Sayman Aruz: “Azərbaycan vətəndaşı olmaq böyük fəxrdir və bunu hər bir azərbaycanlı anlamalıdır” » Hərbiand

Son Dəqiqə:

Sayman Aruz: “Azərbaycan vətəndaşı olmaq böyük fəxrdir və bunu hər bir azərbaycanlı anlamalıdır”

20140916_124023Həmsöhbətimiz yazar Sayman Aruzdur. Sayman Həsənzadə 21 mart 1977-ci ildə Cənubi Azərbaycanın Sulduz şəhərində doğulub, ali təhsilini Təbriz Azad Universitetində alıb. İranda qadağa qoyulan “Sükut kimi sakit”, “Barış xətabələri”, Bakıda nəşr olunan “Bahar gəlmədi”, “Paltarlarım adamsızdır” şeir kitablarının və “Yüz il inqilab” romanının müəllifidir. Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ) təsisçisi və rəhbəri, eyni zamanda Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiridir.

– Sayman Aruz neçənci ildən Azərbaycandadır?

– 2005-ci ildən burdayam. Uşaqlıqdan, uzun illər fars dilində yazmışam. İsfahan şəhərində nəsr və nəzmdən iki dəfə 1-ci, “Qızıl alma”nın türk bölməsində isə Azərbaycan dilində bir dəfə, 1-ci yerləri tutmuşam. Ürəyimiz Azərbaycanla döyündüyü üçün ana dilimizdə yazmaq bizim üçün daha əhəmiyyətli idi, ona görə də daha fars dilində yazmadıq deyə, 2009-cu ildən daimi olaraq  Azərbaycanda yaşamağa başladım. Burda Cənubi Azərbaycanla bağlı ədəbi sahənin olmadığı üçün təkcə fəaliyyət göstərməyə başladım. Dayaq sıra kitabları adıyla 13 kitab çap elədim, Cənub ədəbiyyatı adı altında saytlar yaratdım. Sonra AYB-da xalq şairi Fikrət Qoca, Anar müəllim dəstək göstərdilər və burda qalıb işlədim. AYB-nın hazırda mənim fəaliyyət göstərdiyim cənub şöbəsi isə 1980-ci illərdə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və xalq şairi Balaş Azəroğlu burda Cənubi Azərbaycan məsələləri üzrə uzun illər katib vəzifəsində çalışıb.

– Təbrizə yollar niyə üzünüzə bağlandı?

– Məlum olduğu kimi İranda azərbaycanlılar bir qədər sıxıntı altındadır, ana dili uğrunda mübarizə edən hər bir adam təzyiqlərə məruz qalır. Orda səslənən azadlıq şüarlarının çoxu mənim şeirlərimdir. Məsələn, “öz dilində mədrəsə olmalıdır hər kəsə” və bir çox başqa şeirlərim var. Bir insanın ədəbiyyatçı, həm də millətinin ideoloqu kimi hərəkət etməsi ordaki şounist hakimiyyət üçün xoş deyil. Azərbaycan adı ilə nəfəs alırıq deyə, şounistlərlə razılaşıb tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin  üstündən xətt çəkib onlarla bir yolda addımlaya bilməzdik. Rastlaşdığım müəyyən çətinliklərdən sonra Azərbaycana gəlməli oldum. Əslində ora da vətəndir, bura da, vətəni nə atmaq, nə də unutmaq olmaz, amma vəziyyət belə gətirdi. Azərbaycan vətəndaşı olmaq böyük fəxrdir və bunu hər bir azərbaycanlı anlamalıdır.

– Doğulduğunuz Sulduz şəhərini və ümumilikdə o dövrdə Təbrizdə baş verənləri necə xatırlayırsız?

– Sizlər vətənə başqa cür bağlısız, biz isə vətənə vətəni olmayan insanlar kimi bağlıyıq. Ona görə də, vətənlə bağlı olan hər şey bizə müqəddəsdir. Sizin vətəniniz var, müstəqilsiniz, ana diliniz, hakimiyyətiniz, televiziyalarınız, radiolarınız, qəzetləriniz, saytlarınız, hər şeyiniz var. Bizdə bütün bunların demək olar ki, biri belə yoxdur. Orda hər şey öz yerində qalıb, sadəcə işlənmir deyə, üstünə toz qonub, birbalaca azadlıq küləyi əssə, o tozların hamısını kənara sovuracaq, həqiqi varlıqlarımız üzə çıxacaqdır. Azərbaycanın tarixi paytaxtı Təbrizdir və hamısı Qacar, Səfəvi hakimiyyətinin əraziləri olub. Azərbaycanın böyük bir hissəsi Cənubdur, ora da bir növ əsarət altındadır. Xalqımızın hər şeyini əlindən alıblar, bu doqquz milyonun da boynuna çox böyük vəzifə düşür. Şimali Azərbaycan həm öz yükünü daşımalıdır, həm də qırx milyonun ağırlığına dözməli, onlara dəstək verməlidir.

– Farsların özününkiləşdirdiyi kifayət qədər azərbaycanlı ədiblər var, bir az onlar haqda danışaq.

– Hamısını saya bilərəm və xüsusi ilə fars müasir ədəbiyyatını yaradan da azərbaycanlılardır. Fars uşaq ədəbiyyatının banisi Səməd Behrəngi də azərbaycanlıdır və onu Arazda boğub öldürdülər. İranda bundan başqa uşaq ədəbiyyatını dünya səviyyəsinə çıxardan olmayıb, indiyə kimi də yoxdur. Qəzəl və sərbəst nəzmdə Furux Fəruxzad, Himin Behbəhəngi, nəsrdə Kəlimə Mahmud Dövlətabadi, Qulamhüseyn Saili, Rza Bərahini, hamısı azərbaycanlıdır sadəcə ana dilimizdə yazmaq imkanları olmadığına görə fars dilində yazıblar ki, dünyaya çıxa bilsinlər.

– Bu gün cənubdan olan ədəbiyyatçılara necə dəstək olursuz?

– Dəstək deyəndə ki, əslində burda çox-çox məhdud imkanlarımız var. Büdcəmiz yoxdur kitablarını çap eləyək, jurnalımız yoxdur əsərlərini müntəzəm olaraq dərc eləyək. Sadəcə çalışırıq bizə göndərilən əsərləri “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat” jurnallarında, saytlarda dərc etdirək. Şərait yaradırıq burdakı ədəbi müsabiqələrdə iştirak etsinlər. Hələlik belə fəaliyyət göstəririk, bu körpünü yaradırıq və həm də çalışırıq Şimali Azərbaycan yazarlarını orda çap etdirək. İsdərdim ki, bizim burda müəyyən qədər büdcəmiz, maddi vəsaitimiz, fondumuz olsun ki, bizdə onunla nələrsə edə bilək. Əslində bu təkcə mənim deyil, cənubda, şimalda olan yazarların da istəyidir. Baxın, orda qırx milyon azərbaycanlı öz dilində yazıb oxuya bilmir, məktəbi yoxdur. Hətta ana dilində yazanda da onu bir dəfə yenidən yazmalısan ki, onlar üçün başa düşülən olsun, yəni dilimizi bu səviyyədə bilmirlər. Onlara dəstək olmaq üçün bizim özümüzün də çox böyük maddi dəstəyə ehtiyacımız var.

– Bu gün sizin cənuba yollarınız bağlıdır, gedə bilmirsiz və bütün doğmalarınız da orda. Deməli siz o dövrün ayrılığını bu gün şəxsən yaşayırsız?

– Doğrudan da mən o ayrılığı yaşayıram, həm də çox ağır. Bilirsiz, mən burda az çəkmirəm, mənim az nisgilim, az kədərim yoxdur. Kökündən qopmaq çətin məsələdir. Bir var sənin kreditin ola, ödəməsən də çətindi, xəstəlik də çətindir, qəzaya düşmək də, amma bunlar o deyil.

– Bayaq adət-ənənələrdən danışdıq. Təbrizdə bizə aid elə bir adət qalıb?

– Novruz bayramı bizim bayramımızdır, azərbaycanlılara xas bayramdır, amma onlar bunu da götürüb farslaşdırdılar. Məsələn, zərdüştlük Azərbaycandan gələn bir dindir, zərdüşt urmiyalıydı bunu gətirib tamam tərcümə elədilər, özlərinə uyğun bir şəkildə qoydular ortaya ki, güya bunlar hamısı fars olub. Bir nümunə deyim, mənim eşitdiyimə görə, Zərdüştün kitabı Avestanın öz adı Ustadır, usta da o dövrdə böyük ruhanilərə deyirmişlər, zirvədə olanlara. Üst-ad, Ustad üst-addır, yuxarıda olan. Us ağıl deməkdir, ağıllı və yuxarıda olanlar. Quran da Xaiq deməkdir, kim ki, qurub, Quranın da adı yüksəkdir. Avesta manna dilində yazılıb, amma bunlar tərcümə ediblər pəhləvi dilinə, deyirlər, Avesta pəhləvi dilində yazılıb, amma bu belə deyil, Zərdüşt Avestanı manna dilində yazıb. Bunlar hər şeyi fırladıb, öz xeyirlərinə dəyişməyə çalışırlar ki, türk heç vaxt olmayıb burda, amma nə qədər çalışsalar da alınmır, məsələn, Avestada Səhəndin adı Azvənd yazılıb, Az bizim elə kökümüzdür də, nə qədər də tərcümədə bunu dəyişsələr də, bu az sözunu silə bilməyiblər. Savalanın da, Səhəndin də orda öz adları yazılıb, yer adlarını bundan artıq dəyişə bilməyiblər. Beləliklə də, hər yerdə yayıblar ki, güya biz pəhləviyik, pəhləvidən dönməyik və ümumiyyətlə azərbaycanlılar da pəhləvidən dönmədi, türk dili yoxdur, biz azəriyik, amma şükür olsun ki bizim millət oyaqdır, oyanır və bu yalanlara da uymur. Azərbaycan dövləti günü-gündən böyüyür. Ancaq bir var azərbaycanlıya azəri demək, bir də var farsların azəri deməsi, bunlar fərqli cümlələrdi. Az elinə, obasına mənsub olan insanlara elə azəri deyirlər, azlı, azərili, ancaq farsca azər sözü od deməkdir, yəni o adam ki, oda pərəstiş, ibadət edir, zərdüşt, azərdüşt. Yəni biz oda ibadət edən pəhləviyik, türk deyilik, farsdan dönməyik, belə göstərmək istəyirlər, halbuki, azər sözü bir dövr yaşayan aztəklərin olub.

– Bu, bir növ qorxu deyilmi?

– Təbii ki. Ordakı azərbaycanlılar həmişə haqlarını tələb edirlər. Traktor Pol komandasının oyunlarına yüz min adam yığışır, hamısı da Azərbaycan bir olsun, ana dilimi istəyirəm deyib qışqırırlar, bunun qarşısını nə qədər almaq olar? Ən başlıcası da ədəbi və mədəni dirçəlişdir, bir xalqın ədəbiyyatı, mədəniyyəti müstəqil oldusa, o xalq onsuz da müstəqildir. Və yaxud bir xalqın nə qədər ki, müstəqil ədəbiyyatı, mədəniyyəti yoxdur, o xalq millətləşə bilməz. Mən həmişə deyirəm, biz hələ tam millətləşə bilməmişik. Tarix kitablarımıza baxın, 80-90 faizi cənubda olan hadisələrdir, səfəvi, qacar və s. Burda nə baş verib, xanlıqlar, xanlıq bəyəm tarixdir? Fəxr edirik səfəvilərlə, onların da paytaxtı Təbriz idi, bəs hanı Təbriz? Birincisi, Təbriz bizim olmayan yerdə tariximiz müstəqil deyil. Sonra götürək coğrafi ərazimizi, neçə faizi ordadı, tarixdə, ədəbiyyatda yazılan şəxsiyyətlərin neçə faizi ordadı, 80-90 faizi, demək olar ki, elə hamısı. Məmmədəmin Rəsulzadə harda yetişib gəldi, Axundzadə harda yetişdi, Azərbaycan dilini kim rəsmiləşdirdi? Mirzə İbrahimovdan tutmuş burdakı Mircəlallar və s. O vaxt şimali Azərbaycanda dəmiryollarını da cənublu fəhlələr tikib, metronun mütəxəssis və fəhlələri cənubdan gəlmişdi. Onları ruslar tikməmişdi ki, oxuyun görəcəksiz, orda ölənlərin hamısı cənubdan gələnlərdi. Metronu qazanlar, dəmiryollarını çəkənlər, burdakı quruculuqda iştirak edənlərin hamısı cənublu idi. Ara açıldı, çünki haqsızlıqla razılaşmadıq. Yollar nə qədər kəsilirsə kəsilsin, bizim vətənlə əlaqəmiz kəsilmir ki, biz etirazımızı hərəmiz bir növ bildiririk. Bu bizim şəxsi etirazımız, üsyanımızdır, inqilabımızdır. İnqilablarda insanın şəxsindən, özündən başlayır, biz bu inqilabları elədik .

– Azərbaycanda yaşayıb iki ayrı azərbaycanlı olmaq nə deməkdir?

– Mən iki ayrı azərbaycanlı kimi yaşamadım, orda da belə idim, burda da beləyəm, ancaq bilirsiz, iki ayrı azərbaycanlı kimi yox, bir milli azərbaycanlı kimi, gücümüzün orda qalmasına bəzən hirslənirəm, bəzən təəssüflənirəm, başqa heç nə.

– Söhbətimizi gözəl bir şeirlə yekunlaşdıraqmı?

Adımı qeyd elə inqilaba.
Devrilmiş ağac kimiyəm.
Arzularım intihar-deyə düyünləniblər bədənimə
Və alma verdiyim yerdə,
Adam gətirirəm.
Dərinliyin qayıtmazına batanda
Qaranlığı inkar eləmə,
Ağ-appaq ol!
Ağ-appaq ol!
Səni ananın göbəyinə çarmıxlayan
Atan deyildi,
Taleyin idi.

Ramilə Qardaşxanqızı

Şərh Yaz