HƏYAT XİLASKARLARI

HƏYAT XİLASKARLARI

Yaşamaq – bir kəlmə ancaq hər kəsin arzusu.

Yaşatmaq – bir kəlmə çoxlarının çatmadığı arzu. Bu arzuya çatanlar həkim adını daşıyanlardır. Ömrünü yaşatmağa həsr edən, şəfalı əlləri ilə toxunduğu yerdə ümid bitirən həkimlər. Bəzi zamanlarda möcüzə yaradar, son nəfəs bir həyatın başlanğıcı olar. Bəzi zamanlarda gözlərdəki intizar dolu baxışları sevincə çevirər. Gecəsini, gündüzünə qatıb yaşamaq arzusunda olanları yaşadan həyat xilaskarları olan həkimlər həm də bir qəhrəmandılar. Çətin gün qəhrəmanları.
Fevral ayından etibarən ölkəmizdə covid-19 infeksiyasının geniş yayılması səbəbi ilə bəzi xəstəxanalarda yaşamaq uğrunda mübarizə aparanların sayı artıb. Eyni zamanda yaşatmaq uğrunda mübarizə aparanların da çətin həyat sınaqları başlayıb. Pandemiyanın ilk yayıldığı gündən 3 sayılı Sabunçu rayon xəstəxanasında çalışan Məmmədova Könül Sulduz qızı, Məmmədova Aytən Mətləb qızı, Məmmədov Anar Namiq oğlu, Həsənova Sevinc Yusif qızı, Fərəcova Fərqanə Həsən qızı, Xəlilov Səbuhi Əlican oğlu, Əliyev Ramin İmran oğlu və Cavadova Ruqiyyə Yusif qızı insan həyatı uğrunda mübarizə aparırlar. Xalqının yanında olan bu həkimlərin şəfası ilə həyata dönən insanların sayı çoxdur. Ancaq həyat xilaskarları indi daha çətin bir mübarizəyə atılıblar. Daha çox ümid dolu gözlərə, daha çox “yaşat” deyən baxışlara tuş gəlirlər.
Sentyabrın 27-dən etibarən ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmaq cəhdlərinin qarşısını alan və illərlə həsrət qaldığımız Qarabağın azadlığı uğrunda savaşan əsgərlərimizin bu şəfalı əllərə ehtiyacı olduğunu düşünən həyat xilaskarları müharibənin başladığı ilk gündən ön cəbhəyə yol aldılar. Hər birimiz bilirik ki, şəhidsiz və qazisiz  qələbə olmur. Müharibənin bir üzü qələbə sevinci digər üzü isə insan itkisinin kədəridir. Bu gün vətən uğrunda savaşdan qalib çıxan yaralı əsgərlərimizin həyat savaşından qalib çıxması üçün həkimlər hər vəchlə çalışırlar.Günlərdi ailələrindən, sevdiklərindən, övladlarından ayrı qalmaqlarına baxmayaraq onlar səngərdə haqq savaşı aparan hərbçilərdən uzaqlaşmağı, geri dönməyi düşünmürlər. Hər yaralı əsgərin gözlərindəki əzmdən güc alan həkimlər bu savaşın sonundakı zəfər sevincinin çatacağı günü səbirsizliklə gözləyirlər. Həmin gün xalq olaraq zəfəri bayram edəcəyik. Ancaq iki peşə sahibləri o zəfərin qəhrəmanları olacaq. Biri hərbiçilər digəri həkimlər.

MANYA SƏXAVƏTQIZI

Copy link
Powered by Social Snap