Advertisment

Ermənilər geri çəkilən zaman əraziləri kor-koranə minalayırdılar

Abdullayev İbrahim: “Azad olunan bəzi kəndlərdə ermənilər
qaça bilmədikləri üçün müxtəlif yerlərdə gizlənirdilər”

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi ölkəmizin ŞANLI ZƏFƏRİ ilə yekunlaşdı. Son illər Azərbaycanın durmadan inkişaf etməsi və bunun da nəticəsində orduya ayrılan diqqət və qayğı xeyli artmışdı. Ordu quruculuğunda aparılan islahatlar, müasir texnika və silah-sursatların alınması, zabit və əsgər heyətin xarici ölkələrdə keçdiyi təlimlər Azərbaycan ordusunun əzəmətini xeyli artırmışdı. Ölkə artıq 1990-cı illərdəki kimi kasıb, ordu isə zəif və təminatsız deyildi.

2020-ci il sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təxribatı oldu. Bu hücum ermənilərin 2016-ci ildə 4 gün çəkən aprel döyüşlərindən sonra ölkəmizə qarşı etdiyi ən böyük təxribatı idi. Erməni ordusunun qarşılığını vermək üçün Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. Bu, artıq müharibənin başlanması demək idi. İkinci Qarabağ müharibəsində ən həlledici qələbəmiz noyabr ayının 8-də Azərbaycanın incisi olan Şuşanın erməni terrorçularından azad edilməsi oldu. Əlbəttə, qələbə itkisiz başa gəlmədi. Təəssüflər olsun ki, bu müharibədə 3000-ə yaxın şəhid verdik. Ancaq Ermənistanın itkiləri bundan qat-qat çox idi.

Vətən müharibəsi başlayan zaman döyüşlərə birinci olaraq hərbi xidmətdə olan əsgərlərimiz cəlb edilmişdi. Bunların arasında Abdullayev İbrahim Fərhad oğlu da var idi. O, 18 mart 1999-cu ildə Şəki rayonu Şorsu kəndində anadan olub. Orta təhsilini Şorsu kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinə qəbul olub və 2020-ci ildə bitirib. Həmin ilin iyul ayında hərbi xidmətə yola düşüb. Əsgərliyini Bakıda - Xüsusi Təyinatlı Qüvvələrdə keçirib.

İbrahim bildirib ki, onları müharibənin ilk günündən - sentyabrın 27-də cəbhə bölgəsinə aparıblar. Müharibənin başlanması xəbərini eşidəndə ilk əvvəl həyəcanlanıblar. Bu da başadüşüləndi. Çünki qəfil müharibənin başlanması və orada iştirak etmək. Ağıla həmin an müxtəlif fikirlər gəlir - ölüm və ya... Ancaq buna dəyərdi. Çünki 30 illik işğaldan sonra torpaqlarımız nəhayət erməni işğalçılarından təmizlənirdi. Günlər keçdikcə İbrahim digər əsgərlər kimi döyüşlərə adaptasiya oldu. Artıq sevinc içində idilər. Çünki, ordumuzun qələbə xəbərləri gəlirdi. Ard-arda torpaqlarımız işğaldan azad edilirdi.

İlk əvvəl Füzuli istiqamətinə gediblər. Sonra Cəbrayıl rayonunda olublar və burada bir müddət Böyük Mərcanlı kəndində qalıblar. Növbəti marşrut Hadrut qəsəbəsi istiqamətində olub. Burada da digər azad olunan ərazilərdəki kimi bir müddət qalıblar. Ardınca Xocavənd rayonunun Tul kəndində olublar: “Ümumiyyətlə, Xüsusi Təyinatlı Qüvvələrin zabit və əsgər heyəti həmişə irəlidə gedirdi. Yerdə qalan bir qism xüsusi təyinatlı əsgərlər isə sonradan onların arxasınca gəlirdi. Azərbaycan ordusu torpaqları azad etdikdən sonra biz həmin ərazilərdə olurduq. Biz bu cür bölündüyümüz üçün mən arxadan gələn qruplar heyətinə düşmüşdüm. Həmin yerlərdə bizim komanda məntəqələrimiz olurdu. Bu yerlərdə bir müddət qalırdıq”.

İbrahim qeyd edib ki, arxadan gəlməklərinə baxmayaraq düşmən onları da atəşə tuturdu. Arxadan gələn şəxsi heyətin olduğu ərazilər ordumuzun ixtiyarında olsa da vəzifələri heç də asan deyildi. Çünki əraziləri tanımırdılar. Hər an istənilən təhlükə ilə qarşılaşa bilərdilər. Dəfələrlə eşidirdilər ki, azad olunan bəzi kəndlərdə ermənilər qaça bilmədikləri üçün müxtəlif yerlərdə gizlənirdilər. Gizlənən erməni əlində silahla olanda isə artıq bu hərbçilərimiz üçün təhlükə demək idi. Və məqam axtarırdılar ki, Azərbaycan ordusu irəli gedən kimi imkan tapıb qaça bilsinlər. İbrahim bildirib ki, arxadan gələn əsgər heyəti həm də təhlükəsizlik baxımından azad olunmuş ərazilərdə bir müddət mövqe tuturdu: “Sonra ordumuz hər dəfə irəlilədikcə biz də onların arxasınca gedirdik”.

Ancaq ordumuz üçün daha böyük təhlükə var idi - MİNA TƏHLÜKƏSİ. Ermənilər ya əvvəlcədən ya da geri çəkilən zaman əraziləri kor-koranə minalayırdılar. Bu isə şəxsi heyətin həyatı üçün təhlükə yaradırdı. Belə olan halda hərbçilərimiz minalardan qorunmaq üçün ərazidə gəzəndə həmişə bir cərgə ilə gedirdi: “Boş ərazilərdə olmağımıza baxmayaraq ehtiyatı əldən verməmək üçün hərəkət edəndə əsgərlər arasında məsafə saxlayırdıq. Həm də ermənilər harada gəldi əl qumbarası gizlədirdilər, mina basdırmışdılar. Biz də əraziləri tanımadığımız üçün bir xətt üzrə gedirdik”.

İbrahim müharibədə iştirak etdiyini evdə ailə üzvlərinə bildirməyib. Müharibə vaxtı imkan olduqca evdəkilərlə danışırmış. Ancaq ailə üzvlərini narahat etməmək üçün hər dəfə danışanda Bakıda olduğunu deyirdi. Yalnız müharibənin bitməsindən təxminən 1 həftə keçəndən sonra anasına müharibədə olduğunu deyib. Evdə bu xəbəri eşidəndə təəccübləniblər. Bu haqda anası Xalidə xanım bunları deyib: “Oğlumun müharibədə olduğunu bilmirdim. Çünki mənimlə gec-gec, icazə veriləndə 20 gündən bir danışırdı. Soruşanda ki, müharibə gedir, sizi nə əcəb aparmırlar? Deyirdi ki, bizi arxada ehtiyat qüvvə kimi saxlayırlar. Vaxtı çatanda aparacaqlar. Amma ürəyimdə qəribə bir hiss var idi - sanki məni aldadırmış kimi...

Müharibə zamanı hər kəs kimi mən də narahat idim. Cəbhə xəbərlərini izləyirdim. Gözüm TV-lərdə, əlim telefonda. Oğlum əsgər kimi yenicə getmişdi. Bakıdakı hərbi hissələrdən birində Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdı. Müharibə başlayandan həmin hərbi hissə ilə yaxından maraqlanmağa başladım. Ana ürəyidir də, hər an qulağı səsdə... Bir gün internetdə oğlumun xidmət etdiyi hərbi hissənin əsgərlərinin Qarabağa müharibə zonasına aparıldığını öyrəndim. İnformasiyanın nə dərəcədə doğru olduğunu dəqiq bilməsəm də, narahat olmağa başladım. Allah tərəfi telefonuma zəng gəldi, oğlumdan idi... Sevinc göz yaşları ilə telefonu açdım. Dərhal xəbər aldım, sizi müharibəyə aparmayıblar, ay oğul? Yox ana, hələ ki, aparmayıblar. Ehtiyat qüvvə kimi arxa cəbhədəyik. Müharibə uzanarsa, aparacaqlar dedi. Beləcə, hər dəfə məni mövzudan yayındırırdı. Bir dəfə də olsun düzünü demirdi. Çünki özü də məndən narahat idi. Atası Azərbaycandan uzaqda idi. Balaca oğlumla tək qalmışdım...

Müharibə qurtardı, torpaqlarımız düşməndən azad olundu. Hamı sevinir, toy bayram edir... Mən də öz aləmimdə rahatam. Gözüm telefonda, zəng gözləyirəm. Oğlumla qələbə sevincini bölüşməyə. Bir neçə gündən sonra zəng gəldi. Ona dedim ki, eşitmişəm bütün əsgərləri Qarabağa aparırlar. Yəqin sizi də apararlar. Güldü, dedi, ay ana, biz müharibədən əvvəl burdayıq, Qarabağda. Torpaqlarımızı aldıq, artıq  bizim nəzarətimizdədir. Şok oldum - oğlum məni aldadırmış. Müharibədə olduğunu gizlətmiş məndən. Telefonu qoydum, göz yaşlarımı saxlaya bilmədim. Ağlayıb, içimdəkiləri tökdüm. İgid oğlum odun-alovun içində, mənsə isti evimdə, heç nədən xəbərsiz... Beləcə, olmuşları müharibədən sonra anlatdı bizə”.

İbrahim müharibə bitəndən sonra bir müddət Şuşada və Laçında olub. 2021-ci ilin iyun ayında isə hərbi xidmətin bitməsinə sayılı günlər qalanda Laçından Bakıya qayıdıblar. İyul ayında isə ordudan təxris olunub.

                                 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Abdullayev İbrahim Fərhad oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Hal-hazırda Şəki rayonu Şorsu kəndində yaşayır.

Bəxtiyar CƏFƏRLİ