Günü bu gün o yerlərə qayıdaram… » Hərbiand

Son Dəqiqə:

Günü bu gün o yerlərə qayıdaram…

90001İnsan dünyaya gələndə qisməti onun alnına yazılır, deyir, müdriklərimiz. Əslində doğru deyimdir. Çünki insanın qismətinə nə yazılırsa, nə qədər ömür payı yaşayırsa, onu da görür. Bu həyat yolunda sevincli-şirinli günlər də olur, ağrılı-acılı günlər də. Həmsöhbətim Qarabağ döyüşlərində qəhrəmanlıqlar nümayiş etdirən Zərqəm Məmmədovun ömür payı da həm xoş, həm də acılı günlərlə keçib. Uşaqlıq illərinin sevincindən ayrılıb gəncliyin acısına düşmək ona nə qədər çətin olsa da, bu günü usanmadan , sınmadan keçməyə çalışıb. Bu ağır günlərdə həyatın ən dəhşətli anları ilə üzləşsə də, bir an da olsun geri çəkilməyib. Canından çox sevdiyi doğma elini silaha sarılaraq qoruyub, onun müdafiəsində ayıq-sayıq dayanıb. Bizimlə söhbətində də o günlərin ağrısını ürək yanğısı ilə yada salıb dərdini bizimlə bölüşdü.

Məmmədov Zərqəm Cəmil oğlu 1965-ci il fevralın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. Orta məktəbi də elə doğulduğu Mərcanlı kəndində bitirərək 1984-cü ildə hərbi xidmətə gedir. Zərqəmin xidməti sovet ordu sıralarında keçir. İki illik xidməti dövründə Zərqəm Rusiyanın Moskva, Sverdlovski və Perum şəhərlərində olur. Komandanlıq onları istədikləri zaman həmin şəhərlərə kurs keçməyə gönrədirdi, deyir. 1986-cı ildə xidmətini başa vuran Zərqəm doğma kəndə qayıdır. Bir ay istirahət etdikdən sonra Füzuli rayonunun Qaradiz stansiyasında yerləşən Vodaprovod deyilən yerdə sürücü kimi işə düzəlir. Hər şeyin sakit öz axarilə getdiyi bir zamanlarda nadanların için-için apardıqları planları ortaya çıxmağa başlayır. Bir-birinin ardınca fasilələrlə torpaqlarımızı işğal edərək özlərinə yer salan daşnaklar bu dəfə hədəfi Qarabağ və Qarabağ ətrafı rayonlara tuşlayır. Zərqəm deyir ki mən, Vodapravodda işlədiyim vaxtda artıq vəziyyət gərginləşməyə başlamışdı. Əlbəttə ki, bir vətən övladı kimi yurdun bu dar günündə olanlara laqeyd yanaşa bilməzdim deyir, bu cəsur döyüşçümüz. O, işini buraxıb könüllü olaraq Cəbrayıl batalyonuna yazılır. Deyir ki, mənimlə birgə kəndin bir çox cavanları Süleyman, Məhəmməd, Mətləb, Xanlar, Fəxrəddin, Rəşid, Arif, Şaxsuvar, Qədimalı, Natiq və bir çox say-seçmə oğullarımız əlinə silah alıb torpaqlarımızı müdafiəyə qalxdılar: “2 ay Seyfəlidə təlim keçdikdən sonra bizi birbaşa cəbhənin Ağdam istiqamətinə apardılar. Ağdamın Güllücə kəndinin müdafiəsində iştirak etdik. Həmin kəndin azad olunmasında hər iki tərəfin itkisi çox oldu. Demək olar ki, Cəbrayıl batalyonunun biri tamamən şəhid oldu”.

