərinin xatirəsini əbədiləşdirir, onların ailəsini hər cür qayğı ilə əhatə olunur. Gənclərin vətənpərvərlik şüurunun formalaşması daim dövlətlərin diqqət mərkəzində olub. Ancaq siyasi baxımdan geniş təfəkkürə malik liderlər gənclərin vətənpərvərlik ruhunun formalaşmasının vacibliyini dərk edərək öz ideyaları ilə bunu bir az da qabağa apara biliblər. Ümumillli lider Heydər Əliyev də bu məsələni fəaliyyətinin əsas istiqamətlərinin biri kimi qəbul edərək ölkədə vətənpərvər gənclərin yetişməsinə stimul yaradıb. Heydər Əliyevin milli şüurun formalaşdırılmasını özünün ideoloji fəaliyyətinin başlıca istiqaməti sayırdı.

Ümumiyyətlə, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün illər ərzində gənclərin vətənpərvərlik tərbiyəsinə böyük önəm verib. Hazırda da bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Xüsusən də müstəqil Azərbaycan üçün bu olduqca vacib əhəmiyyət kəsb edir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hislərinin aşılanmasından ibarətdir. Çünki milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Vətəni sevməklə biz onun üçün canımızı və qanımızı fəda etməyə hazır olmalıyıq.

Əsl vətəndaş, təkcə o demək deyil ki, əlinə silah alıb səngərdə vuruşasan. Əsl vətəndaş vətənini sevməyi bacarmalıdır. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks halda bu sevgi kamil sayılmır. Hər bir vətəndaş mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Mənsub olduğu xalqın dilini, dinini, dövlət rəmzlərini, vətəninin ərazi bütövlüyünü göz bəbəyi kimi qorumalıdır. Hüquqlarını bilib, qanunlara əməl etməlidir. Dövlətin atributlarını bilməli, dövlət qanunlarına hörmətlə yanaşmalı, vətənin sərvətini göz bəbəyi kimi qorumağı bacarmalıdır. Ən əsası odur ki, həyatda yerini düzgün tutmalıdır. Vətən bizim ən müqəddəs yerimizdir. Bütün mənliyimizi ana vətənimizə – Azərbaycanımıza borcluyuq. Hər bir vətəndaş yurduna sadiq və layiq vətəndaş olmalıdır və bunun üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır. Bu, tarixən belə olub, indi də belədir. Vətənpərvərlik hissinin yüksəlməsi üçün isə ilk növbədə gənclərin milli-mənlik şüurunun formalaşması vacib şərtlərdəndir. Əsl vətənpərvər o adama demək olar ki, o, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır.

Azərbaycanda gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsində milli dəyərlərin qorunması əsas götürülür. Mütəxəssislərin fikrincə, gənclərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün təhsil müəssisələrində gənclərin iştirakı ilə tez-tez vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəyə istiqamətlənmiş müxtəlif tədbirlər keçirilməli, təhsil müəssisələri vətənpərvərliyi təbliğ edən vasitələr və metodoloji vəsaitlərlə təchiz edilməlidir. Hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin təbliği lazımi istiqamətdə aparılır. Tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində aparılan işlərdən biri də məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlıdır. Sevindirici haldır ki, Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması gözlənilən nəticəni verir. Cəmiyyətdə xüsusi yeri olan gənclərin mənəvi və əxlaqi tərbiyəsində sürətli inkişaf müşahidə olunur. Nəticədə, əsasən ənənələrə əsaslanan Azərbaycan gəncliyində millətə və dövlətə olan bağlılığın möhkəmlənməsi müşahidə edilir. Qeyd edək ki, vətənpərvərlik hislərinin təbliğində ailə dəyərlərinin qorunmasının da mühüm rol oynadığı sübuta yetirilib. Mütəxəssislər hesab edirlər ki, ailə və cəmiyyət mənəvi-əxlaqi tərbiyənin formalaşdığı sosial məkandır.

Təcrübə göstərir ki, hər bir fərdin, o cümlədən gənclərin vətəni uca tutması böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu halda “vətən” anlayışı təkcə insanların yaşadığı coğrafi ərazi ilə ölçülməməlidir. Bu, bütövlükdə cəmiyyətə və dövlətə qarşı emosional-psixoloji münasibətlə də müşayət olunmalıdır. Belə bir deyim var: “Torpaq, uğrunda ölən varsa, vətəndir”. Bu sözlərdən aydın görünür ki, vətən sadəcə coğrafi bir ərazi kimi nəzərdə tutulmur. İnsanların ona qarşı xüsusi münasibətinin formalaşdığı zaman “vətən” sözü müqəddəs bir anlayışa çevrilir. Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra “vətən” anlayışı özünəməxsus bir məfhuma çevrildi. Xalqımız milli ideyaları daha yüksəkdə tutaraq, doğma el-obasına, yurduna daha çox sadiqlik nümayiş etdirdi.

Əsl vətənpərvər o adama demək olar ki, o, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətəni sevən, vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, qədirbiliən xalqımızın qəlbində əbədi yaşayırlar.

Aytən NAZİMQIZI

Şərh Yaz