“Naşı bir xəbər, bir şəkil hərbi sirrin yayılmasına, dövlətin təhlükəsizliyinin zərbə almasına səbəb ola bilər” » Hərbiand

Son Dəqiqə:

“Naşı bir xəbər, bir şəkil hərbi sirrin yayılmasına, dövlətin təhlükəsizliyinin zərbə almasına səbəb ola bilər”

herbi cekilishde“Unutmaq olmaz ki, mediada yayılan hərbi xarakterli məlumatlar informasiya müharibəsində daha çox istifadə olunur”

Mövzumuz hərbi jurnalistika, müsahibimiz İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovdur. O, həm də “Hərbi And ” qəzetinin baş readktor müavinidir. Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov 2002-ci ildən jurnalist fəaliyyətindədir. 2005-2007-ci illərdə İctiami Televiziyanın “Salam Əsgər” verilişində çalışıb, 2007-ci ildən isə İctimai Televiziyanın Qarabağ müxbiridir. O, 2013-cü ildən  Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu”nun dissertantıdır.  “Qərbi Azərbaycan salnamələri”,  “Bizim general” kitablarının müəllifi,  “ Ordudan tərxis olan gənclərə iş tapmaqda məsləhətlər” və  “Hərbçinin qeyd və yaddaş kitabcası”nın tərtibçisidir.

“Azərbaycan Silahlı Qüvələrinin 90 illiyi” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları ilə təltif olunub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Mətbuat Şurasının və müxtəlif dövlət qurumlarının Fəxri fərmanlarına layiq görülüb.

Uzun illər zabit kimi ön xətdə xidmət etmisiniz. Daha sonra hərbi jurnalistikaya atılaraq qəzetdə, tv-proqramda fəaliyyət göstərdiniz. Bu barədə geniş məlumat verərdiniz?

– 1993-cü il aprelin 2-də Ermənistan ordusu tərəfindən Kəlbəcərin işğalı zamanı Azərbaycan Milli Bankında “Kompüter” kiçik müəssisəsində mühəndis kimi çalışırdım. Türkiyədə olan dostlardan da orda işləmək haqqında təkliflər vardı. Lakin mənfur daşnaqlar tərəfindən torpaqlarımızın işğalının güclənməsi planlarımın dəyişməsinə səbəb oldu. Əslində bizim nəsil erməni terrorunun ağır nəticələrini öz üzərində dəfələrlə hiss edib. Atam Dərələyəz mahalının Sallı kəndindən, anam isə Sisyanın Ərəfsə kəndindəndir. 1987-ci ildə Ərəfsədə olanda kəndin yaxınlığındakı alban kilsəsinin erməniləşdirilməsini gözlərimlə görmüşəm. Anamın əmilərini 1918-cil ildə erməni daşnaqları öldürüblər. Məmmədəli adlı əmim isə 1949-cu ildə Ermənistandan deportasiya olarkən mərhumiyyətlər nəticəsində 14 yaşında xəstəlikdən dünyasını dəyişib.

Texniki Universtitetdə bir yerdə oxuduğum Əvəz Nəbiyevlə bir yerdə könüllü zabit kimi əvvəlcə təkmilləşdirmə kursuna getdik. Sonra Ağdərə istiqamətində döyüşlərdə artilleriya bölmələrində xidmətə başladıq. Ağdərə şəhəri, 3 nömrəli sovxoz istiqamətlərində, Levonarx, Çaylı, Talış və başqa yaşayış məntəqələri uğrunda döyüşlərdə iştirak etdik. Onu da qeyd edim ki, 1994-cü ilin əvvəllərində Akop-Komari kəndi yaxınlığında Əvəz yaralandı və xidmətini yarımçıq qoymağa məcbur oldu. O ki, qaldı müharibə vaxtı yaşadıqlarıma, onları bir neçə hekayədə yazmağa çalışmışam və yəqin ki, ardı olacaq.

2002-ci ildə “Hərbi And” qəzetində jurnalist fəaliyyətinə başladım. Təsisçinin və əməkdaşlarımzın fədakar əməyi nəticəsində bu qəzet qısa müddət ərzində hərbi mətbuat tarixinə öz adını yaza bildi. 2005-ci ildə İctimai Televizya fəaliyyətə başlayanda “Salam Əsgər” verilişində çalışmağa başladım. Qarabağ bürosuna isə 2007-ci ildə təyin edildim.

– Ümumiyyətlə, bu termin az istifadə olunur. Hərbi jurnalistika nə deməkdir və bu sahədə çalışmaq istəyənlər mütləq şəkildə hərbi təcrübəyə malik olmalıdır?

– Hələ İsgəndərin dövründə onu yürüşlər zamanı hərbi uğurları qeydə alan xüsusi adamlar müşayiət edirdi. 1450-ci ildə Qutenberqin ilk çap dəzgahını yaratması müharibələr haqqında geniş kütləyə daha tez məlumat verməyə  imkan yaratdı. Araşdırmaçıların fikrincə Britaniyanın ilk qəzeti olan “Wekly” oxucu kütləsini toplamasında 1618-1648-ci illər müharibəsinə borcludur. “Hərbi jurnalistika”nın əsas dövrü isə XIX əsrin ortalarından başlayır. Krım və Rus-türk müharibələri zamanı müharibəyə, döyüş əməliyyatlarına aid yazılar daha çox maraqla izlənilirdi. Təsadüfü deyil ki, Napoleon “Dörd düşmən qəzeti yüz min əsgərin açıq sahədə edə biləcəyindən daha çox zərbə endirməyə qadirdir” fikrində idi. Ötən əsrdən hərbi müxbirlərin əhəmiyyəti daha çox artıb. Müasir dövrdə Qərb mətbuatında hərbi jurnalistlər üç qrupa bölünür: “defense journalist” – müdafiə problemləri, hərbi araşdırmalar üzrə ixtisalaşmış jurnalist, “war journalist” (hərbi jurnalist) və “hot spot reporter” – “qaynar nöqtələr”dən xəbər verən reportyorlar. O ki, qaldı hərbi jurnalistin hərbi təcrübəyə malik olmasına, hesab etmirəm ki, bu sahədə çalışmaq istəyənlər mütləq orduda zabit kimi xidmət etməlidirlər, amma zəruri hərbi biliklərə malik olmalıdırlar. Ən çox da bu dediklərim cəbhə bölgəsindən xəbər verənlərə aiddir. Hərbi təcrübə isə əlavə üstünlük, mövzuya daha çox bələdlikdir. Birdə ki, dövlətə və orduya hansı informasiyanın ziyan verə biləcəyini heç hərbi xidmətdə olmayan jurnalistdən dəfələrlə yaxşı anlayırsan. Unutmaq olmaz ki, hərbi xarakterli məlumatlar informasiya müharibəsində daha çox istifadə olunur. Naşı bir xəbər, bir şəkil  hərbi sirrin yayılmasına, dövlətin təhlükəsizliyinin zərbə almasına səbəb ola bilər və olur.

– Bir qədər yaxın keçmişə nəzər salaq. Ötən il avqust ayında cəbhə xəttində baş verənlərin işıqlandırılmasıyla bağlı nə deyə bilərsiz?

– Təəssüf ki, o zaman bölmələrimizin manevrləri, texnikaların hərəkəti, əsgər itkiləri haqda məlumatlar ölkə KİV-lərinin bəzilərində yumşaq desək, qeyri-peşəkar işıqlandırıldı. Bu əsasən bir qisim saytlara şamil oluna bilər. Belə məsələlərdə operativlikdən, sensasiyadan, reytinq davasından daha çox dövlətin maraqları güdülməlidir. Hərbi ilə bağlı məlumat yayan hər bir jurnalistin daxilində bir senzura, məhdudiyyət olmalıdır. Qarabağ müharibəsində informasiyanın təhrif olunması, yayılmasının acı nəticələrini dəfələrlə gördük. Xarici ölkərin apardığı lokal müharibələrdə informasiya siyasətinin, hərbi məzmunlu xəbərlərin ötürülmə mexanizminin dərindən tədqiq edilməsinə ciddi ehtiyac var. Hərbi sahəylə bağlı çalışan jurnalistlərə “İnformasiya müharibəsi”, “Dövlət və hərbi sirlərin qorunması” kimi mövzularda treninqlər keçirilsə, daha yaxşı olar. Beş illik fasilədən sonra Rusiyanın Müdafiə Nazirliyinin Hərbi Universtetində “Hərbi jurnalistika” ixtisasının ötən il bərpa olması çox şey deyir.

