Milli mənlik şüuru uzun tarixi inkişaf prosesinin məhsuludur » Hərbiand

Son Dəqiqə:

Milli mənlik şüuru uzun tarixi inkişaf prosesinin məhsuludur

Vaqif Arzumanlı: “Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın”

Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan bir çox məsələlər var ki, onların bu işdə birbaşa iştirakı olur. Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün görülən işlər, təbliğat hər gün davam etdirilməlidir. Gənclərin vətənpərvər kimi yetişməsində isə bütün komponentlər iştirak etməlidir. Yəni, əgər biz vətənpərvər, millətsevər bir gənc yetişdirmək istəyiriksə, bu bir istiqamət üzrə olmamalıdır, burada bütün toplum iştirak etməlidir. Vətənpərvərlik tərbiyəsində ailə tərbiyəsinin, təlim-tədris mühitinin, mütaliə edilən kitabların, izlənən filmlərin, vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin yeri əvəzsizdir.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Milli mənlik şüuru nədir və necə formalaşır? – Milli mənlik şüuru milli varlığı səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. İnsan dünyaya gəldiyi zaman öncə mənlik şüuru formalaşır. Daha sonra milli mənlik şüuru öz təzahürünü tapır və bu prosesdə dünyaya göz açan körpənin həyatında, ətrafında olan hər kəs böyük rol oynayır. Yəni milli şüurun daşıyıcıları təkcə elm adamları deyil. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır.

İnsanın öz “mən”ini kəşf etməsi şəxsiyyətin uzun­müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz “mən”ini  kəşf etməsi   sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir.

Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir.

Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır.

Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir. Milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir.

Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır.

Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir.

Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.

Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə – ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hislərdən uzaq olurlar.

Ümummilli lider Heydər Əliyevin “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini dahi uzaqgörənliklə söylənilmiş dəyərli fikirlər kimi qəbul edirik. Zəmanəmizin böyük siyasi və dövlət xadimi, filosof və mütəfəkkiri olan Heydər Əliyevin irəli sürdüyü və inkişaf etdiridiyi azərbaycanşılıq ideologiyası milli müstəqillik dövründə yaranmış ideoloji boşluğu nəinki bərpa etmiş, həm də milli dövlətçiliyin etibarlı təməli olmaqla dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm təminat yaradıb.

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bu haqda Vaqif Arzumanlının fikirlərinə nəzər salaq: “Gənclik həyatın elə bir mərhələsidir ki, irəlidə böyük həyat təcrübəsinə malik olmaq lazımdır. Qarşıda uzun bir həyat yolu, müxtəlif yönümlü peşələr seçmək lazımdır. Hər bir gəncin milli mənlik şüuru inkişaf etməsə, bu sahədə bir sıra çətinliklər ortaya çıxa bilər. Hansısı sahənin mütəxəssisi olub-olmamaqdan asılı olmayaraq, gəncin formalaşmağında milli mənlik şüuru əsas rol oynamırsa, o, yaxşı mütəxəssis ola bilməz. Çünki milli mənlik şüuru olmayan gəncin inkişaf perspektivləri də məhdud olur. Milli mənlik şüuru deyəndə gərək gənc istənilən fəaliyyətə başladığı dövrdən hiss etməlidir ki, bu ölkə, torpaq, idarə, təşkilat, işlədiyi müəssisə onundur… Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın. Bunda bir kütləvilik olmalı və buna görə fəaliyyət planı ortaya qoyulmalıdır. O zaman daha uğurlu nəticə əldə olunacaq. Ona görə də məsələyə kompleks yanaşma olmalıdır”.

Aytən NAZİMQIZI

Şərh Yaz