UŞAQLAR TƏRBİYƏNİN AYNASIDIR » Hərbiand

Son Dəqiqə:

UŞAQLAR TƏRBİYƏNİN AYNASIDIR

Əslində başlığı “sapı özümüzdən olan baltalar” qoymağı düşünürdüm, amma sonradan fərqinə vardım ki, bu çox sərt ittiham olar. “Sapı özümüzdən olan baltalar” haqqında kifayət qədər yazıların yazıldığını və dərc edildiyini nəzərə alsaq, mən o qədər də nəzərə çarpmayan – hər fürsətdə millətini əzməyə çalışan insanlar haqqında yazmaq istəyirəm.

Məncə, hər birimiz, gündəlik həyatımızda hər şeydən narazı və deyingən insanlarla çox rastlaşırıq. Əksəriyyəti isə əsassız şəkildə, sırf söz demək xətrinə və diqqət mərkəzində olmaq üçün nələrdənsə narazılıq edirlər. Əlbəttə ki, istisnalar qaydaları pozmur, narazılıq edən və fikir söyləyən insanlar içində haqlı olanlar da kifayət qədərdir, lakin söhbət sırf neqativ düşünən və ətrafındakıları da buna kökləyən insanlardan gedir. Kiçik yaşlarımdan bu günə qədər belə insanlarla çox rastlaşmışam və bu insanlarla bir kəlmə kəsmək belə mənə mənfi təsir edib.

Bəzi insanların pəncərələri o qədər çirklidir ki, ətraf güllük-gülüstanlıq olsa belə, onlar bunu görə bilmirlər. Ən əsası isə ölkəsini, millətini, xalqını sevməyən, bəyənməyən və yadların yanında da narazılıq edən insanlar. Mənə əsas maraqlı olan və eyni zamanda da anlamadığım bəzi insanların bizim millətimizi başqa millətlətlərlə müqayisə edib mənfi fikir söyləmələridir. Məncə, biz özümüzü başqa dövlət və millətlərlə müqayisə etsək belə, ancaq müsbətləri görməyi bacarmalıyıq. Özümüz özümüzü əzərək, mənfi fikirlər söyləyərək heç nəyə nail ola bilmərik. Kiçik bir misal çəkim. Belə bir fikir var, hər bir ailə kiçik dövlətdir. Nəzər yetirsək, görərik ki, tamamilə problemsiz, hər şeyi tam yerində olan, ideal ailə yoxdur. Hər ailə öz daxilində öz əksikliklərini də bilir, üstünlüklərini də və biz digər ailələrin daxilində baş verən hər şeyi bilmirik. Bu isə təbii haldır. İnsanlar ailələrində baş verən problemləri və əksiklikləri dilə gətirmirlər, əksinə öz müsbətlərini göz önünə qoyurlar. Bu prizmadan yanaşaraq dövlətlər və millətlət haqqında da belə düşünmək olar.

Tamamilə ideal dövlət və ya millət yoxdur. Müqayisə etməli olsaq belə, bizim o qədər çox müsbətlərimiz var ki, digər millətlərdə heç biri yoxdur. Ola bilər, razıyam, bəzi sahələrdə müəyyən qədər əksikliklər yaşaya bilərik, müəyyən qədər geriliklər də ola bilər, amma nəzərə almalıyıq ki, biz əsarətdən çıxıb müstəqilliyə yeni qovuşmuş bir xalq kimi, bir millət kimi xeyli irəlidəyik. Bizim xalqımızda olan müsbət cəhətlər saymaqla bitməz, ən əsası biz insanıq, insanlığımız var (digər bir çox millətlərdən fərqli olaraq), mərhəmətliyik, sülhsevərik, küçədə çöldə qalmış bir uşaq görəndə düz keçmirik, yardım əlimizi uzatmaqdan çəkinmirik, çünki yardımsevərik. Biz bir xalq kimi çox mərdik, cəsuruq, qorxaq deyilik, ölümün üzünə dik baxan, zərrə qədər qorxusu olmayan vətənpərvər gənclərimiz üstünlük təşkil edir. Qorxaq olmadığımız qədər satqın da deyilik. Adət-ənənələr prizmasından da yanaşsaq, birmənalı şəkildə vurğulamaq olar ki, millətimiz öz adət-ənənələrini qoruya bilib. Ümumiyyətlə, mən düşünürəm ki, Azərbaycan xalqı mənəvi keyfiyyətlərinə görə bir çox xalqdan üstündür. Yuxarıda qeyd etdiyim kimi, istisnalar, əlbəttə ki, qaydaları pozmur, lakin faiz göstəriciləri ilə yanaşsaq, bizdəki istisnalar çox kiçik hissəni əhatə edir və bütövlüklə bu keyfiyyətləri əksəriyyətə aid etmək mümkündür.

