Bir millətin şərəf imzası Doxsan yeddi il öncə atalarımız qan tökərək VƏTƏN yaratdılar » Hərbiand

Son Dəqiqə:

Bir millətin şərəf imzası Doxsan yeddi il öncə atalarımız qan tökərək VƏTƏN yaratdılar

Doxsan yeddi il öncə – 1918-ci il mayın 28-də Gəncədə Azərbaycanın istiqlalını elan etmiş atalarımız tarixə həm də imzamızı atdılar. Böyük istiqlal şairimiz Məhəmməd Hadinin təbirincə, millətimizin imzası imzalar içində yer aldı.

Beləliklə, İstiqlal Bəyannaməsinə imza atmış Milli Şura üzvləri ümumiyyətlə türk-müsəlman dünyasının, bütün Şərqin ilk demokratik respublikasını yaratdılar. Azərbaycan xalqı müstəqilliyini elan etməklə yanaşı, inkişaf etmiş ölkələrdə olduğu kimi demokratik cəmiyyət qurmağa layiq oluğunu sübut etdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

Amma bu cür demokratik bir respublikanı qurmaq asan başa gəlmişdi. Azərbaycan dövlət yalnız Gəncə şəhərini və ətraf qəzaları nəzarətə götürə bilmişdi. Bakı və ətraf rayonlar erməni bolşevik qüvvələrinin nəzarəti altında idi. Erməni silahlı dəstələri 31 mart 1918-ci ildə Bakı şəhərində, Qubada və Şamaxıda, Lənkəranda silahsız türk-müsəlman əhaliyə hücum etmiş, minlərlə adamın həlak olduğu soyqırım törədilmişdi. Qarabağda və Zəngəzurda silahlı erməni seperatçıları Azərbaycanın erməni və gürcü milli şuraları tərəfindən tanınmış ərazilərini parçalamaq istəyirdilər. Birinci Dünya müharibəsində 150 min əsgərlə iştirak etmiş ermənilər tam silahlı idi. Həmin ermənilər Oktyabr inqilabından sonra silahı götürərək, Bakı. Şuşa, Gorus, Naxçıvan, Şamaxı, Tiflis və İrəvan kimi şəhərlərinə doluşmuşdular. Yəni 1828-ci ildən sonra dövlət idarəçiliyindən və ordu quruculuğundan uzaqlaşdırılmış Azərbaycan xalqı torpaqlarına göz düşmüş silahlı düşmənlə üz-üzə idi.

Həmin vaxt Bakını nəzarətə götürmüş erməni silahlı dəstələrinin başçısı Stepan Şaumyan Azərbaycan dövlətçiliyini fantastika adlandıraraq Milli Şuranın və müvəqqəti hökumətin yerləşdiyi Gəncəyə hücum etməyi qərara aldı. Azərbaycan xalqının o vaxtkı liderləri – Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov geri çəkilmədilər. Türkiyədən gəlmiş hərbi hissələrlə birlikdə 26 iyun 1918-ci ildə Gəncədə Azərbaycan Milli Ordusu yaradıldı. Milli Ordu iyunun 27-də Göyçayda Bakıdan gəlmiş erməni bolşevik qüvvlərini darmadağın etdi və Bakı uğrunda əks-hücum başladı. Əks hücuma türkiyəli Nuru paşa ilə yanaşı hərbi akademiya bitirmiş ilk azərbaycanlı genaral Həbib bəy Səlimov rəhbərlik etdi. İlk öncə Şamaxı, Quba və Salyan, 1918-ci il sentyabrın 15-də Bakı erməni-bolşevik işğalından azad edildi. Daha sonra general Həbib bəy Səlimov Lənkəranı, Qarabağı və Zəngəzuru da erməni-bolşevik işğalçılarından xilas etdi.

Azərbaycan Xalq Cümhüriyyəti cəmi iki il yaşadı, amma əvəzində Azərbaycan xalqına yüksələn bayraq və çağdaş dünyanın çağırışına səs verən dövlət müstəqilliyi bəxş etdi. Bu günkü Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhüriyyətinin varisidir və 97 il əvvəl qaldırılmış üçrəngli Azərbaycan bayrağı əbədiyyətə qədər dalğalanacaq.

ANS PRESS

Şərh Yaz