Azərbaycançılıq ideologiyası bu gün Azərbaycanda yaşayan bütün xalqları dost-qardaş münasibətində vətəndaşlığa kökləyən terminalogiyanın sütunudur » Hərbiand

Son Dəqiqə:

Azərbaycançılıq ideologiyası bu gün Azərbaycanda yaşayan bütün xalqları dost-qardaş münasibətində vətəndaşlığa kökləyən terminalogiyanın sütunudur

25Bəlli ideologiyanın mövcud olmadığı bir məkanda müxtəlif ideologiyalar meydana gəlir ki, bu da hakimiyyətin parçalanmasına, millətin ziyan çəkməsinə və dövlətin əsaslı şəkildə çökməsinə gətirib çıxarır. Lakin uzun illərin əməyi nəticəsində meydana gələn azərbaycançılıq ideologiyası bu gün Azərbaycanda yaşayan bütün xalqları dost-qardaş münasibətində vətəndaşlığa kökləyən terminalogiyanın sütunudur. Bu gün Azərbaycanda demək olar ki, iyirmiyə yaxın, bəlkə də bir az daha çox millətin nümayəndəsi azad və tolerant mühitdə vətəndaşlıq edir və onların yaşam tərzində əslən azərbaycanlı vətəndaşlardan fərqli heç bir mənfilik, ayrıseçkilik, dışlanmaq kimi bir hal mövcud deyil. Əksinə, əgər başqa millətin nümayəndəsisənsə və üstəlik mənsub olduğun xalqın dilini də Azərbaycan dili ilə paralel şəkildə öyrənmisənsə, bu sənin koryera həyatında üstünlük deməkdir. Yəni bu gün yabancı dilləri bilən və onlardan səmərəli şəkildə istifadə edən kifayət sayda vətəndaş var, ancaq mənsub olduğun xalqa və ya dövlətə məxsus  dili əlavə zəhmət və vəsait xərcləmədən öyrənirsən.

Azərbaycançılıq ideologiyasının daha çox işlənməsi, təbliğ olunması üçün bu terminin gündəmə gəlməsi aktual olmalıdır. Sual qoymaq olar: Bəs bu aktuallığı necə yaratmaq, milli ideologiyanı necə təbliğ etmək lazımdır ki, Azərbaycan vətəndaşları erkən yaşdan məlumatlı olsun? Cavab həm olduqca sadə, həm də mürəkkəbdir. Sadə tərəf kütlə cəmiyyətinin gün ərzində məlumat ehtiyaclarına cavab verməyə çalışan kütləvi informasiya vasitələrində, televiziya, radio verilişlərində uşaq və yeniyetmələrin və onları tərbiyə edən valideynlərin, evdar insanların psixologiyasına uyğun proqramların hazırlanması mümkündür. Həm də bu imkanlardan istifadə edərək cəmiyyəti erkən yaş dövründən başlayaraq, maarifləndirmək daha asandır, nəinki artıq məktəb və ali təhsil yaşına catmış, kifayət qədər yaşa sahib olmuş insanlara milli ideologiya dərsini keçmək kimi cəhdlər etmək. Bu zaman yaranan qəlizlik məsələnin yuxarıda qeyd etdiyim kimi, çətin yozumuna dəlalət edir. Bu gün Azərbaycan televiziya və radio sahəsində sosial reklamların, maarifləndirici proqramların və s. kimi debat, mövzu xarakterli verilişlərin sayında azlıq, hətta əksiklik var. Mövcud olan bu boşluğu doldura bilsək, bəlkə milli ideologiyanın təbligatında Gənc və Müstəqil Resrublika kimi əsas uduşlarımız yaranar. Hazırda kütlə psixologiyasına virus kimi yeridilən bəzi xoşagəlməz musiqi mədəniyyəti, vulqar avropa predmetləri və s. kimi müxtəlif tipli farmatlara köklənmiş proqramlardan qalan zamanı, musiqi, əyləncə, məişət şouları tutur ki, bunların da tərkibində azərbaycançılıq ideologiyasının təbliğatından söz gedə bilməz.

Söhbət ideologiyanın təblliğatından gedirsə, maarifləndirmək məqsədilə gəlin bu günə qədər verdiyimiz sualı təkrarlayaq. Milli ideologiya nə deməkdir və bu günku cəmiyyətə ideologiya lazımdırmı? İdeologiya sosial qrupların, və ya bütün cəmiyyətin mənafelərini ehtiva və müdafiə edən, sosial reallığı bu mənafelər prizmasından ifadə edən və əməli fəaliyyət direktivləri, oriyentasiyaları olan nəzəriyyələr, ideyalar və məlumatlar sistemi kimi müəyyənləşdirilir. Milli ideologiya öz funksiyalarına görə milli həmrəylik və milli bütövlüyü təmin edən, mənəvi müstəvidə ahəngdarlığın davamlılığına xidmət edən ümummilli baxışlar sistemidir. Bunu başa düşmək üçün ideologiyaların nəzəri, empirik surətdə təsbit edilmiş funksiyalarına nəzər yetirmək kifayətdir. Siyasi ideologiyaların ilk funksiyası yönləndirmədir. Bu funksiya müxtəlif sahələrdə, bütövlükdə cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirir.

Dövlətçilik tarixini öyrənən alim və tədqiqatçıların ortaq qənaəti bundan ibarətdir ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. İdeoloji əsasları olmayan dövlət tarixi təcrübədə çox nadir hallarda rast gəlinən bir hadisədir. İdeoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurmuşdur. Bu bir həqiqətdir ki, ideologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişlər. Bu mənada, əgər dövlətçilik və milli ideologiyadan, dövlətçilik və milli maraqlardan danışırıqsa, burada mütləq milli ideologiya olmalıdır. Çünki hər şeydən öncə, milli ideologiya vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən başlıca mənəvi substratdır. Eyni zamanda, ideologiya milli-mənəvi identikliyi də təmin edən vasitədir. Əgər ideologiya bu qədər zəruri bir vasitədirsə, onun cəmiyyətdə olmaması cəmiyyətin əsas atributlarından birinin olmaması deməkdir. Bu isə heç şübhəsiz, həmin cəmiyyətin inkişafına əngəl törətməklə, ciddi maneələr yaratmaqla cəmiyyətin üst qurumu adlandırılan və sosial sifarişindən yaranan dövlətin də uzunömürlü və varisli olmasına mənfi təsir edir.

Ona görə də, əgər milli dövlətdən danışırıqsa və milli dövləti beynəlxalq münasibətlər sisteminin əsas faktoru kimi səciyyələndirirksə, eyni zamanda, milli dövləti milli iradənin təmsilçisi kimi təqdim ediriksə, milli dövləti hər bir xalqın, yaxud millətin siyasi təşkilatlanması kimi görürüksə, mütləq milli ideologiyanı da dediyimiz institutlaşmanı təmin edən vasitə kimi görməliyik. Əks təqdirdə, dövlətin yaşaması sadəcə olaraq, mümkün deyil. Ona görə də, tarixən qurulan bütün dövlətlər, ilk növbədə, ideologiya axtarışında olublar. Deməli aydın olur ki, bütün normal və düzgün cəmiyyətlərdə olduğu kimi bizdə də milli ideologiyaya ciddi ehtiyac var.

Yuxarıda qeyd etdiyim kimi, əgər ideologiyanı qoruyub saxlamasaq, süquta gedəcəyik və bizimlə birlikdə yaşayan başqa xalqların nümayəndələri, o cümlədən də elə biz özümüz müxtəlif, şoxsaylı ideologiyaların yaranmasına səbəb olacağıq. Bu isə öz növbəsində xausa, qarışıqlığa və qarşıdurmalara da səbəb olacaq. Bizə bu lazımdırmı? Əlbəttə ki, yox. Gənc, Müstəqil Dövlətin vətəndaşları olaraq bizə, istət ziyalı, istər kütlə cəmiyyəti üçün mütləq şəkildə ideologiyanın mövcudluğu daimi və möhkəm qəlibin mövcudluğu deməkdir. Bu bizim həm qohumluq, həm dostluq, həm vətəndaşlıq uduşlarımızdır. Xalq olaraq bizim çox keyfiyyətli milliliyimiz var və bu millilik bizi digər şərq ölkələrindən və qərbdən açıqcasına fərqləndirir. Yeganə xalqlardanıq ki, bizdə qohumluq əlaqələri uzunmüddətli və möhkəm olur. Ata, ana mübasibəti, bacı-qardaş doğmalığı, qadın sədaqəti, kişi mərdliyi Qafqaz xalqlarına mənsub olan dəyərlərdəndir, ancaq birmənalı bizdə bu hallar ilkin və köklü dəyər olaraq əsirlər boyu bu cür davam edir. Elə bilirsiz bu halın milli ideologiya ilə bağı yoxdur, Var. Əgər milliliyimizi, mental dəyərlərimizi unutsaq, onda gərək sadaladığımız milli keyfiyyətlərdən məhrum olaraq və yad ünsürlərə qulluq edək. Necəki bu gün belə hallarla da rastlaşırıq. İnsan azadlığı, Avropaya inteqrasiya, müasirlik adı ilə ailənin yeğanə övladları var ki, valideynlərini xəstə yatağında qoyub gedir xaricə. Bax bunlar yad mentalların, ideologiya bilgisizliyinin  nəticəsidir. Gəlin bu gün əlimizdə olan imkanlardan maksimim dərəcədə istifadə etməyə və cəmiyyət, kütlə psixologiyasına milliliyimizin dəyərliliyini çatdırmağa cəhd edək.

Sonda xüsusi qeyd edim ki, azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, müasir dövrdə – qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər və milli ideologiya əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir ki, məhz bu ideologiyanın qorunub saxlanması daha vacib şərt kimi qəbul olunmalıdır.

Bu gün dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin, milli ideologiyanın mənimsənilməsində, həm də təbliğində aktiv – dinamik təbəqə kimi çıxış edir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verir. Məhz bu gənclərin üzərinə düşən vəzifə də azərbaycançılıq ideologiyasını qorumaq və yaşatmaqdır ki, gələcək nəsil də bundan bəhrələnə bilsin.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz