Advertisment

Ən uca adı qazanıb, ən ali məqamı fəth edən QƏHRƏMANIM

İnsan həyatı çox keşməkeşli yollardan keçir. Bu yollarda taleyin hər yazısını görmək olar. Kimi üçün sevincli, kimi üçün kədərli. Zöhrə xanım üçün də həyat heç də arzuladığı kimi olmadı. Böyük məhəbbətlə qurulan ailə həyatı nə yazıq ki, yarıda qalır.

Yazını hazırlarkən bu gözəl xanımın xatirələrini vərəqlədim. Qəribə hisslərin altında idim. Gah gülür, gah ağlayırdım. Böyük sevgi ilə başlayan münasibətlərin nə gözəl xoşbəxt anları keçib. Oxuduqca bu sevginin yarıda qaldığını bilmək çox ağırdır. Bir xanımın yaşadıqları sevincli, kədərli anların nə qədər təsirli olduğunu sözlə ifadə etmək çox çətin idi.

Bir məhlədə böyümüşdülər. Uşaqlıqları bir yerdə keçib. O zamanlar dava-dalaşla keçən şirin uşaqlıq illəri sonralar böyük bir sevgiyə çevrilir:

“İllər keçdi... Biz böyüdük. Uşaq vaxtı bir-biri ilə heç cür yola getməyən iki gənci həyat möcüzəli şəkildə qarşılaşdırdı. İllər sonra Yunislə birlikdə universitetdə təhsil alan tələbə yoldaşları mənimlə eyni dövlət müəssisəsində çalışırdılar. Bir gün kollektiv şəkildə foto çəkdirdik. Həmin şəkli Yunisin qrup yoldaşlarından biri sosial şəbəkələrdən birində paylaşmışdı. Bu şəkli görən Yunis 13 il sonra məni tanıyır, dərhal həmin qrup yoldaşına zəng edir, adımı və qazaxlı olub-olmadığımı soruşur. Yunis ona uşaqlıqda eyni məhəllədə böyüdüyümüzü deyir.”.

Beləcə bu təsadüf sonralar bu iki gənci bir araya gətirir. Sizə bu sayımızda söhbət açağım qəhrəmanım vətən sevdalısı, igid, cəsur, öncəliyi vətən, sonra isə ailəsi olan şəhid Yunis Qasım oğlu Kazımovdur.

Yunis 1993-cü ilin sentyabrın 24-də Qazax rayonu, Kəmərli kəndində anadan olub. 2000-2011-ci illərdə kənd məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Gəncə Dövlət Aqrar Universitetində “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasına yiyələnib. 2015-ci ildə XTQ-də hərbi xidmətə yola düşüb. Qazax rayonu N saylı hərbi hissədə minaların təmizlənməsi taborunda leytenant rütbəsində xidmət edib. 2020-ci ilin sentyabr-noyabr aylarında Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Şuşanın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Sağlığında Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Azərbaycan bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid olduqdan sonra “III dərəcəli Rəşadət ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilib. 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Çox mərd, qeyrətli, hər sözünün, hər hərəkətinin hesabını verə biləcək bir kişi, hər gününü son günü kimi yaşayan bir insan olub Yunis. Zöhrə xanımın xatirələrini vərəqlədikcə həyat yoldaşı haqqında yazdığı ən gözəl sözlərlə insan qürur duyur. Belə bir mərd, vətənpərvər, igid bir eloğlumla fəxr edirəm. Qazax torpağının bir nümayəndəsi kimi cəsur qardaşımızın qəhrəmanlığı, alicənablığı, mərdliyi məni də qürurlandırır. Hər insana nəsib olmur müsbət keyfiyyətləri özündə cəmləşdirib şərəfli ömür yaşamaq. Nə yazıq ki, bu şərəfli ömrün yolu çox qısa oldu.

Hər kəsə yaxşılıq etmək, hamının qəlbini ələ alıb könlünə dəyməmək Yunisin ən gözəl xüsusiyyətlərindən idi, söyləyir ömür-gün yoldaşı:

“Həyatda elə bir kəs ola bilməzdi ki, ondan zərrə qədər pislik görsün. Pisə də yaxşılıqla cavab verməyi bacaran, yamanlığa yaxşılıq edə bilən oğlan idi. Yunis heç kəsi nə çox yaxınına buraxmaz, nə də ondan çox uzaq məsafədə olmazdı. Heç kimin xətrinə dəyməz, bədxah insanların pis əməllərini dilə gətirməzdi. Halallığa və düzgünlüyə dəyər verməyi, ədalətli olmağı bacarırdı. Onun haqqına girən insanları belə gülərək yola verən idi Yunis. Hər zaman dediyi bir söz vardı, “Təki canımız sağ olsun”. Çox həyatsevər, hər şeydən zövq alan insan idi”.

