İstiqlal şarindən xatirələr… » Hərbiand

Son Dəqiqə:

İstiqlal şarindən xatirələr…

Xelil-Rza-Uluturk-shairİstiqlal şarindən xatirələr…

Firəngiz xanımla görüşümüz Prezident yanında Bilik fondunun “Fikir şənbəsi”günündə baş tutdu. Jurnalist marağı üstələyəndə bir görüşü iki etmək, hətta əlavə görüş və müsahibələrə də yol açmaq çətin olmur. Ümumiyyətlə, Xəlil Rza Ulutürk deyəndə adamın gözündə əzəmətli səsi ilə vətən sevgisi qarışan ruhun birləşməsi canlanır. Azadlıq aşiqi, Azərbaycan sevdalısı bu böyük şəxsiyyətin ömür-gün yoldaşı Firəngiz xanım da elə Ulutürkün özü qədər əzəmətli şəxsiyyətdir. Bakının məhşur ailələrindən olan, əsilli-nəsilli Aşurbekovlar nəslindəndir Firəngiz xanım.

“Xəlil bütov azərbaycanlı idi, onun ürəyi də, nəbzi də bu xalqla döyünürdü. Başına nə gəlirdi gəlsin, o öz yolundan dönmürdü”

Bu sözləri deyən Firəngiz xanım, özü də az dəstək olmayıb şairə. Firəngiz xanımın elə ilk cümlələrindən anladım ki, çox əzəmətli bir qadındır. Olduqca ziyalı, nə etdiyini və nə etməli olduğunu yaxşı bilən bu qadın mənim gözümdə Janna Darkdan heç bir fərqi olmayan bir şəxsiyyət kimi canlandı. Şərt o deyil ki, silaha sarılıb savaşasan. İnsan, hələ qadın istəsə sözü ilə də, elmi, savadı, dünya görüşü, xanımlığı, böyük şəxsiyyətin qadını kimi də döyüşə bilirmiş.

“Ağacın budağlarını qırmaqla onu dirçəltmək olmaz, gərək ağacı baltayla çapasan, amma bütün o müsibətlərin hamısını bizim ailəmiz çəkdi”

Xəlil Rza Ulutürkün yaradıcılığından söz açdı. Düzü bu cümləni niyə işlətdiyini tam anlamadım, amma ixtisara da salmaq istəmədim. Hər halda, söhbət yaradıcılıqdan düşdüsə, demək, dahi şairin yaşadığı illər ərzində aldığı zərbələri və bu zərbələrdən məhv olmadığını, əksinə, yaradıcılığında yaşıllaşaraq daha da qol-qanad açdığını demək istədi.

“Xəlil Rzanın yaradıcılığından danışanda üç dövrü nəzərə almaq lazımdır. Xəlilin yaradıcılığı  40- 50-ci illərdə başlayıb və ilk yazdığı şeirlər də təbiət haqqında olub”

Yazla qışın bu dünyada,
Milyon illik savaşı var.
Elə mənim başımda da,
Belə sevda havası var.

Şeirin özündə təbiətdə gedən mübarizənin təzəhürü var. 60-cı illərdə onun ən mükəmməl şeiri, cəmiyyətin əhval-ruhiyyəsini ifadə edən “Afrikanın səsi”  sonralar adını “Şairin səsi” etdikləri şeir idi. Həmin illərdə şeir sonradan müstəqilliyə qədəmlərimiz yaxınlaşdıqca qazandığı əsil adını daşıya bilməzdi, çünki Xəlili yenidən həbs edə bilərdilər. Ona görə də şeirdə Afrika xalqlarının azadlıq uğrunda mübarizəsindən söhbət gedirdi.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm
SƏMA kimi,
GÜNƏŞ kim,
CAHAN kimi!

Çəkil, çəkil, ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!

“Dedilər Xəlil Rza oturub Azərbaycanda Afrikanın azadlığı üçün vuruşur”

Arif insanlar tədricən anladılar ki, bu elə bizim özümüzə aid şeirdir və o vaxtdan, elə bu şeirə görə də təqiblər başlandı. Böyük şairimiz Bəxtiyar Vahabzadə car çəkib dedi ki, Xəlil Rzanın bu şeiri respublikamızın himn, azadlıq səsidir. Çox böyük qiymət verdi, dəyərləndirdi. Hərçənd “həm aşağıdan, həm yuxarıdan” təzyiqlər davam elədi. Bütün bunlara baxmayaraq, Xəlil dedi: “mən bu yoldan dönməyəcəm, davam edəcəm. Bu vətən, bu xalq mənimdir. Mən bu yurdun havasını udur, suyunu içirəm. Bu torpaqda gəzirəm və nəsillərimiz bu torpaqda yaşayıb, mən də bu torpaq üçün vuruşmalıyam”. Sonra bu kimi başqa şeirlər yarandı və o şeirlərə görə də problemlər yaşadıq.

“Səni tutacaqlar, səndən sonra da məni. Deyəcəklər həyat yoldaşın siyasətlə məşğul olur”

Yaradıcılığının 2-ci dövrü, 60-cı illərdən sonraya təsadüf edən meydan hərakatı zamanına düşdü. 3-cü mərhələsi isə gəldi Lefortovoya.

Meydan hərakatı dövründə Xəlil gecə 5-dən tez evə gəlmirdi. Küçələrdə alaçıq qururdular, orda yeyirdi, gecə yarıya qədər orda qalırdı.Yadımdadır, bir dəfə getdim axtarmağa ki, görüm hardadır. Bütün bunlara baxmayaraq, daxilimdə bir səs vardı, Xəlili dəstəkləyirdim. Deyirdim ki, bəs bu millət uğrunda kim savaşsın? Sən oğlunu, mən həyat yoldaşımı, o qardaşını qoymasın, bəs kim etsin mübarizəni? Zahirən Xəlilin qarşısını almaq istəyirdim, çünki işimi itirmək istəmirdim, məni institutdan qova bilərdilər, amma daxilən ona haqq qazandırırdım.

“Evdə iki uşaq var, səndən sonra onları dolandırmaq lazımdır”

Deyirdi fal açırsan, məni niyə həbs eləsinlər, topum, tüfəngim var? İkinci, meydan dövründən sonra, şükürlər olsun ki, bayram gününü qazandıq, amma Xəlil o günləri görmədi, onu həbs eləmişdilər. Sonra dövlət tərəfindən ona xalq şairi adı verildi. Ulu öndərimiz Heydər Əliyev özü ordeni mənə təqdim elədi və mən onun yadına 1986-cı ildəki söhbəti saldım. Onda ulu öndərimiz Moskvada büro üzvlərindən biri idi. Xəlillə İzmaylovskidə oteldə qalırdıq. Ulu öndərimizlə telefon əlaqəsi saxladıq, Xəlilə dedi ki, sən millətçi yox, xalq şairisən, millətini sevən şairsən. Get Azərbaycana, disertasiyanı müdafiə elə və mən sənə burdan əməkdar incəsənət xadimi adını da verirəm.

Vətəni axtarma sən yalnız xəritələrdə,
Axtar öz könlündəki cəsarətdə, hünərdə!
Soruş, cavab verim mən,
Hardan başlanır Vətən?
Vicdanın öz səsindən,
Zülmətdə bir cüt gözün ildırım qüvvəsindən!
Min haqsıza baş əyməz bir haqlının əzmindən!
Nə meyxanə bucağı, nə mey tasıdır Vətən.

 

“1992-cı ildə oğlumuz Təbriz vətən uğrunda şəhid oldu”

 

Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.
Gözlərimdə ildırımdır damla-damla axan qan yaş.
Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.
Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.
Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

Varım-yoxum, cismim-canım Təbrizimi itirmişəm.
Bağ-bağçamı, gülşənimi, nərgizimi itirmişəm.
Yetim qalan bir dalğayam, dənizimi itirmişəm,
Dürdanəmi, yeganəmi, əzizimi itirmişəm.
İtirmişəm başım üstə kəhkəşanı, çilçırağı
Qaytar mənim çırağımı, Odər yurdu , Od torpağı!

“Heç vaxt Xəlilin yanında ağlamadım, nə də onun özünü ağlayan görmədim”

Firəngiz xanım kimi ilahi bir ananın südü ilə böyüyən, Xəlil Rza kimi cəngavər bir kişinin qanını damarlarında gəzdirən Təbriz Xəlilbəyli 1992-cı ildə, 27 yaşında torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Yadımdadı, yazıçı Əzizə Cəfərzadə necə dərin kədərlə mənə dedi: “ Xəlil necə dözəcək, düşünə bilmirəm…”

Xəlilə görə analığımı, hönkürtümü içimdə boğaraq özümü tox tutmağa çalışdım. Xəlil isə Təbrizin dəfni günü daha bir böyüklük göstərdi: “Gözün aydın, Firəngiz, oğlun Azərbaycan uğrunda şəhid olub!” – dedi. Bu sözlər hamını kədər qarışıq heyrət içində qoymuşdu.

