UĞRUNDA QAN TÖKÜLƏN TORPAĞA VƏTƏN DEYİLİR » Hərbiand

Son Dəqiqə:

UĞRUNDA QAN TÖKÜLƏN TORPAĞA VƏTƏN DEYİLİR

 

Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır

Jan Leron Dalamber

Vətənpərvərlik tərbiyəsi Vətənə sevgi, məhəbbət, məsuliyyət hissinin, hər an Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılmasıdır. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirir. Vətənpərvərliyin əsasını Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıq təşkil edir. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz doğma torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Vətən! Bu söz insanlarda daha dərin və əziz hisslər oyadır. Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Vətəni sevmədən, qorumadan, atababalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetirmək olmaz. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur. Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onu qorumaq da hər birimizin vətəndaşlıq borcudur.

Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir, vətənpərvərlik. Bu, təkcə sözdə deyil, əməldə olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Mübariz, Fərid, Murad, Samid, Çingiz kimi oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Şəhidlər xiyabanında gecə-gündüz alovlanan məşəl də vətənpərvərliyə bir çağırışdır. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.

Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir. Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.

Bəs vətənpərvərlik tərbiyəsi hansı istiqamətdə olmalıdır? Yeniyetmə və gənclərə milli mənlik şüuru və vətənpərvərlik hisləri necə aşılanmalıdır? Bu hislərin də digər bütün hislər kimi tərbiyəyə, cilalanmağa ehtiyacı var, əlbəttə ki, amma bir şeyi də unutmaq olmaz ki, vətənpərvərlik, eyni zamanda insanın öz canında, qanında da olmalıdır. Bu zaman onu cilalamaq daha asan olur. M. F. Axundzadə deyib ki, əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırsın. Həqiqətən də, bu sözlərdə dərin məna var. Çünki vətənpərvərlik – ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Bu hisləri uşaqlara və yeniyetmələrə aşılamaq, tərbiyə etmək isə hər birimizin vətəndaşlıq borcudur. Çünki gənclərdə milli mənlik şüurunun formalaşmasında iştirak etmək özü də vətənpərvərliyin təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. İnsana məxsus yüksək mənəvi keyfiyyətlər sırasında olan vətənpərvərlik hissi bu şəxslərin timsalında təbliğ edilməlidir.

Bu müqəddəs hissin lap kiçik yaşlardan aşılanması böyük əhəmiyyət kəsb edir. Bu sahədə məqsədəuyğun nəticə əldə etmək üçün uşaq tərbəyə müəssisələrilə, məktəblərlə yanaşı, kitabxana da, hər şeydən əvvəl, öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri qabaqcadan müəyyənləşdirməlidir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.

Bunun üçün ilk növbədə özümüz vətənpərvər və özgüvənli olmalıyıq ki, yetişdirdiyimiz uşaqlar da bizi özlərinə örnək götürsünlər. Çünki özünəinam, eyni zamanda vətənpərvərlik və milli qürur hislərini formalaşdırır, vətənpərvərlik isə insanın daxili zənginliyidir. Bu zənginliyin toxumları kiçik yaşlarımızdan daxilimizdə cücərib boy atmağa başlayır. Zaman keçdikcə daha da böyüyür, ailəmizə, torpağımıza, vətənimizə bağlılıq hissi yaradır. Bu bağlılıq milli əxlaqımızı və dünyagörüşümüzü formalaşdıran, milli və mənəvi dəyərlərimizə sahiblik etmək və onu qorumaq haqqını verən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissdir.

Təhsil müəssisələrində “Silahlı Qüvvələr aylığı”, “Bu günün tələbəsi sabahın zabitidir” mövzusunda tədbirlər keçirilməli, gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə müntəzəm görüşləri təşkil edilməli, çağırış vaxtı hərbi komissarlıqlarda keçirilən yolasalma mərasimlərində gələcək çağırışçıların aktiv iştirakı təmin olunmalıdır. Gənclərin Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi görüşləri təşkil edilməli, onların təəssüratları bölüşdürülməlidir. Regional səviyyədə ayrı-ayrı yaşayış məntəqələrində müharibə veteranlarının və keçmiş hərbi qulluqçuların himayəsi altında hərbi klublar yaradılmalıdır. Yəni gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin gücləndirilməsi prosesi bu və ya digər dərəcədə təhsil prosesi ilə sıx bağlıdır.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqil Azərbaycana məhz milli şüura malik vətənpərvər gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu Öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdirilməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq deyib: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Aytən NAZİMQIZI

Şərh Yaz