Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir » Hərbiand

Son Dəqiqə:

Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir

Dahi Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində (DSX) böyük təntənə ilə davam etdirilir.

Herbi.and Azərtaca istinadən xəbər verir ki,  hərbi hissə və bölmələrdə keçirilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər.

Silsilə tədbirlər çərçivəsində iyunun 17-də Dövlət Sərhəd Xidmətində Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın və Azərbaycan Respublikasının Xalq artisti, dövlət mükafatı laureatı Şeyx Əbdül Mahmudbəyovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirən, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilən, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilib.

Çıxışlarda Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması və məhz Dahi Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun tədbirləri siyahısına daxil edilməsi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilməsi xüsusi vurğulanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin anadan olmasının ildönümünün qeyd edilməsi, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması bir daha ölməz şairin yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi olduğu böyük minnətdarlıqla bildirilib.

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının kollektivi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan bədii kompozisiya nümayiş etdirib.

Şərh Yaz