Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi – qəmə » Hərbiand

Son Dəqiqə:

Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi – qəmə

DSC_00071918-ci il may ayının 28-də, olduqca mürəkkəb bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq  Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. Həmin keşməkeşli günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin işğalı altında idi. Yaranmış tarixi şəraitdən həmişə öz xeyirlərinə yararlanan ermənilər Zəngəzurda, Göyçədə, Qarabağda və başqa bögələrdə azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törədirdilər. Onları dədə-baba torpaqlarından qovmağa, öldürməyə çalışırdılar.

Daşnak-bolşevik qüvvəlləri 1918-ci il mart ayının son 3 günü ərzində xalqımıza qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər.  Həmişə göz yaşları ilə xatırlanan o günlərdə Bakıda, Şamaxıda, Qubada və başqa bölgələrdə 30 mindən çox  azərbaycanlını amansızcasına qətlə yetirdilər. Bolşevik donu geyinmiş ermənilər necə olursa-olsun, Bakını əldən vermək istəmirdilər. Amma Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək mümkün deyildi. Çünki Göyçənin, Zəngəzurun, Qarabağın və başqa bölgələrin azadlığına doğru uzanan yollar Bakıdan – ölkənin paytaxtından keçirdi. Belə bir şəraitdə özünün də ağır durumda olduğuna baxmayaraq, Osmanlı dövləti Azərbaycanla 1918-ci il iyun ayında bağladığı “Dostluq və əməkdaşlıq” müqaviləsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrini Nuru Paşanın rəhbərliyi altında ölkəmizə göndərdi.

1918-ci ilin avqust-sentyabr aylarında Bakını daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başlanır. Göyçaydakı ilk döyüşdə daşnak-bolşevik qüvvələr məğlub olub geri çəkilir. Bakıya – ölkənin paytaxtına gedən yollardakı duman bir az seyrəlir. 1918-ci il sentyabr ayının 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu, Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-bolşevik qüvvələrindən azad edir. Bakının azad edilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Məşhur milyonçu və tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyev ordunun şərəfinə ziyafət verir.

Bu gün xalqımızın yaddaşında Nuru Paşa ilə bağlı xoş xatirələr yaşayır. Xalqımız onu özünün xilaskarı kimi görür və xatirəsi qarşısında baş əyir. Bir çox tarixi mənbələrdə göstərilir ki, Nuru Paşa bir hərbçi kimi uğurunu Azərbaycanda əldə edib. Qardaş ölkədə qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixində və ümumən Türkiyə-Azərbaycan tarixində silinməz izlər qoyub.

Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində şəhər sakinlərinin də çox böyük fədakarlığı olub. Qoynunda böyüdüyü şəhərini azad görmək istəyən sakinlər xilaskarları olan türk əsgərlərinə hər addımda kömək ediblər. Yerli camaat onları öz evində saxlayıb, qonaqpərvərlik göstərib, yemək verib, mənəvi dəstək olublar. Türk əsgərlərinə kömək edən, onlara öz ocağının başında yer göstərən insanlardan biri də İçərişəhər sakini Şıxəli Hacıyev olmuşdur. Çox xeyirxah və vətənpərvər olan Şıxəli Hacıyev 1880-ci ildə İçərişəhərdə dünyaya göz açmışdı. Sövdəgər nəslindən olan Şıxəli kişi Bakı şəhərinin mərkəzində bir neçə yerdə qalanteriya dükanları işlədirmiş. 1918-ci ilin mart ayında ermənilərin Bakıda törətdikləri soyqırımının canlı şahidi olan Hacı Şıxəli neçə-neçə ailəyə əl atmış, onları qorumuşdu.

Türk İslam Ordusu və Azərbaycan Milli Korpusu Bakını erməni-bolşevik qüvvələrindən azad etmək üçün şəhərə hücum edəndə Hacı Şıxəli neçə vaxt idi ki, şəhərlərini azad görmək istəyirdi. Türk əsgərləri şəhərə daxil olanda Hacı Şıxəli onlara əlindən gələn köməyi edib, yaxşılığını, xeyirxahlığını onlardan əsirgəməyib. Hacı Bakını azad edən türk əsgərlərinə həsasslıqla, hörmətlə yanaşıb. Var-dövlətini şəhərimizin erməni-bolşevik dəstələrindən azad edilməsi yolunda səxavətlə xərcləyib. Xeyli müddət onları yataqla, ərzaqla təmin edib. Türk əsgərlərinə mənəvi dəstək olaraq onları döyüşə, daşnak-bolşevik qüvvələrini məhv etməyə, şəhərimizdən qovmağa, düşmənlər üzərində qələbə çalmağa ruhlandırıb. Məhz belə xeyirxah və cəsarətli insanlar sayəsində Bakımız, qədim İçəri şəhərimiz istilaçı qüvvələrdən azad edilib. Həm Bakı qoçularının, həm də Hacı Şıxəli kimi ləyaqətli insanların hesabına ermənilər İçəri şəhərdə soyqırımı törədə bilməyiblər. İçəri şəhərin küçələrinə onun sakinlərinin qanı tökülməyib.

Bakı erməni-bolşevik silahlı qüvvələrdən azad olunduqdan sonra şəhər rahat nəfəs alırdı. Türk əsgərlərinin şəhər sakinləri tərəfindən yerlərdə belə mehriban qarşılanması xəbərləri general-mayor Nuru Paşaya da gəlib çatırmış. Tabeliyində olan əsgərlərin belə sevinclə qarşılanması onun da ürəyini açırmış.

1918-ci il noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşa ilə vidalaşma mərasimi təşkil edib, onun şərəfinə təntənəli ziyafət verib. Azərbaycan hökumətinin sədri F.X.Xoyski, “Müsavat” Partiyasının lideri M.Ə.Rəsulzadə çıxış edərək Nuru Paşaya və onun komandanlıq etdiyi qoşunların əsgər və zabitlərinə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə Azərbaycan xalqı adından minnətdarlıq ediblər.

Bakıda olduğu müddətdə türk əsgərləri ilə yerli əhali arasında dostluq münasibətləri yaranmışdı. Şəhər sakinləri ilə görüşlərində Qafqaz İslam Ordusunun komandanı bu mehribançılığa görə onlara minnətdarlığını bildirirdi. İçərişəhərə gələn Nuru Paşa sakinlərlə görüşmüş, türk əsgərlərinə göstərdiyi mehribançılığa, ürəkdən gələn qayğıkeş münasibətə və vətənpərvərliyə görə yadigar olaraq üzərində Fateh Sultan Mehmetin möhürü və ay-ulduz həkk olunmuş qəməsini Hacı Şıxəliyə vermişdi. İçərişəhər sakini Hacı Şıxəli Nuru Paşanın ona bağışladığı qəməni ömrünün sonuna kimi iftixarla qoruyub saxlamışdı. Hacı Şıxəlinin ölümündən sonra isə Nuru Paşanın hədiyyə etdiyi qəməni onun oğlu Məmməd Naib qorumuşdu. İndi isə həmin qiymətli hədiyyə Hacı Şıxəlinin nəvəsi hazırda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitiabxanın beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Xanım Hacıyevadadır. Nuru Paşanın bağışladığı qəmə bu ailədə, bu evdə qardaşlıq və məğlubedilməzlik rəmzi kimi saxlanılır və maraqlananlara ürəkaçıqlığı ilə nümayiş etdirilir.

Nuru Paşanın 1918-ci ildə İçərişəhər sakini Hacı Şıxəliyə qəməsini bağışlaması haqqında məlumatı ilk dəfə onun nəvəsi Mələkxanım Hacıyevadan eşitdim. Uzaq keçmişdən yadigar qalmış həmin qiymətli qəməni görmək üçün Mələkxanımın iş yerinə getmişdim. Qəməni görəndə heyrətə gəldim. Evdə, ailədə onu yaxşı saxlamışdılar. Qəməyə toxunanda sanki qanım coşdu. Bir vaxtlar Bakını erməni-bolşeviklərdən azad etmiş qüvvələrin komandanı olmuş general-mayor Nuru Paşanın üstündə gəzdirdiyi qəməyə indi mənim əllərim dəyirdi. Doğrudan da, çox iftixar duyulası anlar idi. Bu qəmə məğlubedilməzlik və azadlıq rəmzi idi. Qəmənin sahibi canı, qanı bahasına ölkəmizin paytaxtı Bakı şəhərini erməni-daşnak qüvvələrindən azad edərək xalqımıza qaytarmışdı. Azərbaycan xalqı Nuru Paşanı həmişə böyük ehtiramla anır, hörmətlə xatırlayır.

Müxtəlif rakurslardan qəmənin şəklini çəkəndən sonra Mələkxanım Hacıyeva onunla bağlı xatirlərdən söz açdı. Tubu nənəsinin danışdıqlarını dilə gətirən Mələkxanım dedi:

– O illəri xatırlayan nənəm həmişə bizə danışardı ki, erməni-müsəlman qırğınında babanız bu evdə çoxlu türk döyüşçüsü saxlayırdı. Onların aralarında elə zabitlər var idi ki, Türkiyədən birbaşa bu evə babanıza görə gəlirdilər. Şıxəli hərbçiləri ürəkaçıqlığı ilə qəbul edir, yedirdib-içirdir, döyüşmələri üçün əlindən gələn köməkliyi edirdi. Türk əsgərləri Bakını azad edəndən sonra Türkiyəyə qayıtmağa hazırlaşırdılar. Yola düşən gün babanız onlara yaxşıca bir ziyafət də verdi. Türk əsgərləri bizdən göz yaşları içində ayrıldılar.

Görkəmli sərkərdə Nuru Paşanın Hacı Şıxəliyə hədiyyə etdiyi qəmənin üstündə əsgi əlifba ilə sözlər yazılıb. Bu sözlərin mənasını bilmək əlbəttə ki, maraqlı olardı. Mələkxanımdan öyrəndim ki, mətni Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət oxuyub tərcümə edib. Məlum olub ki, qəmənin üstündə bu sözlər yazılıb: “Döyüşdə zərbə endirmək, xırdaxırda doğramaq, döyüşə hazır olmaq, haqqını ödəmək”. Döyüşə, mərdliyə, igidliyə çağıran çox dəyərli sözlərdir. Buradan belə nəticə çıxarmaq olur ki, savaş zamanı nəinki sərkərdənin, zabitin, əsgərin, hətta, qılıncın, bıçağın qəmənin də döyüş vəzifəsi var. Təbiidir ki, bütün bunlar müharibələrin yazılmış və yazılmamış qanunlarıdır.

Sözsüz ki, 1918-ci ilin mart soyqırımı günlərində erməni-bolşevik qüvvələrinin İçərişəhərə daxil ola bilməməsində türk əsgərləri ilə bərabər, İçərişəhərin Hacı Şıxəli kimi hörmətli, nüfuzlu sakinlərinin də əməyi, zəhməti çox olmuşdur. Xalq yolunda çəkilən zəhmət, görülən iş heç vaxt unudulmur. Hacı Şıxəli kimi xeyirxah insanlar indi haqq dünyasına qovuşsalar da, qədirbilən xalqımız həmişə onları xatırlayır.

Nuru Paşanın Hacı Şıxəliyə qəməsini bağışlamasında bir rəmz də var. Yəni görkəmli sərkərdə İçərişəhər sakininə başqa bir şey də hədiyyə edə bilərdi. Amma general qəmə hədiyyə edib. Çünki qəmə döyüş ləvazimatıdı. Yəqin böyük sərkərdə bununla demək istəyib ki, nə qədər erməni  kimi düşməniniz var, silahınızı hazır tutun, həmişə döyüşə hazır olun. Şəhər və kəndlərinizi, torpaqlarınızı yağılardan qoruyun.

Vahid MƏHƏRRƏMOV  

Şərh Yaz