“Canım eyAzadlıq! Can Firəngizim!”

Kədərli məqamlardan bir az uzaqlaşmaq istədim,  Xəlil Rza Ulutürklə necə tanış olmusuz? – deyəndə, Firəngiz xanım söhbətə şeirlə başladı.

Haqqın daş məhbəsi sökən gücü var,
Ahımdan əriyir beton divarlar.
Sən şair qadını, çələngin – vüqar
Bükmə qanadını, aya, Marsa var,
Yoxdu qeyrətinə son, Firəngizim!

Ayağım qandallı, içərim azad,
Yetim bir dürrəm ki, sədəflə təzad,
Mənə bir kağız ver, bir qələm uzat
İldırım qələmi yon, Firəngizim!

Zülmət kamerada arslan bürcüyəm,
Göyün dayağıyam, yerin gücüyəm,
Yarsam bu zindanı, el sevinciyəm.
Dustaqlıq mann deyil, mann, Firəngizim!

Qorxma, mən sarsılmaz dağ qalasıyam,
Min-min ölüm gəlsə sağ qalasıyam.
Sabah azad olub hayqırasıyam:
Canım eyAzadlıq! Can Firəngizim!

“Adam gərək öz peşəsinə aşiq olsun”

Birinci dəfə anamın istəyi ilə, tibb institutuna daxil olmuşdum, amma qan görəndə qorxurdum. Altı ay sonra atama dedim ki, mən oxuya bilmirəm. Atam da dedi ki, oxuya bilmirsənsə, demək çıxmaq lazımdır, yoxsa camaatı öldürərsən. Yəni istəyin, həvəsin yoxdursa, səndən həkim olmaz. Sonra tarix fakültəsində təhsilimi davam etdirdim. Xəlil isə ədəbiyyat-jurnalistikada bacımla eyni kursda oxuyurdu. Mən 3-cü mərtəbədəydim, onlar 2-ci mərtəbədə. Mən saat 4-də gəlirdim dərsə, anam yemək büküb göndərirdi bacıma ki, işdən bir başa dərsə gəlir, yesin. Qapının arasından yeməyi bacıma verib qaça-qaça çıxırdım 3-cü mərtəbəyə. Onda Xəlilin birinci cümləsi bu oldu ki, “səni özüm alacam, amma bax bu pilləkanları qaçdığına görə. Sən hər işin öhdəsindən gələcəksən”. Öz-özümə dedim, bunun başı xarabdır. Xəlil kənddən gəlmişdi, mən də şəhər qızı, üstəlik Aşurbekovlar ailəsindən idim. Kasıbçılıq görməmişdim, nə də dünya malında gözüm yox idi. Xəlillə görüşüm bax belə başladı, hər dəfə mən yemək verib qaçdım, o da mənə baxdı. Sonra institutun həyətindəki ağacın altında məni gözləməyə davam etdi. Zamanla mənə yaxınlaşa bilmirdi, hər dəfə bir fəndlə qaçırdım, onun da əlacı kəsilib başladı sevgi məktubları yazmağa. Məktubları oxuya-oxuya anladım ki, inkişaf eləmiş insandır, mənə yaxınlaşmağı bacarırdı. Sonra ailə qurduq və heç vaxt məni incitmədi, ona hörmətim hədsiz idi. İndiyənə qədər də, mən onu xoş xatirələrlə anıram.

Firəngiz xanıma heyran qalmamaq mümkün deyil. Bu qədər əzmli, qeyrətli, elmli və ailəcanlı bir xanım məhz azərbaycanlı olduğu üçün məncə biz də şanslıyıq. Firəngiz xanımla söhbətdən doymaq olmur, çünki hər kəlməsinin başında Xəlil Rza yaradıcılığından bir nümunə var. Adam onunla ünsiyyətin hər dəqiqəsində nəsə bir dür, bir aləm qazanır. Çox ziyalı insanlarla həmsöhbət, yol-yoldaşı olmuşam, amma Firəngiz xanımdan aldığım emosiya məni Həcər, Nigar dövrünə apardı. Tam səmimi, bu qadının elminə, məntiqinə, əzminə və qadın gücünə heyran oldum.

(ardı var)

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz