Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir » Hərbiand

Son Dəqiqə:

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danişmağımla fəxr edirəm”

Ümummilli Lider Heydər Əliyev

Hər bir canlının öz dili var. Həmçinin insanlar da bir-birləri ilə ünsiyyət yaratmaq üçün dildən istifadə edirlər. Hər bir xalqın özünəməxsus dili var. Lakin elə xalqlar da var ki, öz dilləri yoxdur və başqa ölkənin dilindən istifadə edirlər. Bu dövlətlərin dili ölüb xalqı yaşayır və ya əksinə, xalq yaşamadığı halda yaşayan dillər də var. Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi.

Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi. Uzun müddət SSRİ-nin tərkibində olmağımıza baxmayaraq, sevindirici haldır ki, bizim müqəddəs dilimiz ölməyib, hələ də yaşayır. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən də onun dilidir. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri kimi tarix səhnəsində öz sözünü layiqincə deyib. Yaşı minilliklərlə ölçülən muğamlarımız, xalq mahnılarımız, aşıq musiqimiz, dastanlara, kitablara siğmayan, çox böyük məna yükü daşıyan folklor nümunələrimiz, mədəniyyətimiz, incəsənətimiz, milli dilimiz, tariximiz, ədəbiyyatımız var. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olub. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlayıb.

 

Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir. Hər bir dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanıb. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Ümummilli liderimiz Heydər Əliyev dilimizə yüksək qiymət verərək deyib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danişmağımla fəxr edirəm.” Ulu öndərimiz həmişə doğma dilimizin keşiyində dayanmış, ən yüksək kürsülərdən bu dili böyük ehtiramla səsləndirmişdir.

Dil bizim varlığımızdır, bir xalq kimi özümüzü təsdiqimizdir. Müdriklər deyib ki, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Ancaq onun dilini əlindən alsan, o millət milli varlığını itirər, yox olar, tarix səhnəsindən silinər. Bu, tarixi həqiqətdir. Dil-millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur.

Bizim dilimiz – Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıdıb, şöhrətləndirib. Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli, M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi inkişaf etdirilir. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab edib, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilib. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Qobustan və Gəmiqaya təsvirlərini yaradan əcdadlarımız, ulu babalarımız çox-çox minilliklər bundan əvvəl müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişlər. İslam dininin qəbuluna qədər olan dövrün yazılı abidələrinin bir qismi ya məhv edilib, ya zaman keçdikcə həmin yazı şəkilləri unudulub, ya da ərəb qrafikasına keçirilib. İslamın yayıldığı dövrdən başlayaraq isə xalqımız ərəb əlifbasında min ildən artıq bir zaman ərzində zəngin mədəni irs yaradıb. Lakin ərəb qrafikasının dilimizin səs sistemini dolğun əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün maarifçi ziyalılarını əlifba islahatı üzərində düşünməyə vadar edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimiz haqqındakı fikirlərinə nəzər salaq: “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.

Hər bir vətənpərvər insan ana dilini səlis bilməlidir. Gənc nəslə milli mənlik duyğularını və vətənpərvərlik hislərini aşılayarkən onlara doğma dilimizi də mükəmməl bilməyin vacib olduğunu göstərməliyik. Çünki dilimizi sevmək və qorumaq hər bir vətənpərvər gəncin ən ümdə vəzifəsidir.

Vətənpərvərlik insanın daxili zənginliyidir. Bu zənginliyin toxumları kiçik yaşlarımızdan daxilimizdə cücərib boy atmağa başlayır. Zaman keçdikcə isə daha da böyüyür, ailəmizə, torpağımıza, vətənimizə bağlılıq hissi yaradır. Bu bağlılıq milli əxlaqımızı və dünyagörüşümüzü formalaşdıran, milli və mənəvi dəyərlərimizə sahiblik etmək və onu qorumaq haqqını verən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissdir. Vətənpərvərlik, həmçinin öz doğma ana dilini sevmək, qorumaq və ona sahiblənməkdir. Çünki hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Aytən NAZİMQIZI

Şərh Yaz