Piyada qoşunlarında olan bu qəhərmanımız deyir ki, bütün çətin döyüşlərə qorxmadan atılırdıq: “Qış ayları idi. Havalar çox soyuq keçirdi. Çox təsiredici bir haldır. O döyüşdə bizim pəhləvan kimi oğullarımız şəhid oldu. Güllücənin azad olunması bizim batalyona tapşırılmışdı. Biz verdiyimiz itkilərə baxmayaraq, həmin kəndi azad edib sonradan qayıtdıq öz rayonumuza. Rayon mərkəzinə gəlməsək də, batalyonumuz Füzulinin Kərimbəyli kəndində yerləşdi. Həmin kənddə bir çox batalyonlar var idi. Kərimbəylinin və bundan əlavə bir çox kəndlərin də azad olunmasında iştirak etmişik. Sonra biz Cəbrayıl uşaqları, Cocuq Mərcanlı kəndinə gəldik. Yuxarı kəndlər, rayon mərkəzi işğal olunmuşdu artıq. Bizim Cocuq Mərcanlıdakı keçən ən ağır döyüşlərimiz kəndin yuxarı tərəfində qəbristanlığın yanındakı  Lələ təpəsində olub. Bu döyüşlərdə də xeyli itkimiz oldu. Düzdür, qarşı tərəfin də itkisi az olmadı. Mən iştirakçısı olduğum döyüşlərdə çox cəsur uşaqlar gördüm. Ölümün üzərinə şığıyan qəhrəman oğullarımız həddindən artıq çox idi. Ermənilərin silahı bizim silahlardan xeyli müasir idi. Əgər bizim onlar kimi müasir tipli silahlarımız olsa idi, bu cür şir ürəkli oğulların sayəsində indi Qədim İrəvan mahalını da o murdarlardan azad etmişdik. Onların silahını məlum məsələ idi ki, ruslar təmin edirdi. Bizlər isə müstəqilliyi yenicə qazanmışdıq. Hələ tam formalaşmayan bir orduyla adı erməni olub arxasında rusların dayandığı bu müharibədən mən deyərdim ki, qalib çıxmışıq biz. Baxmayaraq ki, torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır, ancaq bu, o demək deyil ki, biz məğlub olmuşuq. Bir döyüşçü kimi onu deyə bilərəm ki, mən çox şeyin şahidi oldum bu döyüşlərdə. Doğrudanda Azərbaycanın qəhrəman oğulları hər zaman olub və daimada olacaqdır. Biz Cocuq Mərcanlıda, kənd Horadizdə döyüşlərdə olanda  mənim öz həmkəndlilərim olan uşaqlardan Arif  və Mərkəzin qəhrəmanlığını hər zaman hər yerdə deyirəm. Arif hərbi xidmət yaşında olarkən xidmətini keçirdi. Onun xidməti müharibə vaxtına düşdü. O, görünüşcə çox sakit təbiətli, utancaq eyni zamanda da tərbiyəli bir oğlan idi. Ailənin böyük övladı idi. Rabitədə xidmət edirdi. Rabitəni çox gözəl bilirdi. Mən deyərdim ki, bizim irəliləməyimizin ən çox səbəbkarı elə Ariflə Mərkəzin sayəsində olurdu. Arif onların yerini tam dəqiqliklə təsbit etdikdən sonra bizə xəbər verirdi. Biz də həmin yerdən hər vaxt uğurla geri qayıdardıq. Arif elə həmin Lələ təpəsindəki döyüşdə komandirimizlə birgə mənim yanımda şəhid oldu. Allah onların ikisinə də rəhmət eləsin. Mən deyərdim ki, Arifə Milli Qəhrəman adı verilsə idi ona halal olardı. Çox cəsur uşaq idi. Müharibə başlayan gündən hər saatın ağır keçdiyi məlum məsələdir. Ancaq mən deyərdim ki, 1993-cü il də tariximiz üçün ən ağır il olub. Həmin il bir neçə rayonlarımız ardı-ardına işğal olundu. İtkilərimiz çox oldu. Mən özüm 1994-cü il martın 19-da  Lələ təpəsində gedən döyüşlərdə qolumdan yaralanmışam. Yanımda kənd uşaqlarından olan rəhmətlik Rəşidlə, Əhməd olmasa idi, bəlkə də indi mən həyatda yaşamırdım. Çoxlu qan itirmişdim. Onlar məni o qızğın döyüşlərdən çıxardılar. Göndərdilər Ələt hospitalına. İki ay hospitalda müalicə aldıqdan sonra yenidən tibbi komisiyadan keçirdilər və döyüşə yararsız olduğum haqda sənəd verdilər. Ancaq mənim fikrim yenidən batalyona qayıtmaq, döyüşçü yoldaşlarıma qatılmaq idi. Mən hələ hospitalda olanda xəbər çıxdı ki, atəşkəs imzalanıb. Onu da deyim ki, döyüş elə andır ki, bir dəfə ora düşdünsə, artıq insanın canında heç bir qorxu hissi qalmır. Birdə ki, biz ilk günlərdən artıq müharibə, atəş səslərinə alışmışdıq. Çünki açılan atəş səslərinin hamısı evlərimizin içərisində açıq-aydın şəkildə eşidilirdi. Eyni zamanda da xidmətdən yenicə qayıtmışdım. Hərbin nə olduğunu, onun qayda qanunlarını öyrənmişdim. Bizim batalyonumuzda elə uşaqlar var idi ki, onların biri bütöv bir erməni batalyonuna dəyərdi”.

Müsahibim deyir ki, doğma kəndin müdafiəsində yaralanmaq onun üçün qürurvericidir. Zərqəm onu da vurğulayır ki, kəndin yuxarı tərəfi Mehdili kəndinə olan istiqaməti kəndin beş nəfər cəsur döyüşçüsü tərəfindən murdarlardan azad olunub: “Biz beş nəfər kəndin yuxarı tərəfində vəziyyətin necə olduğundan xəbər bilmək üçün getdikdə qarşılaşdığımız vəziyyət heç də xoşagəlimli olmadı. Çünki ermənilər kəndin içərisinə doğru artıq irəliləmişdi. Rəşid evlərdən birinin damına çıxdı ki, ətrafa nəzər yetirsin, vəziyyətin nə yerdə olduğundan xəbər bilək. O, başını yuxarı qaldırar-qaldırmaz ermənilər onu görən kimi atəş açmağa başladılar. Bir müddət atışma davam etdikdən sonra biz arxa batalyondan kömək çağırdıq. Bizə kömək gələndən sonra ermənilər geri çəkilməyə başladı. Düşmən geri çəkilən kimi biz tez həmin əraziyə nəzarəti əlimizə keçirdik”.

Aradan illər keçməsinə baxmayaraq, müsahibim deyir ki, döyüşçülərimizin qəhrəmanlığı indi də gözümün qabağında bir kino kimi canlanır: “Necə olsa da, insanın canında bir qorxu hissi olur. Ancaq mən o uşaqların gözündə qisas hissindən başqa heç nə görmürdüm”.

Hazırda II Qrup Qarabağ əlili olan döyüşçümüz hələ də canında döyüş ruhunun olduğunu deyir: “Baxmayaraq ki, məni orduya yararsız kimi tərxis ediblər, ancaq yenə də hücum əmri verilərsə, əlimdə silah ön sırada gedənlərdən olacam. Bir gün də olsun öz isti ocağımda dayanmaram. Torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirəm”.

Müsahibim söhbət zamanı bu gün də onu göynədən hadisəni yada saldı. Zərqəm deyir ki, kənd camaatı ev-eşiklərini tərk edib çıxanda hər şeylərini evdə qoyaraq bir tək canlarını qurtarmaq üçün özlərini Arazın soyuq sularına atırdı. Müsahibim onu da vurğulayır ki, ermənilər hücuma keçərkən, ilk növbədə, ikimərtəbəli evləri atəşə tutub məhv edirdilər. Birmərtəbəli evlərin heç birinə toxunmamışdılar. Ancaq kənddə nə qədər ikimərtəbəli evlər var idisə, hamısını yandırmışdılar.

Cəsur döyüşçümüz xatirəsini bizimlə bölüşərkən bir laçınlı döyüşçünün doğma qardaşının erməni silahlısını öldürərək qisasını aldığını söylədi: “Həmin hadisə aşağı tərəfdə olan bulağın yaxınlığında baş vermişdi. Belə ki, həmin istiqamətə kimi ermənilər irəliləyir. Ermənilər gecələri həmin əraziyə kimi gələrək bizimkilərin postlarını atəşə tutur, gündüzləri isə çəkilirdilər. Biz kənd uşaqları kəndin hər tinini əlimizin içi kimi bildiyimizdən erməniləri bulağın yanından xeyli geriyə çəkilməyə məcbur etdik. Orda da çox gərgin döyüşümüz oldu. Laçından olan oğlan da qardaşının qanını elə orda almışdı”.

Zərqəm deyir ki, döyüşçülər ac qalmamaq üçün evlərdə qalmış ərzaqlardan  istifadə edirdilər. Hətta bir dəfə öz evindən üzüm yarpağı gətirib postda uşaqlar üçün dolma bişirirlər. Müsahibim deyir ki, hal-hazırda kəndin kənar hissələri ermənilərin nəzarəti altındadır. Hər gün doğulduğu kəndə qayıtmağın həsrətilə yuxudan oyanır, gecələri isə kənddəki xatirələrini gözünün önündə canlandıraraq keçirir.

ANNA

Şərh Yaz