Bizim sadəcə və sadəcə olaraq əsas vəzifə və borcumuz ondan ibarət olmalıdır ki, yeniyetmə və gənc nəsil vətənpərvər olaraq yetişsin və öz millətini bütün digər millətlərdən üstün tutaraq sevsin. Bu sevgi göstəriş xətrinə yox, dildə yox, əməldə də özünü göstərəcək qədər dərin olsun. Nəinki yad millətlərin yanında, hətta öz aramızda belə xalqımız haqqında aşağılayıcı, mənfi və nalayiq ifadələr işlətməməliyik. Hətta mənfi düşünsək belə, bizim milli mənlik qürurumuz bunu dilə gətirməyə əngəl olacaq dərəcədə güclü olmalıdır. Unutmamalıyıq ki, hər kəsin mənfisi ola bilər və bu, zamanla düzələ bilər. Önəmli olan o mənfilərin müsbətə doğru dəyişməsi istiqamətində addımlar atmaqdır, buna isə insanları təhqir edərək nail olmaq qeyri-mümkündür. Önəmli olan baxış prizmasını dəyişməkdir – gözəllikləri, uğurları, müsbətləri görməzdən gəlib mənfilərə köklənərək ancaq geri gedərik. Müsbətləri görməyi bacarmaq özü də hünər tələb edir.

“Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir” – bu atalar sözündə səslənən fikir hər nə qədər sırf mövzunu əhatə etməsə də, buradan yola çıxaraq bir neçə fikir də söyləmək istərdim. Sizə yaxşılıq edən birinə qarşılığında yaxşılıq etmək böyük bacarıq deyil, amma sizə səhv etmiş birinə pislik etməyib onu yaxşılıq edərək utandırmağı hər kəs bacarmaz. Eləcə də tənqid və ya təhqir etməyə nə var ki, hər kəsin heç əziyyət çəkmədən çox rahat şəkildə bacara biləcəyi işdir bu. Gördüyün bütün kiçicik əksiklikləri danışmaq çox sadədir. Amma önəmli olan o kiçicik çatışmazlıqların içində böyük gözəllikləri görməyi bacarmaqdır və uşaqlara da bunu aşılamaqdır.

Uşaqlar tərbiyənin aynasıdır. Biz isə onlara nümunəyik. Əgər biz onların yanında daima öz xalqından, millətindən, ölkəsindən narazı insan siması olaraq özümüzü tanıtsaq, onlar da bizi özlərinə örnək götürüb yolumuzu davam etdirəcəklər. Belə olduqda isə vətənpərvər, millətsevər gənclər yetişməyəcək. Bu sevgi içdən gəlməlidir. Biz sevdiyimiz insanları, övladlarımızı onların kiçik bir səhvinə görə silirikmi? Kəsib ata bilirikmi? Xalqı da belə sevmək lazımdır, əzmək yerinə, əksinə dirçəltmək lazımdır. Övladlarımıza da bunu aşılamalıyıq. Vətənə hörmət, bayrağa hörmət, xalqa sevgi və bağlılıq – bunlar çox önəmli hislərdir. Mən hansısa binada bir evin eyvanında bayrağımızı görəndə qürurdan gözlərim dolur və ya vətənpərvərlik mahnısı səslənəndə o an keçirdiyim hisləri ifadə etməyə söz tapmıram, eyni hisləri yaşca bizdən kiçiklərə aşılamağı da özümüzə borc bilməliyik. Çünki vətən də, xalq da bizimdir. Biz bu xalqın bir nümayəndəsiyik. Uşaqlarda, yeniyetmə və gənclərdə vətənpərvərlik hislərinin tərbiyəsi və milli mənlik şüurunun formalaşması istiqamətində görülən işlər isə biz böyüklərin üzərinə düşən önəmli məsələdir.

Bu istiqamətdə bir sıra işlər görülür, məktəblərdə və ya universitetlərdə tədbirlər keçirilir, hərbçilərlə gənclərin görüşləri təşkil edilir və s. Amma bunlarla yanaşı, həm ailə, həm də KİV bu yöndə aparılan işlərdə aktiv olmalıdır. Necə deyərlər, birgə əmək daha çox səmərəli olur. Ailədə və məktəbdə vətənpərvərlik mühitində yetişən yeniyetmədə bu hislər müsbətə doğru formalaşacaq. Bunun isə ən əsas yolu xalqını, millətini çox sevməkdir, pisləmək və narazı olmaq deyil. Biz öz vətənimizi, millətimizi nə qədər çox sevsək, bizim övladlarımız və yaşca bizdən kiçik olan yeniyetmə və gənclər də bizləri özlərinə nümunə götürəcəklər. Beləliklə, xalqını və vətənini sevən, qoruyan nəsil yetişəcək.

Xalq nə qədər pisdirsə, bu, ayrı-ayrılıqda fərdlərə də şamil olunur, o zaman fərdlər də pis hesab olunur, amma əksinə xalq nə qədər yaxşıdırsa, eyni qayda da, deməli, fərdlər də yaxşıdır. Mən öz adıma təkcə onu deyə bilərəm ki, heç vaxt millətimdən və xalqımdan utanmamışam, çünki buna səbəb də yoxdur. Əksinə həmişə fəxr edib qürur duymuşam ki, bu xalqın bir nümayəndəsiyəm.

Aytən NAZİMQIZI

Şərh Yaz