Milli qəhrəman Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolu gənc nəslə örnəkdir » Hərbiand

Son Dəqiqə:

Milli qəhrəman Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolu gənc nəslə örnəkdir

Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Veteran Tankçılar Birliyi və Dağ yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Herbi.and Azərtaca istinadən xəbər verir ki, tədbir iştirakçıları Beynəlxalq Muğam Mərkəzinin foyesində “Qarabağa qayıdış ümidi ilə” adlı rəsm sərgisi ilə tanış olublar.

Hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Albert kimi oğulların adının xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək onların qəhrəmanlıqlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını bildiriblər. Natiqlər İsrail və Azərbaycan xalqlarının tarixi dostluğundan danışaraq Qarabağ, Şuşa uğrunda şəhid olmuş Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu bildiriblər.

Sonra Milli qəhrəman A.Aqarunova həsr edilən sənədli film nümayiş olunub.

Xatirə tədbiri Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və Şuşa şəhər Mədəniyyət Mərkəzinin “Şuşanın dağları” ansamblının ifasında vətənpərvərlik mahnıları ilə sona çatıb.

Şərh Yaz