HƏR KƏSƏ ÖZ VƏTƏNİ ƏZİZDİR » Hərbiand

Son Dəqiqə:

HƏR KƏSƏ ÖZ VƏTƏNİ ƏZİZDİR

Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,

Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” 

                                                                                                  Heydər Əliyev

Hər bir xalqın milli varlığının əsas atributlarından biri milli şüurdur. Milli şüur milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüuru aşılanmalıdır. Bundan başqa, dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir?

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Azərbaycan xalqının milli şüuru və azərbaycançılıq ideyası vəhdət təşkil edərək, onun mövcudluğunu və inkişafını şərtləndirən amillərdən birini təşkil edir. Azərbaycan milli şüuru ümumtürklüyü, Şərq islam və milli özünəməxsusluğu, ümumbəşəriliyi, müasirliyi, azərbaycançılığı ilə fərqlənir. Alimlər arasında milli şüuru daha geniş anlayış kimi təqdim edənlərə, milli şüurun milli-mənəvi dəyərlər silsiləsinə daxil edənlərə də təsadüf olunur. Qeyd etmək lazımdır ki, Azərbaycanda milli özünüdərk prosesi böyük bir tarixi yol keçib.

Milli şüur, milli özünüdərk mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa düşüb, yalnız türkçülük kimi yozmaq doğru deyildir. Türkçülük milli şüurun biri hissəsidir. Milli şüurun formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla ifadə edir. Bu baxımdan Azərbaycan dilində danışan və təhsil alan hər bir Azərbaycan vətəndaşı azərbaycanlı kimi qəbul edir. Bu bütövlük nəticəsində yaranan azərbaycanlılıq milli şüurun özünüdərk nümunəsidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur. Ona görə də yeniyetmə və gənclərə milli mənlik şüurunun aşılanması zamanı bütün nüanslara diqqət yetirmək lazımdır.

Əlbəttə ki, çox dil bilmək hər bir kəsin üstünlüyüdür. Çox dil bilməyimiz bizim ölkəmizi, mədəniyyətimizi, ədəbiyyatımızı əcnəbi dostlarımızla müzakirə etməyimizdə də böyük imkanlar yaradır. Lakin, təəssüflə, qeyd etmək istəyərdim ki, bir çox ailələrdə öz dilimiz ikinci plana atılır, digər əcnəbi dillərin öyrədilməsi əsas götürülür. Mənim fikrimcə, bu düzgün deyil. Hər birimizin öncəliyi ilk növbədə öz dilimizi mükəmməl şəkildə övladlarımıza öyrətmək olmalıdır. Daha sonra digər dil bilikləri bir üstünlük kimi öyrədilməlidir. Fikrimi Heydər Əliyevin ana dilimiz haqqında olan kəlamları ilə davam etdirmək istəyirəm. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan dahi şəxsiyyət deyirdi: “…Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz… Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı, olmayacaqdır”.

Milli şüurun formalaşmasında rol oynayan digər amillərə də nəzər salaq. Burada genetik amilin, yəni eyni qanı daşıyan nəsillərin etnos birliyinin-milliyyətin də xüsusi rolunu qeyd etmək lazımdır. Genetik amil (qan birliyi) milli özünüdərkin daxili bir posesidir. Bu proses insanın şüuraltı (təhtəl şüur) hissəsinin oyanışına, öz etnikliyini tanımasına səbəb ola bilər. Mədəniyyət amili isə milli adət-ənənələrlə bağlıdır. Burada milli mentalitet də çox mühüm rol oynayır. Türklərin mədəniyyətində xoşgörü (tolerantlıq), humanizm, əxlaqi-mənəvi və s. məsələlər mühüm yer tutur.

Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində — milli fəlsəfi fikir zəminində formalaşır.

Politoloqlar milli ideologiyanın milli şüurla bağlı cəhətlərinə xüsusi önəm verirlər. Professor Məcid Əfəndiyev “Siyasi elmin əsasları” kitabında yazır: “Müasir dünyada təzahür edən və böyük rol oynayan ideoloji cərəyanlardan biri də milli ideologiyadır. Onun inkişafı tarixən orta əsr strukturlarının dağılması və yeni ictimai-iqtisadi quruluşun təşəkkülü ilə əlaqədardır. Bu mənada, millət ideyası yeni dövrün demokratiyasının hüquqi və ideoloji-əxlaqi cəhətdən əsaslandırılmasıdır. Milli birliklərin təşəkkülü prosesinin təzahür etdiyi ölkələrdə mono və ya yarımetnik əsasda dövlətin möhkəmləndirilməsi həyata keçirilir. Praktika təsdiqləyir ki, həmin prosesdə milli ideologiya ciddi siyasi rol oynayır”.

Beləliklə, azərbaycanlılılq şüuru dil birliyi, qan birliyi (genetik amil) və mədəniyyət birliyinə əsaslanan amilləri özündə əks etdirir. Yuxarıda da qeyd etdiyimiz kimi, türkçülük milli şüurun əsas xətlərindən biri və birincisidir. Ancaq müxtəlif etnosların yaşadığı bir ölkədə yalnız nəsil-qan birliyindən çıxış etmək  heç də asan deyildir. Bu o deməkdir ki, dil, qan və mədəniyyət birliyi daha çox milli dövlət yaranana qədər aparıcı mövqe daşıya bilər. Dövlət yarandıqdan sonra etniklik (dil, mədəniyyət və etnos birliyi) kifayət etmir. Başqa sözlə, bir dövlətdə, xüsusilə çoxetnoslu bir dövlətdə yalnız etniklikdən çıxış etmək və milli ideya kimi qəbul etmək problemlidir. Doğrudur, bu zaman da müstəqil dövlətdə aparıcı etnosun dili və mədəniyyəti birmə­nalı şəkildə qəbul edilir. Ancaq müstəqil dövlətdə etniklik öz yerini qoruyub saxlamaqla yanaşı, digər azsaylı etnik qrup­ların da dil və mədəniyyətləri nəzərə alınmalıdır. Bunun üçün isə dini dəyərlər və dövlətçilik vacib amillərdəndir.

Aytən NAZİMQIZI

Şərh Yaz