İstiqlal şarindən xatirələr… II hissə » Hərbiand

Son Dəqiqə:

İstiqlal şarindən xatirələr… II hissə

Xelil-Rza-Uluturk-shair“Oğlum deyirdi  ata, mənim belə arvadım olsaydı bircə gündə saxlamazdım” 

Bütün günü kitablarla məşğul idim. Elmi komnizmdən, politologiyadan dərs deyirdim, ev işlərinə vaxtım qalmırdı. Yeməyi gecəyarısı bişirib qoyurdum ki, mən evdə olmayanda ac qalmasınlar. Oğlum narazılıq edirdi. Deyirdi ki, camaatın anası xörəyi isti-isti verir, biz də soyuducudan çıxarırıq, yeyə bilmirik. Xəlil də mənim tərəfimi saxlayırdı.

 

“Təkcə siz bizim balamız deyilsiz, onlar da bizim balamızdır. (Xəlil R.)”

“Ananın dərs dediyi o tələbələr hamısı bizim vətənimizin balasıdır, bizim balalarımızdır. Bəyəm pis iş görürük, qoy onlar da savadlı olsun”- deyirdi Xəlil. Uşaqlara qarşı da dözümsüz idi, pul istəyən kimi verirdi. Deyirdim, uşaqlara belə azadlıqla pul vermə, xarab edərsən onları. Tez mənimlə razılaşırdı, deyirdi: “bir az əvvəl deyərdin də”. Sonra isə: “ay Firəngiz, özüm kasıb böyümüşəm, istəyirəm uşaqlarım korluq görməsinlər”. Xəlil çox təvazökar idi, daxilində bircə damcı xılt yox idi. Hamının yaxşı olmasını, xoşbəxt yaşamasını istəyirdi. Ailəsinə qarşı da həssas idi. Heç deməzdin ki, kənddə böyüyüb, kənddə yaşayıb. Əslində o kənddən yox, kitabların içindən çıxıb gəlmişdi şəhərə. Dünyagörüşü olan, yaxşı inkişaf edən şəxs idi. Təbrizin şəhid olmasından söz düşəndə bircə bunu deyirdi: “uşaq mənim badıma getdi”. Xəlilə elə gəlirdi ki, onun bütün günü evdə söhbətləri, apardığı mübarizələr və s. Təbrizə təsir edib, ona görə müharibədə şəhid olub.

Tutaq ki, var istedadın,
İlhamın da,
Biliyin də…
Rədd ol! İtil gözlərimdən
Əgər yoxsaVətən eşqi
Sümüyündə, iliyində.

Xəlil bu cür adam idi. Elə bil tamamilə bu millət üçün, torpaq üçün yaranmışdı. Boş dayanmazdı. Sonradan onun əlyazmalarını topladıqca da bunun şahidi oldum. Xəlillə həbsxanada axırıncı dəfə görüşəndə, dedim ona ki, Xəlil, Bakıda Yazıçılar İttifaqında, “Azadlıq uğrunda komitə” təşkil olunub. İmzalardan ibarət qalın bir kitab hazırlanır. O, vaxtı da bir milyondan artıq imza toplanmışdı. Sonra da Anar müəllim Moskvaya getdi, prokuror Sukerovnan görüşməyə. Gündəliyində yazıb: “yeməyim kəmləşib, bizə gündə bir dəfə süd verirlər, o südü qurtum-qurtum içirəm ki, yazılarımı yaza bilim”. O aralarda müstəntiqi deyib ki, Xəlil bəy, Bakıdan Anar gəlib. Gündəliyinin davamında yazıb: “Anarın adını eşidəndə elə bildim Azərbaycan gəlib. Dizlərim əsirdi, aclıq yadımdan çıxdı. Görəndə də bilmədim ayağa duram, yoxsa oturam. Görüşdük, qucaqladı, öpdü məni”. O qədər çox istəyirdi Anarın xətrini, biləndə gəlib, dərdinə şərik çıxacağına əmin olub. Anar deyib ki, hazırlaş, dustaq paltarını soyun, öz paltarlarını geyin, camaat səni yaxşı vəziyyətdə görsün. Bütün şəhər sənin gəlişinə hazırlaşır, hər yerdə xalq şairi adını yazırlar. Bütün bunlara baxmayaraq, mən belə bilirəm ki, o yol şərəfli yol idi. Çətinlik çəksək də, o yolun içərisində böyük bir sevinc var, o sevinc bizim Azərbaycanımızdır. Şükürlər olsun ki, indi də Azərbaycan istər siyasətdə, istər iqtisadiyyatda, istərsə də mədəniyyətdə, bütün sahələrdə ölkəmiz iri addımlarla irəliləyir. Bu bizim gələcəyimizi bir daha nümayiş etdirir və mənfi tərəf yavaş-yavaş geri çəkilir.

Xəlil Rza haqqında çox danışa bilərəm. O, ər kimi çox yaxşı insan idi, vətəndaş kimi də xalqını, millətini sevirdi. Ata kimi isə, Xəlil çox hümanist idi. Amma çox hümanist olmağın da lazım olmadığını deyirdim ona. Deyirdim ki, Xəlil, biz hamımız uşaqlarımızı çox istəyirik. Deyirdi, sən nə danışırsan, o mənim arxamca gəlirdi. Deyirdi, ata, qoy sənə atılan güllə mənə dəysin. Elə hey deyirdi ki, o, mənim yolumu gedirdi. Deyirdim, düzdür, gedirdi, amma çox da tumarlama. Övlada istədiyi hər şeyi verməklə onu xoşbəxt edə bilmərsən. Övlada elm öyrətmək, lazımdır ki, cəmiyyətdə öz yerini bilsin, yararlı vətəndaş olsun.

“Bütün bunlar bizim ömrümüzdən gəlib keçib.”

Sakit, rahat vaxtlarımızda da bütün bunları Xəlillə müzakirə edir, danışırdıq. Təəssüf ki, Xəlil bunları tam görə bilmədi, ancaq 1995-ci ildə Xəlilə mükafat verildi, orden aldı, dəfələrlə haqqında verlişlər getdi, film çəkildi. İndi də demək olar ki, hər gün Xəlillə söhbət edirəm. İstər dərsdə, istər evdə, hər yerdə mənimlədir. Mən onu unutmadım, unutmaram da. Bəzən ali məktəblərə, müxtəlif görüşlərə çağırırlar məni. Çalışıram uşaqlara, insanlara Xəlil haqda bildiyim, düşündüyüm hər şeyi deyəm ki, unudulmasın. Bəzən mənə sual verirlər ki, Xəlil Rzanın həyat yoldaşı olduğunuza görə çox çətinliklər yaşamısız, onu seçdiyinizə, dözdüyünüzə peşiman deyilsiz? Mən əsla peşiman olmamışam, yenidən dünyaya gəlsəydim, yenə onu seçərdim. Bu gün də Xəlilin yolunu gedirəm. Vətən bizim övladımızdır, biz də həm övladlarımızı qorumalıyıq, həm də torpağımızı. Çünki övladlarımızı bu torpaqda yetişdirir, böyüdürük.

Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,
Miz üstündə yetim qalan bir qələmin,
varağın da yaddaşı var.

“Xəlili şair kimi də çox sevirdim, onu mütaliyə etməkdən doymurdum”

Xalqın daş məhbəsi, haqqın gücü var,
Başının üstündə aslan bürcü var.
Günəş bir şairin hansı suçu var?
Ahımdan partlasın beton difarlar.
Sən şair qadını, çələngin vüqar,
Bükmə qanadını, aya, marsa var,
Yoxdur qeyrətinə tay Firəngizim.

Mənim üçün yazdığı şeirlər də az deyil. Qısqanclığı da vardı, disertasiyamı müdafiə eləməyə qoymurdu ki, özüm apararam, özüm edərəm və s. İstəmirdi yad adamlarla gedib görüşüm, amma elə oldu ki, mən burdan gedib Moskvada Kruçkovla və başqa müstəntiqlərlə, məhkəmə işçiləriylə görüşdüm. Onun qoyduğu sərt qanunları, baryerləri mən aşıb keçdim. Neynəməliydim? Qardaşı, oğulu, heç kimi buraxmırdılar yanına, tək mübarizə aparırdım. Deyirdim Xəlil, müdafiə edəndə Marksa, Engelsə qüsur tuturdun ki, vaxt gələcək onlar haqda yazdıqlarını qalaqlayıb yandıracaqlar. Nizamidən, Füzulidən yaz deyirdin. İndi Marksa, Engelisə minnətdar ol ki, mən bu yolları onlardan öyrənmişəm. Əvvəldən ağlıma gəlirdi, bilirdim həbs edəcəklər Xəlili. Deyirdim, həbsxanaya keçən çörəyin altından bıçaqla eşib içini yoxlayacaqlar, mənim gətirdiyim çörəyin qıraqlarını yoxlayarsan. Tapşırırdım ki, hamının yanında tələsik çörəyi kəsmə, müstəqil olanda kəs yazılar cırılmasın. Bakıda baş verənləri qısa şəkildə siqaret kağızına yazıb isladırdım, çörəyin qırağını lap nazik kəsib yazını şpakilovka edirdim ora. Bananın içinə yazırdım: “Qorxma, burda hamı səninlədir, hər şeyi sənin xeyirinə həll edirik”. Axırda da yazırdım ki, qoymadın məni müdafiə eləməyə. Həyat özü bir məktəbdi, insanı öyrədir ki, hansı yol ilə qabağa getmək olar. Onun belə bir şeiri də var:

Harda pisləsələr Xəlil Rzanı,
Harda zayıllasa bir nakəs heykəl,
Sən bircə söz söylə, təmkinlə, möhkəm,
Söylə, Xəlil Rza Azərbaycandır.
Bütün uğurları, qüsurlarıyla,
Söylə, Xəlil Rza Azərbaycandır.
Bəlkə deyəcəklər səbri çatışmır,
Bir az dəli-dolu, beyni də qandır,
Söylə, Xəlil Rza Azərbaycandır.

O vaxtı Xəlil haqda “yuxarılara” məktublar yazılırdı, bu şeiri də onda göndərib mənə. Göndərib deyəndə ki, mən gedəndə kağızı büküb bəzi qabların arasında at, zir-zibilin, alma qabıqlarının içinə qatıb, üstünə də bir banan qoyub qapıda dayanana deyirdi ki, burda evi yoxdur, vağzalda qalır, bunu ona verin yesin. Beləcə, müxtəlif yollarla bir-birimizə xəbər ötürürdük. Allah o günləri birdə heç kimə qismət eləməsin. Azarbaycanımızı əbədi çil-çıraq eləsin, biz də həmişə sevinək. Azərbaycan xalqı çox gözəl xalqdır. Dövlətlər arasında demək olar ki, ən gözəlidir. Hindistan 300 il ingilislərin əsarətində olub, amma biz heç vaxt dözə bilmərik, biz belə xalq deyilik. Biz Azadlığımız uğrunda həmişə mübarizə aparmışıq, aparırıq və aparacağıq da.

“Marksın heykəli götürüləndə mən ağlamışdım”

Xəlil olmasaydı, yəqin ki, mən indi siyasətçi kimi tanınardım. Elmi kommunizmdən dərs deyən qadından başqa nə olacaqdı ki, hər halda siyasətçi. Marksı çox sevirdim, onun həyatından, yaradıcılığından gecə saatlarına kimi oxuyub əzbərləyirdim. O haqda 4-cü kurslara dərs deyirdim, gərək uşaqların üzünə baxıb mühazirə oxuyaydım, kitabın üzünə yox. Həm də bəzi müəllimlər gəlib dərsimdə otururdu. Elə vaxt olurdu ki, evdə yemək hazırlamırdım. Deyirdim əşşi, kalbasa, yumurta yeyərlər. Amma peşiman olmadım, öyrənmək, çox bilmək doğrudan da yaxşı şeydir. Sonradan Marksın nöqsanlarını tapdılar, hamının nöqsanı var, bizim də var. Həyat özü insanın daxilində o nöqsanları yaradır.

Beləcə, bu gün üçün də, sabah üçün də Azərbaycan xalqına Xəlilin müraciəti beləydi ki, vətəni sevən hər kəsin həmişə silahı əlində olmalıdır, düşmən çox hiyləgərdir.

Yalnız Ulu Türkə, Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan ürəklim, dönmə quzuya,
Qələbə ən böyük məramın olsun
Yalnız öz ruhuna inamın olsun !

Güllə tükənərsə, avtomatında,
Baxışın güllədir,əsirgəmə,vur.
Tankın büdrəyirsə əlin altında,
Tankdan, raketdən də güclü qardaşım,
Vur, fateh külünü göylərə sovur.
Baxışın güllədir, əsirgəmə,vur !

Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur.
Dön qaynar polada ilan ağzında,
Vur, ölən daşnakdır, adam deyil, vur !

Daşnak – planetə ən böyük yağı
Ayağı altında vulkan olmalı !
“Dənizdən dənizə…” deyən alçağı
Boğmağa ildırım, ümman olmalı.
Ayağı altında vulkan olmalı !

Çağırır Zəngəzur: – Zərbəni bərk vur !
Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
Laçınım, Şuşa adlı sonuz cahanım –
Natəmiz əllərdə qalan gül-qönçə…

Xəlil Rza özü 28 kitab çap etdirmişdi, ondan sora gündəliklərini oxuya-oxuya 50 kitab da mən çıxartdırmışam. Xəlil Türkiyədə xəstəxanada yatanda Süleyman Dəmrəldən icazə istəmişdilər, ondan sonra Xəlilin yanına getmişdim. Həkimlə və başqaları ilə danışmaq istəyirdim, amma alman dilini mükəmməl bilmədiyimə görə yanımda lüğət götürmüşdüm. Həkimə muraciət etmək istiyəndə kitabdan axtarıb tapıb, sonra sual verirdm. Bir yandan da əməliyyat gedirdi. Ayağından damarı çıxarıb ürəyinə salırdılar. Mən də çox qorxurdum. Həkim dedi ki, qorxmayın, bizim əlimizdən xeyli xəstə keçib. Bu zaman bir kişi gəldi, mən ona dedim ki, alman dilində yaxşı bilmirəm, siz tərcüməçi işləyəcəksiniz. Bax belə, çətin zamanlarımda özümü itirmirdim.

Firəngiz xanımla söhbətdən çox şey öyrəndim. Onun xatirələrindən məlum olur ki, insanların, sevənlərin, ailə olanların əslində ayrı dünyalara sahib olmaları önəmli deyil, əsas həqiqi sevginin var olmasıdır. Marksizmi dəstəkləyən Firəngiz Ulutürk və Füzulidən ayrılmayan Xəlil Rza Ulutürk. Elmdə başqa yerlərə vursalar da, həyatda, yaşamda və sevgidə eyni maraqlara sahib olmağı bacaran bu iki şəxsiyyət bir-birini anlayaraq, dəstəkləyərək nə qədər çətinliklərdən keçib. Firəngiz xanım yaşayır və Xəlil Rza da Firəngiz xanımın ruhunda hələ də sağdır. Hər sözünün başlanğıcı, sonluğu Xəlil Rza poeziyası olan Firəngiz xanım doğrudan da örnək Azərbaycan qadınlarındandır.

Ramilə QARDAŞXANQIZI.

Şərh Yaz