Ulu Öndər Heydər Əliyev: “Xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram” » Hərbiand

Son Dəqiqə:

Ulu Öndər Heydər Əliyev: “Xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram”

Dünyada insan olmağın ən böyük şərtlərindən biri də ürəkdə bəslənən vətən sevgisidir. Nə xoş bizə ki, övladlarımızın ürəyi hər daim vətən sevgisi ilə döyünür. Vətənimizin azadlığı, müqəddəs torpaqlarımızın toxunulmazlığı naminə canından keçən oğul və qızlarımız hər zaman qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayır, qəhrəmanlıq, şərəf və qeyrət nümunəsi kimi gələcək nəsillərə örnək olaraq təqdim olunurlar. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Tarixin bütün dövrlərində, doğma yurdun başı üzərini qara buludlar alanda məhz bu qəhrəman və cəsur Vətən övladları öz sinələrini düşmənə sipər edib, millətimizin qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazıblar. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Məqaləyə Azərbaycan xalqının qurtuluşunun banisi olan Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq,Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bu günkü inkişafımızın təməlini təşkil edir. Ulu Öndərin milli şüur – vətənpərvərlik şüuru elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bu günkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.

İnsanın ən ali və əzəli hislərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətənpərvərlik həm də vətəni naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hislər kimi tərbiyəyə möhtacdır, tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Müasir gəncliyimiz məhz yüksək təhsili ilə dövlətinə töhfə verməli, onu istər ölkə daxilində, istərsə də dünya arenasında layiqli təmsil etməlidir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.

Kimliyindən asılı olmayaraq hər bir kəs dövlətinin uğurları üçün çalışmalıdır. Vətənpərvərlik yalnız əlinə silah alıb döyüşə atılmaq da deyil, Vətən naminə çalışmaq, onu bütün dünyada tanıtmaq üçün fədakarlıq göstərməkdir. Vətənpərvər gənclərimiz müasir dövrdə kifayət qədərdir. İstər idman yarışlarında, istər mədəniyyət və incəsənət tədbirlərində, istərsə də zəka oyunlarında Azərbaycan bayrağı yüksəklərdə dalğalanır. Azərbaycan bayrağı yüksəkdə dalğalanarkən, himnimiz səslənərkən dövlətinə könüldən bağlı olan hər bir şəxs fəxr hissi keçirir və öz vətəni ilə qürur duyur. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti də dövlət siyasətinin mühüm tərkib hissəsi kimi çox böyük rol oynayır.

Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir.
Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişdən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət, hər şeydən öncə, Vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də Vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, qəhrəmanların döyüş yolunu öyrənmək, onların Vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır.

Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil – məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simfozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar.

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət – gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqil Azərbaycana məhz milli şüura malik, vətənpərvər və doğma vətənin tərəqqisi naminə çalışan gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Dahi rəhbərimiz müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq deyib: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi vardır”.

Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub.

Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib, yetişdirir, yetişdirəcək!

Aytən NAZİMQIZI

Şərh Yaz