Cəbhə jurnalistləri səngər adamlarıdır – UNUDULMASINLAR – Şöhrət Eyvazov

Cəbhə jurnalistləri səngər adamlarıdır – UNUDULMASINLAR – Şöhrət Eyvazov

Koronavirusun demək olar ki, hər şeyi unutdurduğu və ya fona keçirdiyi bir dövrdəyik. Amma  unutmalı olmadığımız  bir yer var – CƏBHƏ  XƏTTİ.

Azərbaycanın Ermənistanla cəbhə xəttindən danışırıq. Çoxunun bu sərhəddin hansı uzunluqda olmasından  xəbəri yoxdur. Googleyə baxmayın, özüm deyirəm – 246 kilometr. – Kəmiyyət ölçüsüdür.

Bəs tale xətti cəbhə  xətti illə kəsişən şəxslərin yaşadıqlarının keyfiyyət parametrlərini   necə ölçək? Məsələn, ümidlərin, Vətən Sevgilərinin, yurdu işğaldan azad etmə arzularının… O sevgi ki, o olmasa cəbhə xəttində yaşamaq  mümkün deyil.
SƏNGƏR ADAMLARI yaşayır  o sevgini…

Əlbəttə, birinci SƏNGƏR ADAMI Azərbaycan Ordusunun  Ali Baş Komandanı cənab İlham Əliyevdir!
Ad gününü cəbhə bölgəsində keçirməklə, ön  xəttdə  fəaliyyət göstərən hərbi və mülki şəxslərə diqqətiylə göstəririr bu sevgini.  Bu gün hərbiçilərimizin cəbhəboyu nümunəvi döyüş növbətçiliyi aparması  və rahat  məişət şəraitindən hamımız xəbərdarıq.
SƏNGƏR ADAMLARI ilk növbədə cəbhə xəttindəki zabit, gizir, çavuş və əsgərlərdir (qəsdən geniş yazıram, hər bir hissəsini tanıyın ordumuzun) . Sonra ön xəttə bitişik kənddə, evdə, rayonda yaşayan “yerli sakinlər”, “məskunlaşmış məcburi köçkünlər “ dediyimiz insanlardır.
Və nəhayət bizik – media orqanlarının cəbhə bölgə müxbirləri və operatorları…

BİZ  SƏNGƏR ADAMLARIYIQ

İstisnalar həmişə var.  Bu  dəfə yazımın qəhramanlarından biri özüməm. Azərbaycan milli mətbuatının 145 illik  yubileyi ərəfəsində və  ömrümün 50 ilinin astanasında  təvəzökrlıqdan uzaq olsa da, bunu yazmaq zərurətini hiss elədim.
Yazım bu gün  Qarabağ bölgəsində qələmiylə və kamerasıyla “döyüşən”  jurnalistlər və operatorları  – Şöhrət Eyvazovu (İctimai Tv və “Hərbi And” qəzeti), Habil Aslanoğlunu (Lider və APA Tv) , Şamxal Adıgözəlovu (Xəzər TV), Pərviz İmranoğunu (Az TV), Daşqın Abdullayevi (Arb), Tahir Ağamməmədovu (AzərTAC) , Emin Babayevi (Space),  Elgün Gəncimsoyu (ordu.az),  bölgədə fəaliyyətini dayandırmış Allahverdi Əsədovu, Şahin Rzayevi, Ramil İbrahimovu, Hafiz Abbasovu, Sənan Həsənoğlunu, Teymur Zahidoğlunu,  eləcə də operatorları – Vüsal Quliyevi (İTV), Elgün Qənbərovu (AzTv), Vicay Vəliyevi (ATV), Loğman İsmayılovu (Xəzər TV), Şamo Adığözəlovu (Space Tv), Ziya İsmayıloğlunu (Lider TV), Musa Muradlı (sputnik.az), eləcə də hal-hazırda çalışmayan Fərid Əsədovu, İlqar Fərmanlını, Zaur Naibovu, Eldəniz Vəliyevi  və Fəxri Məmmədovu  bir daha xatırlamaq üçündür.

Romen Rollan deyir ki, “İnsanı özü yetişdirir, dostları tanıdır”. Lakin bunun üçün dostların da səni tanımasına ehtiyac olur çox vaxt, elə deyilmi?
Elə isə, əziz dostlar, yaxın oturun, danışaq. Jurnalist fəaliyyətimdə tamaşaçılara və oxucularla  çox adamı tanış eləmişəm, indi özümü tanıdacam. Çalışacam mübağiləyə yol verməyim – çətin olsa da.

Özümün simamda bütün səngər adamlarına həsr edirəm

Tərcümeyi-hala hamı anadan olduğu yer və vaxt haqqında danışmaqla başlayır. Amma, mən bu  qaydanı pozaraq  bu gündən başlayıram tərcümeyi-halıma.

Hazırda İctimai Televizya və Radionun İnformaiya Departamentinin böyük redaktoru – Qarabağ müxbiri və “Hərbi And” qəzetinin müxbiriyəm. Hər iki media qurumu yaranan gündən ordayam – iş stajım  “Hərbi And”  qəzeti və  İctimai TV-nin mövcudluq tarixləriylə üst-üstə düşür.

Hərbi jurnalistikaya başlamağımdan 18 il keçir.
Bu gün cəmiyətimiz üçün səngər jurnalistikası, hərbi jurnalistika, ekstermal jurnalistika demək olar ki, gözə görünməz bir durumdadır. Ən azından, bir cəbhə müxbiri şou-biznes nümayədəsindən müqayisə olunmaz dərəcədə az tanınmaqdaır. Günah  və günahkar axtarmaq istəmirəm, bu tamamilə ayrı mövzudur.
Müharibə görənlər bilir. Əlisəfa Mehdi demişkən, “Kim müharibəni bir dəfə görübsə, müharibə onun üçün heç vaxt bitmir”.

“Bizi unutmazlar” – təsəllisi mənə Qarabağ müharibəsindəki  xeyli rastlaşdığımız vəziyyəti xatırladır. Döyüşdə sursat və ərzaq qutaranda: – “Ola bilməz ki, yaddan çıxaq”- mütləq kömək gələcək, deyirdik.

Qarabağ demişkən, mən jurnalist “təhsilimi” elə orda, döyüşdüyüm yerlərdə almışam. Bilənlər təsdiq edər, mənim o vaxtkı sorğularımı. Sabaha sağ çıxacağımıza ümidimiz az olsa da, nə vaxtsa bu qeydlərə ehtiyacım olcağını bilirdim.

Jurnailstikadan əvvəl hərbidə olduğuma görə, həmin illərin haqqında danışım bir az. 1993-cü ildə Azərbaycan Milli Bankında işimi yarımçıq qoyub, leytenant rütbəsiylə Azərbaycan Ordusunda xidmətə başladım.

Ən gərgin döyüşlərin getdiyi Tərtər-Ağdərə bölgəsində aktiv döyüş əməliyyatlarında artilleriya kəşfiyyatı zabiti kimi nümunəvi xidmət elədim. Atəşkəs dövründə Tərtərin Çaylı  və Qazaxın Fərəhli kəndlərində yerləşən  komandiri olduğum artilleriya bölməsi  yuxarı hərbi birləşmədə birinci yerə çıxdı. Türkiyədə hərbi təhsil zamanı öyrəndiklərim NATO standartlarına keçən zaman köməyimə çatdı.

2001-ci ildə  cəbhə bölgəsində xidmətim nəzərə alınmaqla 20 il staj və kapitan rütbəsiylə ordudan tərxis olundum, Silahı Qüvvələrin təqaüdçüsüyəm. Qüsursuz xidmətim və müddətsiz verilən “Müharibə Veteranı” vəsiqəmlə fəxr edirəm.

Cəbhə bölgəsndə hərbi xidmətim dövründə sağlamlığımı itirdiyimə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından bunu təsdiq edən müvafiq sənədlər olmasına baxmayaraq, yenidən başlayacaq döyüş əməliyyatlarında iştirak edə bilmək üçün  əlillik statusu almadım.

2002-ci ildə tərxis olunmuş zabit dostlarımızla hərbi-vətənpərvrlik təbliğatçısı olan müstəqil media  orqanını –  “Hərbi And” qəzetini yaratdıq və bu gün də həmin qəzetlə əməkdaşlığım davam edir. Orduda içdiyim “Hərbi And” kimi bu “Hərbi And”a da sadiqəm.

2005-ci ildə isə İctimai Televiziyada işləmək arzumun rəsmi müraciəti müsbət qarşılandı. Yəqin ki, həm az-çox qəzetçilik təcrübəmi, həm də ehtiyatda olan kapitan olduğumu nəzərə aldılar və hərbi-vətənpərvərlik proqramı olan “Salam Əsgər” verilişində fəaliyyətə başladım. Yadımdadır, ilk süjetlərimizdən biri Ramil Səfərovun atasıyla  müsahibə idi. “Həqiqət necə varsa” müəllif proqramında İrəvana aid veriliş hazırladım. 2007-ci ildə həbsxanalardan hazırladığımz “Gözlə məni” verilişinin aparıcısı oldum.

2007-ci ilin avqustunda İctimai Televiziyanın rəhbərliyi cəbhə bölgəsində hərbi xidmətimi nəzərə alaraq, mənə Qarabağ bölgə müxbiri vəzifəsini təklif etdi. Çox həvəslə razılaşdım. Əslində bu, mənim Qarabağ bölgəsinə ikinci gəlişim idi. 1993-cü ildə ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak üçün gəlmişdim. İndi isə silahı qələmlə əvəz etdim. Missiya eyniydir: Vətənə xidmət.

2018-ci ilin sonunda mənə etimad göstərərək, İctimai Televizyanın İnformasiya departamentinə böyük redaktor təyin etdilər. Çalışdıq və çalışırıq ki, bu etimadı da doğruldaq.

Ötən müddətdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə güclənən ordu quruculuğu və “Ordumuzun Memarı” Heydər Əliyev irsininin təbliği ilə bağlı  müxtəlif layihələrin müəllifi olmuşam, eləcə də Qarabağ bölgəsinin  sosial-iqtisadi inkişafı  haqqında mütəmadi xəbərlər və süjetlər hazırlamışam.

2003-cu ildə keçirilən prezident seckilərində “Gəncliyin secimi – İlham Əliyev” Ümumrespublika Gənclər Hərəkatında fəal iştirak etmişəm, 2008,, 2013, 2018, 2020-ci il seckilərində prosesin işıqlandırılmasında səylərim olub. 2018-ci ildə keçirilən prezdent seçkilərində “Respublika ərazisi üzrə jurnalist müşahidəçi” olmuşam.

Heydər Əliyev Fondunun dəstəyi ilə “Hərbicinin qeyd və yaddaş kitabcası”, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ordudan təxris olan gənclərə iş tapmaqda məsləhətlər” nəşrlərinn tərtibcisi, “Qərbi Azərbaycan salnamələri” kitabının  muəllifiyəm.

2019-cu  ildə  Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabını hazırlamışam və “Ermənistanın Azərbaycana qarşı ekolji terroru” və “Marağa-150”  filmlərinin ssenari müəllifiyəm.

Bundan başqa, ölkəmizdə elmin inkişafı üçün yaranan mühitdən bəhrələnərək elmi yaradıcılıqla da məşğulam. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantıyam və “İKT-nin inkişafının ictimai təhlükəsizliyə təsiri. Fəlsəfi aspekt” movzusunda elmi tədqiqat aparıram.

Azərbaycanın informaisya təhlükəsizliyi ilə bağlı elmi məqalələrlə mətbuatda mütəmadi çıxış edirəm. Facebok sosial şəbəkəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təbliğinə dəstək” səhifəsini yaratmışam.

Azərbaycan Respublikası Prezdenti möhtərəm İlham Əliyevin  sərəncamıyla 2015-ci ildə  “Tərəqqi” medalı, Azərbaycan Respublikası Prezdenti adından Müdafiə Nazirliyi tərəfindən 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”  və 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi”  medallarıyla təltif olunmuşam. Eləcə də, “Fədai”, “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medallarına və  müxtəlif  qurumlar tərəfindən diplom və Fəxri Fərmanlara  layiq  görülmüşəm.
Bunu da bildirmək istəyirəm ki, cəbhə bölgələrində hərbi xidmətim zamanı yaranan psixloji gərginliklər, eləcə də mənzil şəraitinin normal olmaması ucbatından həyat yoldaşım II qrup əlildir.

Jurnalistlərə verilən əvvəlki evlər üçün o KİVDF-yə müraciət ünvanlasam da, cavab belə, verilməyib. İndiki -yeni KİVDF-uə də müraciət etmişəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrasında səngər adamlarında unudulmayacağına ümid edirik.

İctimai Televiziya və Radionun İnformasiya Departamentinin böyük redaktoru,
“Hərbi And” qəzetinin müxbiri, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı,
Qarabağ muharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov

Copy link
Powered by Social Snap