– Atəşkəs pozulsa döyüşdə jurnalist, yoxsa hərbçi kimi fəaliyyətinizi davam etdirərsiz?

– İndi Azərbaycan Ordusu çox güclənib, peşəkar zabitlərimiz var. Hesab edirəm ki, mən bu gün hərbi jurnalist kimi daha çox fayda verə bilərəm, amma ehtiyac duyularsa, 22 il əvvəlki kimi yenidən zabit qismində xidmətə başlaya bilərəm. O vaxt leytenant Eyvazov idim, indi də kapitan Eyvazov olaram. (gülür)

– Nə gözəl… Həmişə siz müsahiblərlə həmsöhbət olursuz, bu gün suallarla baş-başasız. Necə hissdir?

– Maraqlı hissdir. Özünü təqdim etməyin başqasını tanımağa cəhd etməkdən asan olmadığına bir daha əmin oldum. Sadəcə peşə vərdişi kimi, həm də özümü sanki kənardan izləməyə, suallara kənara çıxmadan cavab verməyə çalışırdım.

– Fəaliyyət göstərdiyiniz bu illər ərzində baş verən ən gülməli əhvalatlardan halı olaq.

– Ən gülməlisi 2007-ci idə, Qarabağ bölgəsinə müxbir kimi təzə gələndə olub məncə. Cəbhə xəttinə yaxın yaşayış məntəqəsindən çəkilişdən qayıdanda bir qoca kişini götürdüm maşına. Harda işlədiyimi soruşanda – İctimai Televiziya dedim. O isə dərhal, “nə yaxşı, televizorumuz xarab olub, bizə gedək düzəlt” dedi. Nə qədər çalışdım, inandıra bilmədim ki, mən televiziyada işləyirəm, televizor ustası deyiləm. Dedi, “sən necə televiziya işçisisən ki, bir televizoru düzəldə bilmirsən?” Dayı sağollaşıb düşəndədə anladım ki, televizorunu düzəltmədiyimə görə məndən inciyib. (gülür)

– Bəs ən kədərlisi?

– Tərtərin cəbhə xəttinə çox yaxın olan Qapanlı kəndində Elməddin adlı bir dostumuz vardı. Atəşkəs pozulan kimi ona zəng vurub vəziyyəti dəqiqləşdirərdik. Qorxmaz, qocaq bir gənc idi. Bir dəfə Qapanlıda kənd sakininin minaya düşməsi haqda xəbər yayıldı. Dəqiqləşdirmək üçün tez ona zəng vurdum. Zəng çatmadı. Sonralar minaya düşənin elə onun özü olduğunu öyrəndik.

– Cəbhə bölgəsində olan jurnalistlərin ən böyük arzusu Qələbə xəbərini çatdırmaqdı, deyirlər. Bu barədə nə deyərdiniz?

– Keçmiş hərbçi, müharibə veteranı kimi mənim üçün ən əsası bu Qələbənin baş verməsidir ki, səbirsizliklə gözləyirəm. Yəqin qismət olar xalqımıza Qələbə soraqlı xəbərlər çatdırarıq. Azad olunmasını gözləyən o qədər kəndlərimiz, şəhərlərimiz var ki… İnşallah bu xəbərləri verməyə növbə hamımıza çatar. Əsas qələbə çalmaqdır.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz