FHN-in nümayəndəsi MDB fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclasında iştirak edib

FHN-in nümayəndəsi MDB fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclasında iştirak edib
30 iyun – 3 iyul 2021-ci il tarixlərində Qırğız Respublikasının Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclası keçirilib.
Herbiand.az xəbər verir ki, İclasda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi rəisinin müavini Gündüz Həmzəyev iştirak edib. Həmçinin, Azərbaycanla yanaşı tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələri və MDB İcraiyyə Komitəsinin məsul işçiləri, qonaq qismində isə Ümumdünya Mülki Müdafiə Təşkilatının rəhbər şəxsləri iştirak edib.
İclasda Müstəqil Dövlətlər Birliyinin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 2019-2020-ci illərdə gördüyü işlərə dair məruzə dinlənilib, gələcək planlar barədə Şuranın İcraiyyə Komitəsi məlumat verib, müzakirələr aparılıb.
İclasda çıxış edən Gündüz Həmzəyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının apardığı 44 günlük haqq savaşından, rəşadətli Ordumuzun əldə etdiyi böyük Zəfərdən danışıb, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri və ərazilərin minalardan təmizlənməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin, çıxışında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlətlərarası Şuranın sonuncu iclasından sonra gördüyü işlər barədə ətraflı danışıb.
İclasda MDB-nin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasına sədrliyin növbəlilik prinsipi üzrə Rusiya Federasiyasından Qırğız Respublikasına keçməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, səfər çərçivəsində iclas iştirakçıları Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və dalğıc qrupunun fəaliyyəti ilə tanış olublar.
Copy link
Powered by Social Snap