Hər bir ölkəni irəli aparan onun vətənpərvər gəncləridir » Hərbiand

Son Dəqiqə:

Hər bir ölkəni irəli aparan onun vətənpərvər gəncləridir

Vətənpərvərlik elə bir hisdir ki, insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hislərini yaradır, onun apardığı mübarizədə onda inam hissini gücləndirir. Ölkəmizdə də bu hislərin uşaqlara və gənclərə aşılanmasında mühüm işlər görülür, çünki təhsil alan uşaq və gənclərin dövlətçilik ruhunda tərbiyəsi prioritet məsələlərdəndir. Buna görə də bütün təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət atributları təbliğ olunur, məktəblilərdə atributlara məhəbbət hissi aşılanır. Dövlət bayrağının, Dövlət gerbinin, Dövlət himninin yaranması, dövlət rəmzlərimizin mənaları uşaqlara hələ məktəbəqədər təhsil müəssisələrində öyrədilir. Bütün bunlar, çox önəmli məsələlərdir və təhsil müəssisələri ilə yanaşı, hər birimizin borcudur.

Vətənpərvərlik vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.

Vətənini sevən, özünü əsl vətəndaş hesab edən hər bir insan hansı əxlaqi keyfiyyətlərə malik olmalı olduğunu bilməlidir. Bu əxlaqi keyfiyyətlər isə həyatda yaşa dolduqca qazanılır. Doğrudur, Vətən sevgisi insanın ürəyinə hakim kəsilən, özündən asılı olmadan yaranan hisdir. Lakin onun bünövrəsi və formalaşması, təbii ki, ailədə qoyulur. Uşaq ailədən cəmiyyətə gəlincə müəyyən mərhələlərdən keçir. Ailədən bağçaya, bağçadan məktəbə, məktəbdən cəmiyyətə – müstəqil həyata qədəm qoyur. Elə hər şey də buradan başlayır. Əgər bu gün uşaq ailədə ata-ananı sevməyi, böyüklərə və kiçiklərə hörmət etməyi bacarırsa, sabah vətənini də sevməyi bacaracaq. Burada isə yükü təkcə valideynlərin öhdəsinə yıxmaq doğru deyil. Biz ümumilikdə cəmiyyət olaraq insani keyfiyyətləri, vətənpərvərlik hislərini uşaqlarımıza, gənclərimizə düzgün aşılamalıyıq və bu bünövrəni möhkəm qoymalıyıq ki, düz istiqamətdə formalaşa bilsin.

Çoxumuza məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası uşaq bağçalarında qoyulur, sonra isə ibtidai siniflərdə və sonrakı təlim pillələrində daha da inkşaf etdirilir. Bu mənada böyüməkdə olan yeni nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan uşaqların qəlbinə elə ilk günlərdən Vətənə məhəbbət ruhu aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar.

Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət hissi ilə tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Ölkəmizin tarixi haqqında sistemli şəkildə uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər və tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edirlər, bu biliklər sonradan əqidəyə çevrilərək onlarda vətənpərvərlik hislərini daha da gücləndirir.

Qəhrəmanlığın əsasını qoyan amil də vətənpərvərlik amilidir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Məşhur Fransız tarixçisi Ernest Renan deyirdi: “Hər bir sağlam, azad yaşamağa qadir xalqda milli mənsubiyyət, vətənpərvərlik hissi ən üstün bir dəyərdir. Xalqda vətənpərvərliyi formalaşdıran iki amil mövcuddur: Xalqın qəhrəmanlıq keçmişi və Xalqın bu gün ictimai həyatın müxtəlif sahələrində əldə etdiyi sosial nailiyyətlər”. Beləliklə, millətin mənəvi-siyasi cəhətdən yetişməsi və formalaşması onun vətənpərvərlik səviyyəsi ilə ölçülür. Millətin üzvləri öz millətinin, vətəninin həqiqi fədakarı kimi böyüməlidir. Bununçun tələb olunur ki,  cəmiyyət, xüsusən yeni nəsil vətənpərvər ruhda tərbiyə olunsun. Millətləri yüksəldən milli məfkurələrdir. Milli məfkurəsi, idealı olmayan millət geriləməyə, ən yaxşı halda yerində saymağa məhkumdur.

Ölkədə gənclərlə işin mühüm bir istiqamətini hərbi-vətənpərvərlik mövzusunun geniş surətdə təbliğ olunması təşkil edir. Bu da respublikamızın qonşu Ermənistanla müharibə şəraitində olması, torpaqlarımızın 20 faizinin işğal altında qalması, bir milyon soydaşımızın dədə-baba torpaqlarından qaçqın düşməsi ilə bağlıdır. Gənclərin devizi belədir. Biz gec-tez torpaqlarımızı düşmən tapdağından azad etməliyik! Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, şagirdləri hərbi-idman oyunlarına geniş cəlb etmək məqsədilə hər il məktəblilər arasında “Şahin”, “Marş, irəli”, “Vətənin müdafıəsinə hazıram”, “Cəsurlar” kimi hərbi-idman oyunları təşkil edilir. Gənclər bu oyunlarda həvəslə iştirak edir. Bu, onların vətən sevgisindən qaynaqlanır və bu sevgi yeri gələndə  onları vətən naminə canlarını qurban verməyə, şəhidlik zirvəsinə yüksəlməyə cəsarətləndirir – Mübariz İbrahimov, Fərid Əhmədov, Cavanşir Rəhimov, Aprel şəhidləri və onların ardıcılları kimi…

Vətənpərvərlik hislərini isə yeniyetmə və gənclərə aşılamaqda bizim böyüklərimizin rolu və məsuliyyəti böyükdür. Onlar lap uşaqlıqdan başlayaraq milli mənlik şüurunu və vətənpərvərlik hislərini gənclərimizdə formalaşdırmalıdırlar. Eynilə biz də özümüzdən yaşca kiçik olan uşaqlara bu hisləri aşılamaqda bir vasitəçi olmalıyıq, çünki bu hər şeydən öncə bizim vətəndaşıq borcumuzdur. Biz, əgər bu torpaqda yaşayırıqsa, bu torpağın havasını udur və suyunu içiriksə, bizim önəmli vəzifələrimizdən biri də budur ki, cəmiyyətimizdə yetişməkdə olan hər bir fərdin vətənpərvər və millətsevər kimi formalaşmasında əlimizdən gələni edək. Burada vətənpərvərlik hislərinin tərbiyəsi önəmli rol oynayır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir.

Vətənin qorunması və müdafiəsinin təşkili o ölkədə yaşayan cəmiyyətin milli birliyindən və sahib olduğu maddi sərvətlərin qorunmasından hədsiz asılıdır. Vətənpərvər insan kimdir? Bu məfhumun kökündə duran amillər ən əsası bir insanın yaşadığı və ruzi qazandığı, əcdadlarının qəbri olan, nəslinin isə yüz illər sonra da yaşayacağı torpağı müdafiə etmək qayğısıdır. Bu şərtlər onun üçün vətəni qorumağı vacib amilə çevirir. Özünü vətənpərvər hesab edən hər bir gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.

Yekun olaraq isə qeyd etmək yerinə düşər ki, istənilən halda vətəndaşlığı olan hər kəs Azərbaycanın dövlət maraqlarının müdafiə olunması və işğal altında olan torpaqlarımızın azad olunması naminə səylərini birləşdirməlidirlər. Belə olan təqdirdə, regionda və dünyada baş verən siyasi və dini zəmində baş verən qarşıdurmalardan zərərsiz çıxmaq mümkün olacaq. Hər bir vətəndaş Azərbaycanın gələcəyi üçün ayıq olmalıdır. Bu, hər şeydən əvvəl hər bir azərbaycanlının vətəndaşlıq vəzifəsidir.

Aytən NAZİMQIZI

Şərh Yaz