Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib » Hərbiand

Son Dəqiqə:

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

HerbiAnd.az saytının AZƏRTAC-a istinadən bildirir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

X X X

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

X X X

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söylədi.

Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür etdi. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söylədi.

Prezident İlham Əliyev onu da vurğuladı ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açdı. Prezident İlham Əliyev dedi ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğuladı.

X X X

İclasın sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.

Səsvermə oldu və 116 səs lehinə olmaqla, Sahibə Qafarova Milli Məclisin sədri seçildi.

X X X

Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçildi.

Deputatlar Adil Əliyev və Fəzail İbrahimli Milli Məclis Sədrinin müavinləri seçildilər.

X X X

Milli Məclisin Sədri Sahibə Qafarova İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.

X X X

Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxudu.

Məsələ səsə qoyularaq qəbul edildi.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq edildilər.

İclasda komitə sədrlərinin müavinləri də təsdiq olundu.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatdı.

 

Şərh Yaz