“Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı həmişə dəstəkləyərək onun ərazi bütövlüyünü istəyir” » Hərbiand

Son Dəqiqə:

“Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı həmişə dəstəkləyərək onun ərazi bütövlüyünü istəyir”

PakistanPakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir (1991-ci il). Artıq 13 ildir ki, ölkələrimiz arasında diplomatil əlaqələr qurulub. Bakıda Pakistan səfirliyi açıldıqdan sonra 1997-ci ildən İslamabadda ölkəmizin səfirliyi fəaliyyətə başlayıb. İndi ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf etməkdədir. Bu gün Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser suallarımızı cavablandırır:

– Cənab səfir, ölkələrimiz arasındakı münasibətlər sizi razı salırmı?

– Bildiyiniz kimi, ölkələrimiz bir-birinə çox yaxın olduğu üçün aramızda qardaş münasibətləri mövcuddur. Əlaqələrimiz möhkəm təməl üzərində qurulduğundan bu münasibətlər güclüdür. Hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyev Pakistana səfər edərək münasibətlərimizin əsasını möhkəmləndirdi. Bu gün Prezident İlham Əliyev də ümummilli liderin yolunu davam etdirir. Mən deyərdim ki, ölkələrimizin siyasi sahədə əməkdaşlığı digər ölkələr üçün də örnək ola bilər. Məlum olduğu kimi, Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı həmişə dəstəkləyərək onun ərazi bütövlüyünü istəyir. Xalqımız Azərbaycana Kəşmir məsələsində verdiyi dəstəyə görə çox minnətdardır. Ölkələrimiz münaqişələrin beynəlxalq hüquq müstəvisində həll olunmasını istəyirlər. Pakistan xalqı, həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna ölkəmizdə həyata keçirdikləri xeyirxah layihələrə görə minnətdardır. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində Mehriban xanımın xüsusi rolu var. O, ölkəmizdə gördüyü işlərlə yaxşı tanınaraq sevilir.

Biz fərqli coğrafi məkanda yaşasaq da, bir çox eyni mədəni dəyərlərə malikik. Ən əvvəl eyni dinin daşıyıcılarıyıq. Səfirliklərimiz qarşılıqlı olaraq hər iki paytaxtda təşkil edilən mədəniyyət, xeyriyyə tədbirlərində iştirak edirlər. Zənnimcə bu, hələ azdır. Mədəni əlaqələrin genişləndirilməsi üçün davamlı mübadilə etməliyik. Sənət kollektivlərinin, tələbələrin, jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilsə, bu, ölkələrimizin, xalqlarımızın bir-birini daha da yaxından tanıması üçün əhəmiyyətli olar. İstəyirik ki, mədəniyyət sahəsində əlaqələrimiz daha da inkişaf etsin.

– Ölkələrimizin hansı sahədə daha çox potensial imkanları var?

– Məncə, təhsil və insan resursları sahəsində əməkdaşlıq üçün potensial imkanlarımız böyükdür. Respublikanız müstəqillik qazandıqdan sonra azərbaycanlılar Pakistanda bir çox kurslarda iştirak etdilər.  Bizim Xarici Xidmət Akademiyasında 40 nəfərə yaxın diplomatiya sahəsində kurs keçib. İndi ölkənizin təhsil sahəsində infrastrukturu əlverişlidir. Bu, onu göstərir ki, tələbə mübadiləsini genişləndirmək olar. Təəssüf ki, hələ ticarət sahəsində ciddi nailiyyətlərimiz yoxdur. Bu da ölkələrimiz arasında birbaşa hava reysinin olmamasından irəli gəlir. İndi Azərbaycan, Türkiyə, Pakistan hava yolları vasitəsilə həmin yöndə iş aparılır. Bu il birbaşa hava reysinin açılmasına çalışacağıq. Güman edirəm ki, yaxınlarda danışıqlara yekun vurulacaq və İstanbul-Bakı-İslamabad reysinin açılmasına nail olacağıq.

Bizim tekstil məhsullarımız dünyada yüksək qiymətləndirilir. Əczaçılıq məhsullarımızın da keyfiyyəti yüksəkdir, bu sahədə də əməkdaşlıq etməyimiz mümkündür. Ölkənizdə neft-qaz sahəsi çox inkişaf edib. Pakistanda bu sahədə iş adamları xaricdən olan tərəfdaşlarıyla bərabər qazıntı, axtarış işləri aparırlar. Ölkəmiz neft-kimya məhsullarını idxal edir. İş adamlarımız həmin sahədə də əməkdaşlıq edə bilərlər. Hərbi sənaye, müdafiə sahəsində də əməkdaşlığımız inkişaf edir. Bütün bu sahələrdə münasibətlərin inkişafı diqqət mərkəzindədir.

Əlbəttə ki, mədəni əlaqələrimizi də inkişaf etdirmək niyyətindəyik. Bu gün hər iki ölkədə tanınmış incəsənət adamları çoxdur. Bu sahədə qarşılıqlı səfərlər, tədbirlər təşkil etmək yerinə düşər.

– Bəs turizm əlaqələrinin inkişafını necə görürsünüz?

– Son dövrdə Azərbaycanın bir çox bölgələrində də yeni turizm məkanları, istirahət mərkəzləri inşa olunur. Tanrı sizlərə 9 iqlim qurşağı, gözəl təbiət bəxş edib. Qədim mədəni irsinizi də çox yaxşı qoruyub saxlaya bilmisiniz. Pakistanda da bəzi qədim sivilizasiyaların, mədəni irsin izləri qalmaqdadır. Bundan başqa, ölkəmizdə müasir turizm infrastrulturları yaradılıb.  Pakistanlılar da sizlər kimi qonaqpərvərdirlər. Burada gərək olan əsas məqam xalqlarımızı birbaşa münasibətlərin qurulmasına həvəsləndirib turizmi inkişaf etdirməkdir.

– Yəqin ki, burada olduğunuz bir neçə ay ərzində ölkəmiz haqqında təəssüratınız zənginləşib?

– Azərbaycanda işə başlamazdan əvvəl mən İslamabadda Xarici Xidmət Akademiyasına rəhbərlik edirdim. Təbii ki, ölkəniz haqqında müəyyən məlumatlarım vardı. Burada mən də, ailəm də özümüzü çox rahat hiss edirik – mehriban bir mühitdə yaşayırıq. Ölkə rəsmilərindən hər zaman diqqət və hörmət gördüyümüz kimi azərbaycanlı uşaqlar da övladlarımızla dostluq edirlər. Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir. Və yəqin ki, burada yaşayıb çalışdıqca onlar daha da zənginləşəcəkdir. Məncə, Azərbaycan öz ölkəmə – Pakistana bənzəyir. Naxçıvan, Qəbələ və digər regionlara olan səfərlərim belə qənaətə gəlməyimə əsas verib. Burada çalışdığım müddətdə çalışacağam ki, ölkənizin bütün bölgələrində olub, onun gözəl adət-ənənələrilə tanış olum.

İradə ƏSƏDOVA

Şərh Yaz