Heydər Əliyev: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” » Hərbiand

Son Dəqiqə:

Heydər Əliyev: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”

Vətən – bir millətin uzun illər yaşadığı, adət-ənənəsinin, varlığının, şüurunun, birliyinin yarandığı və formalaşdığı məkandır. Vətən, sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Babalarımız bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Ona görə də vətəni hər zaman qorumaq lazımdır. Vətəni qorumaq üçün isə vətənpərvər, millətsevər insanlara ehtiyac olub, var və olacaq. Bunun üçün isə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

İohan Vilhelm Snelmanın gənclik haqqında çox ibrətamiz kəlamları var, onlardan birinə nəzər salmaq istəyirəm: “Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz”. Həqiqətən də, bu kəlamda dərin məna yükü var, əlbəttə ki, anlayana. Yeniyetmə və gənclərin təlim-tərbiyəsi işini sadəcə və sadəcə dövlətə, tədris müəssisələrinə yükləmək nə dərəcədə düzgün olar?! Məncə, burada birgə əmək özünü daha effektli şəkildə göstərər.

Müstəqil Azərbaycan gənclər ölkəsi hesab olunur. Respublikamızın əhalisinin yarıdan çoxunu gənclər, yeniyetmələr və uşaqlar təşkil edir. Buna görə də ölkəmizdə böyüməkdə olan nəsil hər cür qayğı ilə əhatə olunub, dövlət tərəfindən gənclərin asudə vaxtlarının təşkilinə, fiziki və peşə hazırlığına, mədəni səviyyələrinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın bir hissəsinin düşmən işğalına məruz qalması gənclərimizin də yaralı yeridir. Hər bir Azərbaycan gənci vətən torpağı uğrunda canından keçməyə daima hazırdır. Gənc yaşlarında vətən üçün canını fəda etmiş gənclərimizin sayı kifayət qədər çoxdur. Vətənin dar günündə vətən harayına yollanan, övladlarımız, cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir.

Vətənpərvərlik mövzusu bütün dövrlər üçün aktual və əhəmiyyətlidir. Hər bir insanın vətənpərvərlik ruhunda yetişməsində, formalaşmasında, ona Vətənə, millətə sevgi hislərinin aşılanmasında ailə və təhsil aldığı müəssisə çox böyük rol oynayır. Doğrudur, bir sıra fikirlərdə göstərilir ki, vətənpərvərlik hislərinin və milli mənlik şüurunun formalaşmasında fərdin özündən də çox şey asılıdır. Amma yenə də bununla yanaşı, vətənpərvərlik hissi uşağa ilk növbədə ailədən – atadan, anadan keçməlidir. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmənə isə nifrət hisləri ilə böyüsün…

Gənclik insanın elə bir dövrüdür ki, o dövrdə insan daha çox enerjili olur. Eyni zamanda beyin tutumu da öyrənməyə daha çox açıq olduğu üçün istənilən informasiyanı daha tez qavramaq imkanı olur. Necə ki, böyüklərimizdən tez-tez bu cümlələri eşidirik: “Sən hələ uşaqsan (gəncsən), asanlıqla öyrənərsən”, “Sənin beynin ağ kağızdı, ona görə də o kağıza faydalı məlumatlar yaz” və s. Mən bütün bu fikirlərlə razılaşıram. Həqiqətən də, belədir. Kiçik bir misal çəkim, uşaq vaxtı qavrama qabiliyyətimiz nisbətən daha çox idi və uşaqlıqda asanlıqla əzbərlədiyimiz o şeirlər hələ də yadımızdan çıxmayıb, yəni ən azından əksəriyyəti yaddaşımıza həkk olunub. Yəni yeniyetmə və gənclik dövründə biz insanlar maksimum dərəcədə çalışmalıyıq ki, bu ağ kağıza faydalı məlumatlar yazılsın.

Lap qədim zamanlardan hər bir xalq parlaq gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin düzgün yetişdirilməsi isə hər bir ölkə üçün ən önəmli məsələlərdəndir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən və yaşlı nəslin davamçılarından hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. İllər keçdikcə nəsillər dəyişir, ölkələr daha da inkişaf edir. Amma tarixi kökə bağlılıq dəyişməz olaraq qalır. Çünki ənənələrimiz, milli dəyərlərimiz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox önəmli rol oynayır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

Azərbaycanın inkişafında gənclərimizin rolu böyükdür. Ona görə də bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkəmizin siyasətində xüsusi yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğrulda bilirlər.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində də hər zaman gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə də həmişə önəm verib. Heydər Əliyev nitqlərinin birində bu barədə belə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Bütün bunlara təsir edən əsas amillərdən biri də gənclər siyasətidir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu siyasətin banisi də məhz ümummilli lider Heydər Əliyevdir.

Gənclərin sahib olduğu milli mənlik şüuru nəsillərdən nəsillərə ötürülə bilir. Milli mənlik hər bir xalqın özünəməxsus tarixi inkişaf prosesinin məhsuludur. İnsanların həyat və məişət tərzindən tutmuş, bir sıra faktorlar ümumilikdə gənclərin mənəvi tərbiyəsinin əsasını təşkil edir. Gənclərin mənəvi tərbiyəsinə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. buna bənzər dəyərlər daxildir. Bu dəyərlər gənclərimizdə milli mənlik şüurunu və vətənpərvərlik hislərini formalaşdırır.  Qürur hissi ilə deyirik ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb.

Hər bir Azərbaycan gənci vətən torpağı uğrunda canından keçməyə daima hazırdır. Gənc yaşlarında vətən üçün canını fəda etmiş gənclərimizin sayı kifayət qədər çoxdur. Vətənin dar günündə vətən harayına yollanan, övladlarımız, cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir.

Vətənpərvərlik hislərini isə yeniyetmə və gənclərə aşılamaqda bizim böyüklərimizin rolu və məsuliyyəti böyükdür. Onlar lap uşaqlıqdan başlayaraq milli mənlik şüurunu və vətənpərvərlik hislərini gənclərimizdə formalaşdırmalıdırlar. Eynilə biz də özümüzdən yaşca kiçik olan uşaqlara bu hisləri aşılamaqda bir vasitəçi olmalıyıq, çünki bu hər şeydən öncə bizim vətəndaşıq borcumuzdur.

Aytən NAZİMQIZI

Şərh Yaz