Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib » Hərbiand

Son Dəqiqə:

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə nazirliyin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaq.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən kursa qəbul olunmaq barədə ərizə, tərcümeyi-hal və digər sənədlərini (sənədlərin siyahısını Müdafiə Nazirliyinin saytından əldə etmək mümkündür) təqdim etməlidirlər. Müraciətlər avqustun 1-dən 20-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən müvafiq komissiyalarda qəbul olunur.

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Şərh Yaz