“Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” » Hərbiand

Son Dəqiqə:

“Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.                                  

                                                                                                                                                       (Ümummilli Lider Heydər Əliyev)

 

“Bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu baxımdan ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirib, vətənpərvərliyin mahiyyəti, prinsipləri barədə qiymətli fikirlər söyləyib, eyni zamanda bütün fəaliyyəti boyunca bu təlimin hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirib”. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqədardır. Q. Əliyevə görə vətənpərvərlik bir-biri ilə vəhdətdə olan üç komponentdən ibarətdir: “Vətənpərvər münasibət, vətənpərvərlik şüuru və vətənpərvərlik fəaliyyəti. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir. Vətənpərvərlik şüuru vətənpərvərlik obyekti ilə vətənpərvərin qarşılıqlı təsirinin bütün növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun daxili determinantıdır. Vətənpərvərlik fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan və görünən tərəfləridir”.

Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün şüurlu həyatını canı ilə, qanı ilə sevdiyi doğma millətinin tərəqqisinə həsr edib. Ümummilli lider Heydər Əliyevin: “ Mənim həyat amalım  bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına xidmət olmuşdur ” söylədiyi tarixi kəlamları onun həyat tərzini təsdiqləyir. Heydər Əliyev özü ilə böyük dövlətçilik təcrübəsi gətirib, mübarizlik, əqidə prinsipi müstəqillik ideyalarının  həyata keçirilməsi kimi mənəvi dəyərlərin daşıyıcısı olub. Vətən təəssübkeşliyi, vətənpərvərlik milli qürur və milli ləyaqət hissilə vəhdətdə digər bir məfhumun – azərbaycançılığın özəyini təşkil edir. Ulu öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında deyib: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”.

Ulu öndər Heydər Əliyev nəzərə çatdırırdı ki, vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Dahi rəhbər bu barədə belə deyib: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.

Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli Lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hisləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.

Göründüyü kimi, Ulu Öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasını vacib şərt sayıb. Azərbaycan xalqı üçün Heydər Əliyevin vətənpərvərliklə bağlı düşüncələri hər zaman xüsusi önəm daşıyıb. Ona görə də də Ulu Öndərin doğum günündə onun vətənpərvərlik ideyalarına nəzər salmaq yerinə düşər. Çünki Azərbaycan vətəndaşları üçün may ayı həm də ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Ulu Öndər 96 il əvvəl mayın 10-da dünyaya göz açıb. Bu tarixi gün ərəfəsində böyük şəxsiyyətin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilir, onun misilsiz xidmətləri göz önünə gəlir, bütün məsələlər ətrafında düşünmək ehtiyacı yaranır. Heydər Əliyev hər şeydən əvvəl öz xalqını, böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Onun “Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamında bu hiss səmimi şəkildə ifadə olunub.

Məlumdur ki, vətənpərvərlik dəyişkən fenomendir və bunsuz nə dövlət, nə də cəmiyyət inkişaf edə bilər. Təbii ki, modernləşmə və qloballaşma şəraitində vətənpərvərlik fərqli xüsusiyyətlərə malikdir. Müstəqilliyimizin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdı. O zaman Ümummilli Liderin zəkası və iradəsi, həmçinin şəxsi vətənpərvərlk nümunəsi sayəsində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası ətrafında birləşdirmək lazım idi. Bu, o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən daha vacib idi. Ümummilli Liderimizin azərbaycanlı olduğu ilə fəxr etməsi fikrini yada salaq. Bu gün bir çoxları bu fikri təkrar edir və azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildirirlər. Yaxud onun bizim üçün mühüm olan “bir millət, iki dövlət” tezisini götürək. Burada vurğunu yalnız “millət” ifadəsinin deyil, “dövlət” ifadəsinin də üzərinə qoymaq olar. Azərbaycan dövlətinin yaranmasında, bərqərar olmasında, möhkəmlənməsində, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsində böyük işlər görmüş Heydər Əliyev, iki dövlət haqqında belə bir tezisin irəli sürülməsinin məsuliyyətini yaxşı başa düşürdü.

Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi.

Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək… Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”.

Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyət göstərməsinin təməli Ulu Öndər tərəfindən qoyulub: “Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. Qarabağın azadlığı üçün dövlət başçısı tərəfindən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalıdırlar. Həmçinin Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar. Ümummilli Liderin də gənclərə tövsiyələri bu olub. Odur ki, gənclər daim Ulu Öndərin tövsiyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər. Bu bizim hər birimizin mənəvi borcudur”.

Aytən NAZİMQIZI

Şərh Yaz