Səməd Seyidov: “Ermənilər görürlər ki, danışıqlar masası arxasına oturanda uduzurlar” » Hərbiand

Son Dəqiqə:

Səməd Seyidov: “Ermənilər görürlər ki, danışıqlar masası arxasına oturanda uduzurlar”

78347_res_01Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzərTAc-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Yanvarın sonlarında Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Azərbaycan nümayəndə heyətinin müzakirələrdə ölkəmizlə bağlı hansısa məsələni qaldırması planlaşdırılırmı?

– AŞPA-nın hər bir sessiyası kimi, bu ayın sonlarında keçiriləcək qış sessiyası da bizim üçün əhəmiyyətlidir. Əhəmiyyətlidir ona görə ki, Avropa çox mürəkkəb dövrünü yaşayır. Yunanıstandakı mövcud vəziyyət, İrlandiyanın Avropa İttifaqı ilə bağlı mövqeyi, Ukraynada baş verən hadisələr, Rusiyaya qarşı sanksiyalar və s.

Bu proseslərin təhlili hər hansı formada AŞPA-da müzakirə olunacaq və biz nümayəndə heyəti olaraq bu müzakirələrdə iştirak edəcəyik. Lakin prioritetimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini AŞPA-nın gündəliyinə çıxarmaqdır. Dəfələrlə bildirmişik ki, bu məsələ Avropa Şurasının gündəmində olmalıdır və biz quruma məhz bu məsələni beynəlxalq ictimaiyyətə çatdırmaq üçün daxil olmuşuq. Azərbaycan Avropa Şurasının üzvü seçilərkən biz dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasını qarşımıza əsas hədəf qoymuşduq. İndi də belədir. Ona görə də hər bir sessiyada olduğu kimi, AŞPA-nın bu sessiyasında, eləcə də komitə iclaslarında, siyasi partiyaların toplantılarında biz Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni bir daha gündəmə gətirəcəyik. Bu, bizim üçün çox vacib və prioritet məsələdir.

– Artıq AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb. Gündəlikdə duran məsələlərdən biri də ukraynalı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlıdır. Azərbaycanın da bu problemdən əziyyət çəkdiyini nəzərə alsaq, ölkəmizdəki 1 milyondan artıq məcburi köçkünün hüquqlarının bərpası ilə bağlı məsələnin müzakirəyə çıxarılması mümkündürmü?

– Qış sessiyasında bir çox məsələlərin müzakirəsi nəzərdə tutulub. Əlbəttə, gündəliklə bağlı biz öz münasibətimizi bildirəcəyik.

Azərbaycanlı məcburi köçkünlərin problemləri, işğal olunmuş ərazilərin ekoloji vəziyyəti ilə bağlı məsələləri biz “Dağlıq Qarabağ” adı altında Avropa Şurasına təqdim edirik. Yəni, biz Avropa Şurasında bütün aspektlər üzrə, o cümlədən məcburi köçkünlərlə əlaqəli məsələləri qaldırırıq. Əvvəlcədən deyə bilərəm ki, Azərbaycan nümayəndə heyəti bu məsələyə dair mövqeyini də mütləq bildirəcək.

– 2014-cü ildə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətini necə dəyərləndirərdiniz?

– Ümumiyyətlə, 2014-cü il Azərbaycan üçün Avropa Şurasında çox mühüm və tarixi bir il oldu. Çünki 2014-cü ildə Azərbaycan Avropa Şurasına sədrlik etdi. Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanı yeni bir zirvədə, tamamilə yeni bir mərhələdə dünyaya təqdim etdi. Mən 2001-ci ildən Avropa Şurasında fəaliyyət göstərirəm. Bu müddətdə AŞPA tribunasında ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də çıxış etmişdi. Ötən il Azərbaycanın sədrliyi müddətində də Prezident İlham Əliyev Avropa Şurasında bir daha çıxış etdi. Bu çıxışları təhlil edərkən niyyətlərdən, hədəflərdən konkret işlərə, nəticələrə gedən yolu görürük. Belə ki, Ümummilli Lider ilk çıxışında Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutacağına, qüdrətinin artacağına əminliyini bildirmişdi. 2014-cü ildə Prezident İlham Əliyev isə tarixi çıxışında artıq konkret nəticələrdən, həmçinin perspektivlərdən danışdı. Bu çıxış həm də Azərbaycanın imkanları ilə yanaşı, azərbaycançılıq ideyasının təntənəsini göstərdi. Azərbaycana dünya dövlətləri arasında mövqeyini möhkəmləndirməyə şərait yaratdı, ölkəmizin gücünü, potensialını artırdı və perspektivlərini müəyyənləşdirdi. Bu tarixi çıxış Avropa Şurasında, o cümlədən üzv ölkələrdə yüksək qiymətləndirildi. Məhz buna görə də düşünürəm ki, Azərbaycan maraqlarının müdafiəsi baxımından dövlətimizin başçısının bu çıxışı 2014-cü ildə Azərbaycan-Avropa Şurası münasibətlərinin zirvəsi oldu.

Xarici işlər naziri Elmar Məmmədyarov da keçən il AŞPA-da iki dəfə çıxış edərək, Azərbaycanın haqq səsini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan Avropa Şurası ilə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planını imzalayıb. Fəaliyyət planına daxil olan müddəaların bir qismi artıq həyata keçirilib, digərləri isə 2015-ci və 2016-cı illərdə icra olunacaq.

2014-cü il Azərbaycan nümayəndə heyəti tərəfindən həm erməni lobbisinə, həm də ölkəmizi istəməyən qüvvələrə qarşı məqsədyönlü iş aparılıb. Nümayəndə heyətimiz tərəfindən hazırlanmış xeyli sənədlər Avropa Şurasında qəbul olunub. Dağlıq Qarabağla, Sərsəng su anbarı ilə bağlı məruzəçilərin, Azərbaycan nümayəndə heyətindən alt komitə sədrlərinin təyin olunması, məruzəçilərin seçilməsi 2014-cü ildə əldə olunmuş uğurlardandır. Ötən il həm də ilk dəfə olaraq Azərbaycan nümayəndə heyətindən başqa bir ölkənin monitorinqinin aparılması üçün xüsusi statusa malik məruzəçi seçilib. Bütün bunlar 2014-cü ildə baş versə də, uzunmüddətli fəaliyyət nəticəsində mümkün olub. Həm Avropa Şurasının baş katibi Torbyorn Yaqland, həm də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycanın Avropa Şurasına sədrliyini yüksək qiymətləndiriblər. Azərbaycanı gözü götürməyən qüvvələr bu nailiyyətlərə kölgə salmaq istəyirlər. Belə əsassız iddialar səslənir ki, guya Azərbaycanda insan haqları ilə bağlı hansısa pozuntular baş verib. Əslində isə, məhz 2014-cü ildə Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət insan hüquqları məsələləri üzrə birgə işçi qrupu Prezident İlham Əliyevin və baş katib Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib. 2014-cü ildə Azərbaycan Milli Məclisində Avropa Şurasının daimi komitəsi və bürosunun, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının, NATO Parlament Assambleyasının Rouz-Rout seminarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, TÜRKPA-nın iclaslarının keçirilməsi ölkəmizin həmin ildə beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətinin göstəricisidir.

– Vaxtaşırı erməni silahlı qüvvələri qoşunların təmas xəttində müxtəlif təxribatlar törədirlər. Son günlərdə də cəbhəboyu yaşayış məntəqələrimiz intensiv atəşə tutulub. Siz bunu nə ilə izah edərdiniz?

– Azərbaycan gücləndikcə, beynəlxalq miqyasda mövqelərini möhkəmləndirdikcə erməni lobbisi, ölkəmizi istəməyən qüvvələr təxribatlara əl atırlar. Cəbhə xəttində müəyyən gərginlik müşahidə olunur və bu da təsadüfi deyil. Ermənilər görürlər ki, danışıqlar masası arxasına oturanda uduzurlar. Onlar çox çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni gündəlikdən çıxarsınlar, amma buna nail ola bilmirlər. Biz AŞPA-nın yanvarda keçiriləcək sessiyasında da bu məsələləri yenə qaldıracağıq. Biz bu istiqamətdə fəal şəkildə işləyirik. Ermənilər də görəndə ki, diplomatik, sivil cəbhədə, beynəlxalq hüquq çərçivəsində nəyəsə nail ola bilmirlər, digər yollardan istifadə etməyə – cəbhədə vəziyyəti gərginləşdirməyə, Azərbaycana qarşı böhtan xarakterli məqalələr dərc etdirməyə başlayırlar. Yəni, qarşı tərəfin bütün bu narahatlıqlarının səbəbi Azərbaycanın sürətlə inkişaf etməsi, öz sözünü demək iqtidarında olması, güclü, regionda lider dövlətə çevrilməsidir.

– Bəzi beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli, ikili standartlar siyasəti yürütməkdə davam edirlər. Son vaxtlar bu, daha intensiv xarakter alıb. Sizcə bütün bunlar nədən qaynaqlanır?

– Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələr tərəfindən qəbul edilmir. Biz coğrafi nöqteyi-nəzərdən çox da böyük dövlət deyilik. Ancaq apardığımız müstəqil siyasət, qazandığımız uğurlar, xüsusilə iqtisadi nailiyyətlərimiz bizi çox güclü dövlətə çevirib. Bu güclü dövlət regionda başqalarının marağını deyil, yalnız özünün, Azərbaycan xalqının maraqlarını təmin edir. Məhz bu siyasət bəzi dairələrin mənafelərinə uyğun gəlmir. Azərbaycana göstərilən təzyiqlər, qərəzli mövqe, ilk növbədə, bundan qaynaqlanır. Beynəlxalq sistemdə nadir dövlətlər var ki, o qədər də böyük deyil, ancaq güclü təsir imkanlarına malikdir. O qədər də böyük olmayan ölkənin öz maraqları çərçivəsində siyasət yürütməsi, ümumiyyətlə, çox nadir hallarda mümkündür. Bəzi dövlətlər var ki, ərazi baxımından o qədər də böyük deyil, güclü iqtisadiyyata malikdir, amma öz maraqlarını kənara qoyaraq böyük dövlətlərin maraqlarını həyata keçirilər. Elə dövlət də var ki, kiçikdir, iqtisadi gücü də yoxdur və başqa ölkənin marağını həyata keçirir. Buna misal kimi qonşumuz Ermənistanı göstərmək olar. Ümumiyyətlə, Ermənistanı müstəqil ölkə adlandırmaq düzgün deyil. Ermənistan müstəqilliyini itirmiş bir ölkədir, sadəcə olaraq forpostdur.

Azərbaycanın bugünkü inkişafı, dünya dövlətləri arasındakı mövqeyi ona dəlalət edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət düzgün siyasətdir. Ətrafa baxsaq görərik ki, dünyanın müxtəlif bölgələrində müharibələr gedir, xaos və böhran hökm sürür. Bu cür çox çətin bir geosiyasi vəziyyətdə Azərbaycan müstəqil siyasət yeridir, inkişaf edir, ölkəmiz mədəniyyətin, idmanın tərəqqisi haqqında düşünür. Bu gün dünya iqtisadiyyatı çox çətin vəziyyətdədir, neftin qiyməti aşağı düşür. Azərbaycan Prezidentinin apardığı siyasət olmasaydı, Azərbaycan iqtisadiyyatı xüsusi iqtisadi prinsiplər əsasında qurulmasaydı, bu gün çox çətin bir vəziyyətə düşə bilərdik. Hazırda dünyada olan iqtisadi böhran Azərbaycanda hiss olunmur.

Düşünürəm ki, 2015-ci il bizim üçün çox vacib il olacaq. Ona görə ki, beynəlxalq münasibətlərdə rəmzi mənada desək, kartlar açılıb. Əvvəllər bu münasibətlərdə gözə görünən və görünməyən amillər var idi. Məsələn, Avropa Şurasında əsas bir dəyər kimi insan haqları uğrunda mübarizə təqdim edilirdi. İndi görürük ki, bəzi beynəlxalq təşkilatlarda insan haqları amilindən bir alət kimi istifadə edib ölkələrə təsir göstərirlər. Digər tərəfdən, demokratiyanı bir ölkədən digərinə bir əşya kimi gətirmək mümkün deyil. Demokratik prinsiplər, dəyərlər ölkənin içərisində formalaşmalı, püxtələşməlidir. Buna isə zaman lazımdır. Bir misal çəkim. Avropa Şurasının tövsiyələrini statistik göstəricilərə görə ən çox yerinə yetirən ölkə Ukrayna idi. Hətta Avropa Şurasının Ukrayna Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tövsiyəsi də yerinə yetirildi. Baxmayaraq ki, sonradan köhnə konstitusiyanı bərpa etdilər, ancaq artıq gec idi. Ukraynada baş verənlər göz qabağındadır. Bu gün o tövsiyələri verən Avropa Şurası Ukraynanın gələcəyi ilə bağlı heç bir addım atmır.

Bu baxımdan demək istəyirəm ki, artıq beynəlxalq münasibətlərdə bütün amillər görünməyə başlayır. Avropada qəbul olunmuş dəyərlər məhz ikili standartlar nəticəsində korroziyaya uğrayıb. Azərbaycana insan haqları ilə bağlı təzyiqlər göstərilir. Mən bu təzyiqlərin canlı şahidiyəm. Ancaq qonşu ölkələrdə bu məsələ ilə bağlı vəziyyət bizimkindən qat-qat gərgin olsa da, onlara nəyə görəsə göz yumulur. Bu, həmin dövlətlərdən daha çox Avropa Şurasına mənfi təsir göstərir. Nəticədə bu qurum yavaş-yavaş nüfuzunu itirir. Əgər təşkilat nəyisə dəyişmək istəyirsə, birinci özündən başlamalıdır, ikili standartları aradan qaldırmalıdır. Necə ola bilər ki, digər dövlətlərə sanksiyalar tətbiq olunur, amma Ermənistana yox. Necə olur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistana heç bir təzyiq göstərilmir?! Belə hallar nə qədər davam edəcəksə, təşkilat da bir o qədər zəifləyəcək.

Digər bir misal çəkim. Beynəlxalq birlik tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası”nda “məhkəmə” qurulur, öz doğma torpaqlarında girov götürülmüş soydaşlarımız o “məhkəmə”yə cəlb olunur. Ancaq bununla bağlı nə Avropa Şurası, nə də digər təşkilatlar tərəfindən heç bir reaksiya, ya da sanksiya görmürük. Bu, Avropa Şurasının birbaşa ikili standartlarıdır.

Düşünürəm ki, 2015-ci il beynəlxalq münasibətləri daha açıq şəkildə ortaya qoyacaq və bu nöqteyi-nəzərdən Azərbaycan üçün çox əlverişli bir il olacaq. Çünki Azərbaycan beynəlxalq münasibətlərdə heç vaxt heç nəyi gizlətməyib. Ermənistan isə gizlədib, Avropa Şurası bizə ikili standartlarla yanaşıb. Biz isə həmişə demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində tam şəkildə açıqdır. Biz münaqişənin həllini istənilən səviyyədə müzakirə etməyə hazırıq – istər ATƏT, istər Avropa Şurası, istərsə də NATO Parlament Assambleyası səviyyəsində. Ermənilər isə deyirlər ki, Minsk qrupunda müzakirə edək, amma Avropa Şurasında yox. Niyə? Deməli, rəsmi Yerevan nədənsə çəkinir, məsələnin qabardılmasını istəmir. Lakin ermənilər tərəfindən nə qədər cəhdlər göstərilsə də, əminəm ki, haqq-ədalət öz yerini tutacaq. 2015-ci ildə beynəlxalq münasibətlərdəki vəziyyət bunu üçün əlverişli şərait yaradır.

Şərh Yaz