Vətənpərvərlik hislərinin tərbiyəsi və milli mənlik şüurunun formalaşmasında tədris müəssisələrinin birbaşa rolu və fəaliyyəti » Hərbiand

Son Dəqiqə:

Vətənpərvərlik hislərinin tərbiyəsi və milli mənlik şüurunun formalaşmasında tədris müəssisələrinin birbaşa rolu və fəaliyyəti

“Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür.

   İlham Əliyev

Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqədardır. Q.Əliyevə görə vətənpərvərlik bir-biri ilə vəhdətdə olan üç komponentdən ibarətdir: Vətənpərvər münasibət, vətənpərvərlik şüuru və vətənpərvərlik fəaliyyəti. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir. Vətənpərvərlik şüuru vətənpərvərlik obyekti ilə vətənpərvərin qarşılıqlı təsirinin bütün növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun daxili determinantıdır. Vətənpərvərlik fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan və görünən tərəfləridir”.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Gənclərin milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi müstəqil dövlət quruculuğu yolunu seçən ölkəmizin ən önəmli istiqamətlərindəndir. Elm və təhsil, idman, iqtisadi, siyasi, mədəni və s. sahələrdə gənclərin uğur qazanması, qloballaşan dünyanın tələblərinə cavab verən gəncliyin yetişdirilməsi həmçinin ölkəmizin tanıdılması istiqamətində atılan mühüm addımlardandır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər bu istiqamətdə Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Bu mənada müstəqil dövlət quruculuğu yolunda artıq inkişaf xətti tutan ölkəmizin gənclərinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür.

Vətənpərvərliyin mahiyyətindən danışarkən vurğulamaq lazımdır ki, Ulu Öndərin vətənpərvərlik təlimi bu baxımdan çox mühüm dəyərə malikdir. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirib və hər zaman çıxışlarında vətənpərvərliyin mahiyyəti, prinsipləri barədə qiymətli fikirlər söyləyib, eyni zamanda bütün fəaliyyəti boyunca bu təlimin hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirib. Vətənpərvərliyin mahiyyətindən danışarkən Ümummilli Lider bunun mənəviyyatla bilavasitə bağlılığını vurğulayaraq qeyd edirdi: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

Gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz, təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Ailə faktorundan əvvəlki yazılarda kifayət qədər söhbət açıb, nümunələr göstərmişik. İndi isə milli mənlik şüurunun və vətənpərvərlik hislərinin formalaşmasında tədris müəssisələrinin, xüsusilə də müəllimlərin rolundan danışaq. Bu istiqamətdə müəllimlərin rolu nədən ibarətdir? Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün imkanlar genişdir. Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi  hazırlıq fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli-mənlik şüurunu formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir.

Şagirdlərin məktəblərdə keçirilən hərbi vətənpərvərlik mövzulu dərslərdə çox fəal iştirak etmələri üçün həvəsləndirici tədbirlər görmək lazımdır. Onlara vaxtaşırı düşmən işğalında olan torpaqlarımız, ordumuzun qüdrəti, qaçqın və məcburi köçkünlərimiz, Qarabağın tarixi və s. haqqında məlumatlar verilməlidir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edərək  ölkənin müdafiəsinə hazırlamaq müəllimlərin də həm vətəndaş, həm də pedaqoq kimi borcudur. Hər bir dərsin əvvəlində şagirdlərə işğal altında olan torpaqlarımız haqqında məlumatları xatırlatmaq onlar üçün çox faydalı olar. Onlarda bu mövzulara maraq oyanar, həm də bu məsələnin önəminin fərqinə varıb yaddaşlarına həkk edərlər.

Gənc nəslin vətənpərvərlik hissinin tərbiyəsi və milli-mənlik şüurunun formalaşmasının təkcə məktəbin vəzifəsi olmadığını deyənlər də çoxdur. Belə ki, uşaq ailədə böyüyür, evdə tərbiyə alır. Bu fikirlə də razılaşmaq lazımdır. Ona görə də ailə və tədris müəssisələrin birlikdə fəaliyyəti uşağın tərbiyəsində mühüm rol oynamalıdır. Uşağın tərbiyəsi təkcə məktəbdən tələb olunmamalıdır. Çünki uşaq ailədə böyüyür. Ailənin qoyduğu təməllər üzərində müəllimlər müəyyən amillərin inkişafını davam etdirir.

Təəssüf ki, bir çox ailələrdə valideynlərin məlumatsızlığı, bəzən isə biganəliyi və ya iş şəraitlərinin ağırlığı onların övladlarına çox vaxt ayıra bilmələrinə mane olur. Digər tərəfdən, humanitar fənlərin mövqeyini, bu sahəyə daha yaxın olması ilə bağlı məsuliyyəti ön planda görürəm. Həmçinin müəllim faktoru da əsasdır. Məgər digər fənləri tədris edənlər Azərbaycanın müəllimləri deyillərmi? Şagirdlərin vətənpərvər ruhda tərbiyəsi təkcə tarix və ya ədəbiyyat müəlliminin üzərinə düşən məsuliyyət deyil. Yalnız bir-iki fənnin tədrisi ilə insanları vətənpərvər kimi tərbiyə etmək olmur. Vətənpərvərlik tərbiyəsi hər bir fənnin məzmununa daxil olmalıdır. Uşaqlar tarixlərini bilməlidirlər. Onlar vətənin tarixini öyrənməli, muzeyləri gəzməli, tarixi abidələri görməlidirlər. Uşaq bütün bunları öz gözləri ilə görərsə, Vətənin hər daşı, hər qarış torpağı ilə fəxr edəcək.

Bu baxımdan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 1-ci müavini, general-mayor Zaur Abdullayevin fikirləri təqdirəlayiqdir: “Bu günün məktəblisi, gənci sabahın əsgəri, zabitidir. Bu gün onlar vətənpərvər böyüyürlərsə, demək, Vətənimizin taleyi etibarlı əllərdədir”. Həqiqətən də, belədir. Heç kim bu məsuliyyətdən boyun qaçırmamalıdır və hər kəs başa düşməlidir ki, övladlarımızın vətənpərvərlik tərbiyəsində bir vətəndaş kimi hamımız iştirak etməliyik və bu ən əsası bizim vətəndaşlıq borcumuzdur. Çünki uşaqlar bizim gələcəyimizdir. Onlar nə qədər ki, vətənpərvər və millətsevər kimi yetişirlər, xalqımız da, vətənimiz də əmin əllərdə olacaq.

Xatırladaq ki, Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Ona görə də gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək üçün hər bir müəllimin, tərbiyəçinin şəxsi nümunəsi vacib şərtdir.

Aytən NAZİMQIZI

Şərh Yaz