2020-ci il doğma torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayanda Yunis də savaşa qatılır:

“Sentyabrın 24-də Yunisin doğum günü idi. Cəbhəyə getməyinə 3 gün qalmışdı. Biz birlikdə restorana getdik, ad gününü qeyd etdik, hədiyyə olaraq ona köynək almışdım. Həmin günümüz də həmişəki kimi çox xoş keçdi. Həyatında ilk dəfə ad günü keçirdiyini etiraf etdi. Döyüşə getməyinə bir gün qalmış işdən çıxarkən onu qarşımda gördüm. “Son dəfə səni görməyə gəldim, bəlkə bir də bir-birimizi görə bilməyəcəyik, mənə bir şey olarsa, məni həmişə xoş hisslərlə xatırla, məni unutma” – dedi. Məni bərk-bərk qucaqladı, dərindən bir ah çəkdi. Həmin gün o qədər ağlamışdım ki... Amma nədənsə ürəyim çox rahat idi. Sanki salamat qayıdacağına əmin idim. 2020-ci ilin 27 sentyabrında döyüşlər başladı. Mənə ilk mesajı “Artıq torpaqları alırıq, mənə görə narahat olma, imkan olduqca sənə zəng edəcəyəm... Səni çox sevirəm, ömrüm” – oldu. 44 gün ərzində mənim nələr çəkdiyimi bir Allah bilir. Ondan bir gün xəbər gəlməyəndə özümə yer tapa bilmirdim. Namazda sevdiyim insana, cəbhədə döyüşən qardaşlarımıza ağlaya-ağlaya dua edirdim. Müharibə zamanı Şuşanın azad olunması ərəfəsində Yunisdən yeddi gün xəbər olmadı. Ondan xəbər ala bilmədiyim müddətdə işlədiyim dövlət müəssisəsinin yaxınlığındakı yaşayış evlərindən birinə şəhid cənazəsi gətirilmişdi. Pəncərədən baxırdım. Necə də ağır gün idi... Necə də dəhşətli səhnə idi. İlk dəfə idi ki, bu qədər izdihamlı mərasim görürdüm. Yunis gözümün önünə gəldi. Sanki ürəyim yerindən çıxırdı. Həmin gün çox ağlamışdım... Yunis fürsət olduqca zəng edirdi, mesaj yazırdı, mənə təsəlli verirdi. “Gələcəyəm, az qaldı, səndən ötrü çox darıxmışam” – deyirdi. Ondan xəbər çıxmadığı müddətdə, 6-8 noyabr tarixlərində Şuşa uğrunda gedən döyüşlər zamanı ayağından yaralanmışdı. İki dəfə yaralandığına baxmayaraq, döyüş meydanını tərk etməmişdi. Zəfər gününə kimi döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşmuşdu. 9 noyabr 2020-ci il tarixində yarasının ağır olması səbəbindən və artıq Şuşa şəhərinin işğaldan tam azad olunduğuna əmin olduqdan sonra arxa cəbhəyə göndərilmişdi. Nəhayət, 9 noyabr tarixində mənə zəng etdi. Sevincimdən için-için ağlayırdım, o isə gülürdü. Səsini eşitdiyimə görə çox xoşbəxt idim. Yaralı olduğunu bilmirdim. Yalnız bir aydan sonra bildim... Hamıya bu xəbəri məndən gizlətməyi tapşırmışdı. Çünki Yunis bilirdi ki, onun sağlamlığına görə çox narahatam. Xəstəxanada olduğu müddətdə biz ancaq telefonla danışırdıq, o da mənə Şuşada olduğunu deyirdi... Müharibədən sonra ilk görüşümüz düz bir ay sonra baş tutdu. Biz yenə həmişə görüşdüyümüz restorana üz tutduq. Həmin gün o qədər həyəcanlı idim ki... Onu görə biləcəyimə çox sevinirdim. Yunis içəri girəndə hönkür-hönkür ağladım. Yunisin əynində XTQ geyim forması var idi, çox arıqlamışdı, üzü saqqallı, baxışları yorğun idi. İlk dəfə idi ki, Yunisi belə baxımsız halda görürdüm. Restoranda əyləşmiş digər şəxslər onun müharibədən gəldiyini anlamışdılar, onlar da bizi həyəcanla izləyirdilər. Müdiriyyət bizim masaya hədiyyə olaraq, üzərində ürək təsviri olan iki fincan kofe və ürək formasında iki dilim tort göndərdi”.

Bu qayıdış Zöhrə xanım üçün Allahın ən gözəl müjdəsi olur. Həmin gün Yunis “Dur gedək, nişan üzüyü alaq” – deyir ona. 2020-ci ilin dekabrın 11-də nişan mərasimi keçirilir. Yeddi ay sonra bu gözəl cütlüyün toy mərasimi keçirilir.

Zöhrə xanım üçün Yunis haqqında həm danışmaq, həm də susmaq çox çətindir. Deyir, həyat yoldaşım yaxşı vətəndaş, yaxşı insan, yaxşı övlad, yaxşı qohum, yaxşı dost, yaxşı ata, yaxşı Allah bəndəsi olub. Allaha çox bağlı olub. Hər gecə yatağına uzananda Allaha şükür edərdi. Yatanda belə barmağı ilə şəhadət tutub yatırdı. Döyüş yoldaşlarının dediyinə görə, Yunis şəhid olanda da səcdə vəziyyətində olub, yenə də barmağı ilə şəhadət tutaraq can verib.

Allahın sevdiyi, seçdiyi, ən uca zirvəyə layiq gördüyü, imtahanı olmayan sevimli bəndələridir şəhidlər. Qəhrəmanım Yunis da Allahın sevimli bəndələrindəndir. Ən uca adı qazanıb, ən ali məqamı fəth edən igid oğullardandır. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Yunis Kazımov da vətən naminə düşmənlə savaşa gedərək öz vətənpərvərlik hisslərini əlində silah doğma torpaqlarımızı azad etmək uğrunda döyüşməklə göstərmiş oldu. Cəsur döyüşçümüz düşmən qarşısında inamla dayanaraq, vətənimizi, doğma torpaqlarımızı qorudu. Yaxınları, dostları Yunisin vətənpərvərliyindən, qəhrəmanlığından böyük qürur hissilə danışırlar. Döyüş yoldaşları onun işdə çox məsuliyyətli, intizamlı və ciddi davrandığını bildirirlər. Zöhrə xanım deyir, döyüş yoldaşları arasında ləqəbi “Əqrəb” idi:

"“Tutduğunu qoparan” mənasında dostları ona belə deyirmiş. Mən ona işi barədə sual verməzdim, versəm də, o cavablandırmazdı. Bir gün ona müharibə ilə bağlı sual verdim. Dedim, heç ölümdən qorxduğun an oldumu? O isə mənə cavabında: “Orada yaşadıqlarımız, gördüklərimiz çox ağır idi, qucağımızda cavan qardaşlarımız şəhid oldu, hələ də özümə gələ bilmirəm” – dedi. “Amma bir an belə döyüş yoldaşlarımı köməksiz buraxmamışam, xoşbəxtəm ki, mənim başım döyüş yoldaşlarımın, şəhid qardaşlarımın yanında ucadır, mənim o döyüşdə əziyyətim çox olub. Mən Allah yolunda, millətim üçün döyüşmüşəm, torpağım üçün, haqq-ədalət üçün döyüşmüşəm, mənim həqiqi mükafatımı Allah versin” – dedi. Bəlkə də onun Allahdan ən böyük mükafatı belə şərəfli ölüm, şəhidlik zirvəsini fəth etməsi oldu. Mənim dinli, imanlı yoldaşım Yunis müharibədə namazından bir gün belə qalmamışdı. Ən ağır təlimlərdə, işdən yorğun gəldiyi günlərdə də mütləq namazını qılardı. Hərdən o qədər yorğun olurdu ki, əyilə bilmirdi, namazını oturaraq qılırdı. Ona heyranlıqla baxırdım... Yunisin dostları çox idi, ən yaxın dostları əsasən döyüş yoldaşları olub”.

Yunisli günlərin xatirələrini yada salmaq çox çətindir Zöhrə xanım üçün. Deyir, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb Şuşanın alınmasına qədər gedən döyüşlərdə igidlik nümayiş etdirib. Döyüşlərdə aldığı yaranın ağır olması səbəbindən arxa cəbhəyə göndərilib. Müharibədən sonra evlənən cütlük 14 ay evlilik həyatı yaşayır. 2022-ci ilin sentyabr ayında anti-terror əməliyyatına qatılır:

“Yunisin evdən son gedişi 31 avqust 2022-ci il tarixində olub. Hər zaman olduğu kimi, evdən 05:30-da çıxdı. Evdən çıxarkən elə bilirdi ki, həmin gün evə qayıdacaq, təlimə gedəcəyini bilmirdi. Onu həmişəki kimi, gülə-gülə yola saldım. Əli yatırdı, onu yatağında doyunca öpdü, qucaqladı və getdi. Günorta isə zəng etdi ki, biz təlimə gedirik. Şəhid olan günə qədər tez-tez görüntülü zənglərlə danışırdıq. Mən Əli ilə çəkdirdiyim şəkilləri ona göndərəndə məyus olduğunu, darıxdığını deyirdi. Görüntülü danışanda uşağı görüb kövrəlirdi. 12 sentyabr tarixində bizim son danışığımız, son zəngimiz, son mesajımız olub”.

Zöhrə xanımın qəlbindəki yara onu göynədir. Ömür-gün yoldaşının bir daha olmayacağını düşündükcə bu dərdin içində sıxılır. Amma bu sıxıntılar içərisində tək təsəllisi atasına bənzəyən körpə balası Əlidir. Deyir, övladımı atasının arzuladığı kimi böyüdəcəm. Bu yolda tək də olsam, çətin də olsa, mən bunun öhdəsindən gələcəm...

Elnurə İSAXAN

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi