Qamış çovustandan kərpic evə, ordan da kubik tikiliyə köçdük, amma mənim həyatıma, təhsilimə dəyən zərbənin izini heç vaxt, heç nə silə bilmədi » Hərbiand

Son Dəqiqə:

Qamış çovustandan kərpic evə, ordan da kubik tikiliyə köçdük, amma mənim həyatıma, təhsilimə dəyən zərbənin izini heç vaxt, heç nə silə bilmədi

Qamış çovustandanHamı və ya çoxluq danışanda mən susuram. Bəlkə bu, dinləməyi daha üstün tutduğuma görədir, amma normal insanlar kimi mən də danışmaq lazım olan yerdə danışıram və həmən reaksiya bildirdiyim məsələlər də az deyil.

Bu dəfə isə düz bir həftə susdum. 18 May 2015-ci ildə doğulduğum Laçın rayonunun işğal edilməsindən 23 il keçdi. Yenə tək laçınlılar yox, bütün danışmağı bacaranlar və bacarmayanlar danışdı. Danışan çox olsa da yeni heç nə eşitmədim. 23 illik tarix boyunca danışılan hər söz “Şaxta baba” şeiri kimi təkrarlandı. Mən susdum, susduqca da daha çox danışdım içimdə. Günün 24 saatı öz-özümə danışdıqlarımı, həftəlik yazdıqlarımı və yazmaq istədiyim hər şeyi saxladım bu ana. Ancaq hələ də çox adam elə bilir ki, Laçın rayonu 17 mayda işğal olunub. İşğal tarixləri belə dəqiqiliklə yayılıb yadda saxlanılmır.

Bu yaxınlarda internet vasitəsilə qoynunda 8 illik həyatdan başqa yaşayıb boya-başa çata bilmədiyim Laçın rayonunun ən son, 9 ay sonra və təkrar işğalını əks etdirən yeni kadrlara baxdım. Rusiyalı jurnalist tərəfindən çəkilən görüntülər doğrudan da qanımı damarlarımda dondurdu.

01 aprel 1993-cü ildə Laçın rayonu ikinci dəfə tamamilə işğal ediləndə rayonun şimal istiqamətində 60-a yaxın kənd Kəlbəcər rayonunun işğalına qədər Azərbaycan Ordusu bölmələrinin nəzarəti altında olub. O vaxt erməni hərbi birləşmələrinin hücumu zamanı Azərbaycan Ordusu geri çəkilmək məcburiyyətində qalıb və səriştəsiz komandirlərin səhvi ucbatından alınmaz qala olan Laçınla birlikdə Kəlbəcər də işğal edildi. Üstəlik, o tarixdə Laçından çıxan son insan karvanı vandalların mühasirəsinə düşdü. Şuşanın, Laçının işğal edilməsindən sonraki tarix bütün qaranlıq məqamları ilə ictimaiyyətə məlumdur. Qaçqınlıq, köçkünlük və didərginlik alnına yazılan bir milyondan artıq vətəndaşımızın taleyi müharibə başladığı andan etibarən kökündən dəyişib. Hansı ki, bu statistik rəqəm zaman keçdikcə çoxalmaqdadır. Çünki Qarabağsız, yurd-yuvası işğal olunmuş hər bir ananın bətnində böyüyən körpə doğulduğu andan qaçqın, məcburi köçkün statusunu daşımağa məhkumdur. Biz isə bu günlərdə ata-babalarımızın yox, işğal olunan yurd-yuvalarımızın ildönümünü qeyd edirik. Ümumiyyətlə, bu mövzuda danışmaq, VƏTƏN və vətənpərvərlik mövzusu mənim ən yaralı yerimdir.

Xatirələr…

01 Sentyabr 1994-cü il…  Mən də bütün həmyaşıdlarım kimi məktəbin 5-ci sinifinə getməli, orta təhsilin ilk pilləsində ata-anama əla qiymətlərlə oxuyacağımı vəd verib yoluma davam etməliydim, amma xəyanətkar qonşularımızın vandalizmindən sonra bütün həyatım dəyişmişdi. Daha mənim doğulduğum Laçın rayonu mənə, ata-babama məxsus deyildi. Babalarımın məzarına məxsus ola bilərdi, fəqət çox gümün ki, onların da məzarı yerlə-yeksan edilmişdi. Taleyi dəyişən mənim nə kəndim, nə evim, nə məktəbim, nə də kitablarım vardı. Yeddi nəfərlik ailə bir otaqlı qamış çovustanda məskunlaşıb bir təhər yaşayırdıq. Yeməkdən, çörəkdən, isti ocaqdan korluğumuz olmasa da həyat öz yolunda getmirdi. Özümü kitablarım olmadan yetim qalmış uşaq kimi hiss edirdim. Çünki oxumaq istəyib kitab tapmayan uşaq, yemək istəyib çörək tapmayan yetimdən heç nə ilə fərqlənmir. Bəlkə çoxları anlaya bilmir, nə yazıq, mənim həqiqətim elə bu qədərdir.

Vaxt keçdikcə həyat tərzimiz düzəlirdi. Qamış çovustandan kərpic evə, ordan da kubik tikiliyə köçdük, amma mənim həyatıma, təhsilimə dəyən zərbənin izini heç vaxt, heç nə silə bilmədi. Hələ də o zərbənin ağrısını çəkir, o boşluğun dolmasına çalışıram və nafilə… Bir yandan keçmiş boşluqları doldur, o biri yandan gələcək üçün bir boşluq buraxıram. Zamanın gərdişidir bu, gərək hər şeyi öz vaxtında edəsən.

İnsan qəribə məxluqdur, pis gününü yaxşı günlərdə itirib heç vaxt pis olmadığına inandıra bilir özünü. Həmçinin də pis günündə yaxşı günləri itirib naşükürə çevrilə bilirik. Çalışmaq lazımdır ki, hər anın öz dəyərini doğru şəkildə anlayıb yaşayasan. O kadrları izlədikcə, üsyan edirdim: “Ey uca yaradan, gör yurdumu kimlərin əlində əsir etmisən, kimlər işğal edib gülüstanımızı? Üzlərində nə insan siması var, nə heyvan görüntüsü. Qarışıq, əcaib, qeyriməxluq olan vandallar işğal etdikləri Laçın rayonunu od vurub yandırıb sonra tüstüsündə şənlik edir, yiyəsiz qalan evlərin həyətindəki su kranlarından su sümürürdülər. Yazıq, binəva həmyerlilərim, evlərindən çıxanda geri dönəcəklərinə ümid edərək qapılarını qıfıllayıb açarlarını özlərilə götürüblər, eynən anam kimi… Vandallar da içəri girmək üçün təpiklə vurub sındırır, ev-eşikləri talan edirdilər.

Həmin gün rusiyalı jurnalist tüstülənən ev-eşiklərimizi elə həvəslə lentə alıb ki, illər sonra o kadrları aşkara çıxartmağa belə utanmayıb, hətta bəlkə də özünü cəsur jurnalist hesab edib, ancaq yıxılanı baltalamaq ən asan və şərəfsiz işdir. Nə bilim, bu an çox qəzəbliyəm və çox söz danışa bilərəm.

İndi hər birimizi yalnız bir şey düündürməlidir. Füsunkar gözəlliklərimiz olan Qarabağ torpaqlarını erməni mənfurlarından azad etmək.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz