Ölkədəki milli sabitliyin qarantı məhz azərbaycançılıq ideyasıdır » Hərbiand

Son Dəqiqə:

Ölkədəki milli sabitliyin qarantı məhz azərbaycançılıq ideyasıdır

11138597_921984021198881_3760664017880273767_nAzərbaycan dövləti sözün əsl mənasında dünyaya bir tolerantlıq nümunəsi təqdim edir

Azərbaycançılıq ideologiyası – Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşlığını daşıyan bütün millətlərin nümayəndələrini nəzərə alaraq yaradılmış aparıcı siyasətlərdən biridir. Bu siyasət sayəsində qorunan milli-mənəvi dəyərlər, qardaşlıq, həmrəylik prinsiplərinə uyğun şəkildə yaşamaq bir dövlətin eynihüquqlu vətəndaşı olmaq üçün həm də əsas səbəbdir. Bu siyasətin tarixi yoluna nəzər salsaq görərik ki, dövrümüzə qədər uzanan məfkurənin möhkəm və düşünülmüş kök bağları var. Həmsöhbətim, yazar-jurnalist, RTV-nin PR meneceri, ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan RTV-nin “Yeni səhifə” ədəbi verilişinin müəllifi və aparıcısı Sərdar Aminlə bu mövzuda çox maraqlı söhbətimiz baş tutdu.

– Sərdar Amin – Bu ad mənim yaddaşımda  “Qaratoyuğun nəğməsi” romanı ilə iz buraxıb və ən əsası vurğulamaq istəyirəm ki, bu romanın hardasa bizim mövzumuza yaxınlığı var. Çünki romanda insanların irsinə, irqinə, milli kimliyinə fərq qoymadan ölümün, müharibənin əleyhinə gedən müəllif indi mənim həmsöhbətimdir.  Həmçinin, bildiyim qədərilə əslən Qafqaz dilli xalqlardan biri və ana dili ləzgi dili olan, əsasən kompakt şəkildə cənub-şərqi Dağıstanda, qismən şimali-şərqi Azərbaycanda, az sayda isə dünyanın bir çox ölkələrində yaşayan Ləzgi milliyyətinə mənsubsuz. Özünüz haqda oxucularımıza ətraflı məlumat verin və bu barədə bir az geniş danışın.

 

– Çox vaxt milliyətimi unuduram. Çünki yaşamımın böyük qismində bu bölgü düşüncələrimə təsir etmir. Romanımın adını çəkdiniz, elə orada qeyd etdiyim kimi, məncə milli özəlliklər, düşüncə fərqi yalnız milli-mədəni müxtəliflik baxımdan əhəmiyyətlidir. Bu fərqliliklər insan taleyinin idarə edəcək qədər güclənməli, qlobal problemə çevrilməli deyil. Mövzu ciddiləşən an mənimçün yer üzərindəki bütün millətlər “ölür” – yerdə yalnız insan qalır.
Mən ləzgi olduğumu “Ləzginka” sədaları qulağıma dəyəndə hiss edirəm, qollarımı şax tutub qartal kimi rəqs etmək istəyirəm. Saxta vətənpərvərlik gözümün düşmənidir, millətçilər də ən arzulamadığım adamlar. Əslində sən milliliyini deyil, milliliyin səni yaşatmalıdır. Onu sən yaşadırsansa, demək bu saxta millilikdir.
Hər hansı bir millətin, xalqın özünüifadəsi üçün onun adıyla həmahəng səslənən dövləti olması vacib deyil. Bir millətin ana dili yaşadığı ölkənin dövlət dili olmaya bilər. Əsas odur o toplum kimliyini tanısın, dilinə, mədəniyyətinə qadağalar qoyulmasın. Azərbaycanda bu məqam göz önündədir, ölkədə yaşayan bütün azsaylı xalqların öz dillərində danışmaq, mədəniyyətlərini, əxlaqlarını nümayiş etmək imkanı var. Hətta hər azsaylı xalqın öz mental potensialını təbliğ etmək, müasirliklə uzlaşdırmaq üçün dövlət proqramları hazırlanır. Belə şəraitdə istənilən milli radikal addım zərurətdən kənar, firəvanlığa, qardaşlığa, sülhə qarşı atılmış bir addımdır. Biz bunu arzulamır və pisləyirik.

– Qeyd etdim ki, milliyyətdən söz açmağım təsadüfi deyil, mövzumuz azərbaycançılıq ideologiyasıdır. Bu məfkurə barədə nə düşünürsüz?

 

– Elə sözümü ora gətirirdim, az öncə dediyim kimi Azərbaycan ərazisində bir neçə xalqın nümayəndəsi qardaşcasına yaşayır. Və dövlət sözün əsl mənasında dünyaya bir tolerantlıq nümunəsi təqdim edir. Düzdür, sosial baxımdan bu gün Azərbaycan vətəndaşının həll olunmamış problemləri də qalmaqdadır, amma bu problem sırf Azərbaycan vətəndaşına aiddir və heç bir ayrıseçkilikdən söhbət gedə bilməz. Bu gün ölkədə türk də, talış da, tat da, ləzgi də, yəhudi də eynihüquqlu, eyni sosial statuslu vətəndaşlardır. Problemlərimiz eyni, sevincimiz eynidir. Mən bir vətəndaş olaraq bu duruma səmimi sevincliyəm, həm dini, həm milli, həm də digər sferalarda dünyanın əksər ölkələrində görünməyən azadlıq, rahatlıq var… Hər kəs öz hobbisinə, inancına istədiyi formada riayət edir, istədiyi yerdə nümayiş etdirir. Bu təbii ki, gözəl bir mənzərədir. Hətta ona da sevinirəm ki, bu istəklər radikal, anormal hal aldıqda yerindəcə qarşısı alınır, kimsə digərinin sərbəstliyini qısacaq qədər radikallaşa bilmir. Azərbaycançılıq idealogiyası çox maraqlı və rahat bir prinsip üzərində qurulub. Düşünürəm ki, ölkədəki milli sabitliyin qarantı da məhz bu ideyadır. Azərbaycan bu ölkədə yaşayan hər kəsin Vətənidir. Və Azərbaycan həm də bir coğrafi ad olduğundan bu dövlətdə yaşayan bütün azsaylı xalqların nümayəndələri də azərbaycanlıdır. Yəni, bu gün Azərbaycan vətəndaşı olan rus da, tat da, ləzgi də tərəddüd etmədən deyə bilər ki, “bu ölkə mənim ölkəmdir, mən azərbaycanlıyam”. Yəni müxtəlif milli-mənəvi dəyərlər vahid qardaşlıq ideologiyası altında yaşayır, inkişaf edir.

 

– Müəllifi olduğunuz proqramda qonaq olan şəxslərin əksəriyyəti vətəndaş məsuliyyətini kifayət qədər özündə daşıyan şəxslərdir. Yəni qələm adamları o şəxslərdir ki, tarix boyu müxtəlif mübarizələrə qoşulublar. Bu barədə fikirləriniz?

– Əslində yuxarıda qeyd etdiyim məqamlar sözügedən ideologiyanın təməl prinsipidir, formasıdır. Amma bu ideologiyanın detallarına varınca mənim də razılaşmadığım bir sıra məqamlar var. Düşünürəm ki, biz öncə azərbaycançılıq ideologiyasını komleksləşdirmək uğrunda çalışmalıyıq. Zənginliyi, bu günkü inkişafı, daşıyıcıları, və s. kimi məsələlər daha önəmlidir. Məsələn, bu gün Azərbaycanın tarixi şəxsiyyətlərini analiz edənlərin ciddi qənaəti yoxdur. Biz bu gün də efirlərdə Babəkin şəxsiyyəti barədə müxtəlif fikirlər eşitməkdəyik. Hansı ki, ciddi əxlaqi nəticələrə gəlmiş və bunun üzərində bütün sferalarda ciddi inkişaf sərgiləyən toplumlar illər, hətta əsrlər öncə tarixi şəxsiyyətlərini, dəyərlərini saf çürük etmişlər. Amma hələ bunlar tam deyil. Bir sözlə, çalışıb tarixin lap dərinliklərindən vahid dəyərləri dartıb çıxarmalı, onları geniş araşdırmalıyıq.

– Azərbaycan gəncliyində irqi ayrıseçkilik hansı səviyyədədir?

 

– İrqi ayrı-seçkilik həmişə savadsızlıq, dünya görüşü bəsitliyi, dar düşüncəlikdən doğan bir hissdir. Bir insan rəqibinin insani keyfiyyətlərini analiz edib, onunla öz arasında, və ya onunla nümunəvi insan arasındakı fərqi sezə bilmədikdə başlayır rəqibinin rəngini,valideynlərini, yaşadığı evi, paltarının qiymətini müqayisə etməyə. Bu baxımdan şadam ki, bu gün belə gənclər gözə dəyən kimi onları danlayanlar da tapılır. Milli, irqi ayrıseçkilik baxımdan ictimai qınaq da, müsbət tərəfdən diqqət çəkir.

 

– Bir az öncə qeyd etdiyimiz kimi, bu gün bütün dünyadan Azərbaycan vətəndaşlığını daşıyan millətlər var və onlar da əslən azərbaycanlı olan vətəndaşlarımızla bərabərhüquqlu kimlik daşıyan şəxslərdir. Bu da azərbaycançılıq məfkurəsi haqda anlayışı olmayan bəzi kütlə nümayəndələrində qıcıq yaradır. Bu barədə nə düşünürsüz?

– Bu barədə düşünməyə belə dəyməz. Bu durum kimdə qıcıq yaradırsa, demək problemi var. Mən şəxsən azsaylı xalqın nümayəndəsi olaraq, heç bir ayrı-seçkilik, məhrumiyyət görməmişəm. Bu üzdən də az öncə qeyd etdiyiniz durum məni qıcıqlandırmır.
Məni bir vətəndaş olaraq narahat edən tamam başqa səbəblər var, onların da mövzumuza aid olanlarından bəzilərini vurğuladım. Və bir daha qeyd etmək istərdim ki, bu gün ölkəmizdə azərbaycançılıq ideologiyası çox gözəl formada təbliğ olunub. Bu səbəbdəndir ki, hər bir vətəndaş da bu ideologiya ətrafında birləşərək öz dövlətinə layiq şəkildə xidmət edir. Təbii ki, bəzən xoşagəlməyən hallarla da rastlaşırıq ki, bunun da qarşısı zamanında aradan qaldırılır.

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz