İnkişafa Aparan Islahatlar! » Hərbiand

Son Dəqiqə:

İnkişafa Aparan Islahatlar!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkəmizi islahatlar yolu ilə inkişafın yeni mərhələsinə çıxartmaq məqsədilə son zamanlar bu istiqamətdə mühüm işlər görməkdədir.

İslahatların əsas məqsədi ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, demokratiyaya doğru irəliləmək, söz azadlığını təmin etmək, doğma Azərbaycanımızı ən müasir dövlətə çevirməkdir.

Bütün bunları həyata keçirmək və ölkəmizi qüdrətli dövlətə çevirmək üçün təməlini Ulu Öndərimiz qoymuş uğurlu siyasət istiqamətində dövlət qurumları, hər bir Azərbaycan vətəndaşı, siyasi partiyalar, dini qurumlar, QHT-lər, gənclər təşkilatları əməli işlər görməlidirlər.

Cənab Prezidentin son zamanlar demək olar ki, bütün keçirdiyi müşavirələrdə, görüşlərdə islahatların daha da uğurlu inkişaf etməsi üçün ictimai nəzarətin güclənməsinə önəm verməsi bizim məsuliyyətimizi artırır.

Ölkə başçısı struktur islahatları istiqamətində də mühüm qərarlar qəbul edib. Aparılan struktur islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən dəyişiklikləri, adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq.

Prezident Adminstrasiyasında aparılan struktur dəyişikliyi vətəndaşların ölkə başçısına müraciətlərinin asanlaşmasına xidmət edir.

Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə ayrı-ayrılıqda görüşüb, partiyaların cəmiyyətdə, ölkəmizin inkişafında rolunu, onların qarşılaşdığı problemləri müzakirə etməsi cənab prezidentin apardığı uğurlu islahatların bariz nümunəsidir. Çox təəssüflər olsun ki, müxtəlif bəhanələrlə Müsavat Partiyasının başqanı Arif  Hacılı və Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli və onun anti-milli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik. Məhz buna görə də o, cənab prezidentin apardığı uğurlu islahatlara ləkə yaxmaq istəyir, xaricdə olan havadarları vasitəsi ilə Azərbaycan dövlətini gözdən salmaq istəyir. Sözsüz ki, xalqın gözü güzgüdür, onun çağırışına qohumlarından, yaxınlarından başqa heçkim səs vermir.

Milli Məclisin bəzi üzvlərinin aparılan islahatlarla ayaqlaşmaması aparıcı “Yeni Azərbaycan Partiyasının” təşəbbüsü ilə parlamentin buraxılması ilə nəticələndi. Növbədənkənar keçirilən seçkilərdə əvvəlki seçkilərdən fərqli olaraq siyasi partiyaların əksəriyyətinin iştirak etməsi ilə yadda qaldı.

Yeni parlamentdə 44 yeni deputat, 121 deputatdan 21-i qadın deputatdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Milli Məclisin Sədri qadın deputat seçilmişdir.

AXCP-nin seçkiləri boykot etməsinə baxmayaq beynəlxalq təşkilatlar parlament seçkilərinin legitimliyini tanımışlar. Ümid edirəm ki, xalqın etimad göstərdiyi deputatlar onların sosial rifahının yaxşılaşması, ölkəmizin daha da sürətli inkişafı üçün əllərindən gələni edəcəklər, dövlətimizi layiqincə təmsil edəcəklər.

Yerli icra orqanları ilə vətəndaşlar arasında olan narazılıqlar nəticəsində insaların ümid bəslədiyi yer Azərbaycan Respublikasının Prezidentidir. İnanıram ki, aparalıan islahatlar nəticəsində yerli məmur-vətəndaş narazılıqları aradan qaldırılacaq, onlara inam artacaq. QHT rəhbəri olaraq, təmsil etdiyim Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvləri adından ölkə başçısına apardığı islahatlarda müvəffəqiyyətlər arzulayıram.

Mehdi Mehdiyev-AzQMƏVŞAİB-in sədri.

Şərh Yaz