Deputat: Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir » Hərbiand

Son Dəqiqə:

Deputat: Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir

Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu, proqram xarakterli nitq söylədi. Dövlətimizin başçısının bu çıxışı mahiyyət etibarilə tarixi nitq kimi dəyərləndirilməlidir.

HerbiAnd.az saytı AZƏRTAC-a istinadən bildirir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 9 fevral parlament seçkiləri uğurla keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Onun sözlərinə görə, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. “Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir. Bu kontekstdə digər bir nüansa da toxunmaq vacibdir. Belə ki, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir. Altıncı çağırış Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması, həm parlament rəhbərliyinin, həm də komitə rəhbərliyinin də bu əsasda təşkili bir daha Azərbaycanın demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir. Xüsusilə müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə qadının sədr seçilməsi mühüm hadisədir”, – deyə S.Fətəliyeva vurğulayıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev tarixi nitqində ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də dünyada və regionumuzda baş verən proseslər haqqında fikirlərini bildirdi. Həmçinin dövlətimizin başçısı Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Azərbaycan Prezidenti qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar.

Prezident İlham Əliyevin çıxışında deputatların beynəlxalq sahədə fəaliyyətinə də xüsusi toxunaraq müvafiq tövsiyələr verdiyini deyən deputat bildirib: “Dövlətimizin başçısı qeyd etdi ki, Milli Məclisin üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər. Vurğuladı ki, beynəlxalq təşkilatlarda fəallıq daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.

Bizim beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalı olduğumuzu qeyd edən dövlətimizin başçısı vurğuladı: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır”. Hesab edirəm ki, biz millət vəkilləri olaraq cənab Prezidentin iradlarından ciddi nəticələr çıxarmalı, dövlət başçısının dəyərli tövsiyələrinə yüksək səviyyədə əməl etməli, bizə göstərilən etimadı layiqincə doğrultmalıyıq”.

Şərh Yaz