Salam, Şuşa!

Elə dəqiqələr, saatlar olur ki, insan xoşbəxt olur və ən önəmlisi, xoşbəxtliyinin fərqində olur.
17 avqust 2021- ci il mənim üçün məhz belə bir gün idi. Mən Şuşanı ziyarət etdim, Şuşaya getdim! Cümlənin gözəlliyinin, möhtəşəmliyinin fərqindəsizmi- Şuşaya getdim!
Şuşanın mənim üçün çox özəl, çox doğma olduğunu məni tanıyan hamı bilir. O gözəlliyi heç vaxt görməmişdim. Şuşa işğal olunanda on iki yaşındaydım. Televizorda diktorun Şuşanın işğal olunduğunu necə elan etməsi, bu bəd xəbərə verdimim reaksiya  aydın şəkildə xatirimdədir.
Ötən illərdə Şuşanın işğaldan azad ediləcəyinə olan inamım bir an belə olsun azalmadı, itmədi. 
Şuşanı yuxularımda görürdüm. Bir dəfə yuxuda Şuşa küçələrində gəzdiyimi, bir erməni qadınının çəpərdən mənə çörək uzatdığını görmüşdüm. Yeri gəlmişkən, Şuşa səfərimdə yuxumda gördüyüm məkanların real olduğunun şahidi oldum.
Beləcə, Şuşaya dönəcəyimə inamım öləzimirdi.
2020- nin iyulu çox çətin oldu. Tovuz hadisələri məni çox sarsıtdı. Belə ağır vaxtda da inamım itmədi. Avqustun sonu bir qərara gəldim, 2018- ci ildə Sankt-Peterburqda nəşr etdirdiyim ” Azərbaycan Respublikası- 100″ kitabının arasına pul toplamağa başladım. Bu pulla Şuşadan ev alacaqdım. 
Sentyabrın 22-si bu barədə facebook səhifəmdə yazdım və şəkil paylaşdım. Təbii, reaksiyalar müxtəlif oldu. Sentyabrın 27- si Vətən müharibəsi başladı və noyabrın 8-i Şuşa işğaldan azad olundu!
Arzularım gerçəkləşirdi!
2021-ci ilin martında Azərbaycan və Türkiyə alimləri birlikdə Novruz bayramı ilə bağlı elmi konfrans təşkil etdilər. Proqramda Şuşaya səfər də nəzərdə tutulurdu. Şuşaya getmək eşqi ilə Bakıya gəldim. Burada olanda məlum səbəblərdən konfransın onlayn keçiriləcəyi elan olundu. Düzdür, kədərləndim, amma həvəsdən düşmədim- yayda gedərəm.
İyulda Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlıların Şuşaya səfərini gerçəkləşdirdiyini oxudum. ” Mən də Şuşaya getmək istəyirəm”- dərhal Komitəyə müraciət etdim. Çox sağ olsunlar, dərhal reaksiya verdilər. Və mənim illərlə həsrətində olduğum səfər, ziyarət gerçəkləşdi. Şuşaya getdim!
Heç vaxt hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkməmişəm. Ancaq Şuşaya gedə biləcəyimi eşində, Şuşada olanda keçirdiyim hissləri ifadə etməyə söz aciz qalır. Xoşbəxt idim, çox xoşbəxt idim!
Səfərdən bir gün öncə Komitədə səfər iştirakçıları ilə görüş oldu və iştirakçılar təlimatlandırıldı. Hara getdiyimizin fərqində olsaq da, məsuliyyəti dərk etsək də, bilməli olduğumuz məqamlar da var idi.
Avqustun 17-si 26 ölkədən olan 102 diaspor nümayəndərinin Şuşaya səfəri baş tutdu.
Səfər  çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə Komitəyə ayrıca təşəkkür edirəm.
Səhər ertədən yola düşdük. Füzuliyə qədər əhval bir başqa idi. İşğaldan azad olunmuş ərziyə daxil olanda durum dəyişdi. Tanrım, bütöv bir xalq necə bu qədər vəhşi, qansız ola bilər?! 
Şəhərdən əsər- əlamət yoxdur. Orada-burada gözə dəyən para divarı qalmış, dağıdılmış evlər, dağıntlar arasında bitmiş ağaclar, minalanmış sahələr…
Qəhər boğazımda düyünlənmişdi. Gördüklərimi çəkirdim. Görməyənlərə, görməzlikdən gələnlərə göstərmək üçün.
Getdikcə dağlar görünürdü. 
Necə vuruşublar burada, necə azad ediblər yurd yerlərimizi, nə əziyyətə, necə igid canlara başa gəlib bizə bu qələbə?! 
Qanla sulanmış yurd yeri.
İşğal dönəmində də, müharibə vaxtı da olanları, baş verənləri içdən, bütün varlığımla yaşayırdım, hiss edirdim. Amma o torpaqlara ayaq basanda yaşadığım hisslər öncəkilərdən fərqli, daha ötə oldu. Bax, addımladığım bu torpaqda igidlər şəhid olub. Qanlar tökülüb, canlar gedib. İlk işim şəhidlərin uca xatirəsini hörmətlə anmaq, qazilərimizə, bizim bu xoş günü yaşamağımıza səbəb olanlara minnətdarlıq etmək oldu.
Yol boyu rayonların, kəndlərin adı yazılmış lövhələrə məmnunluqla baxırdım: Zəngilan, Cəbrayıl,  Füzuli, Şuşa.
Şuşa!
Füzulidən çıxdıq, Şuşaya yaxınlaşırıq. Yağış yağmağa başladı. Ancaq uzaqda görünən dağların başı buludsuz idi. Şuşanın dağları dumanlı deyildi! 
– Biz Şuşaya çatana, yağış da kəsər, – kimsə dedi.
Yağış kəsdi də.
Bir yamacı aşdıq. Qarşıda Şuşanın qayaları, dağları, Daşaltı göründü.
Belə yerdə ən asanı ağlamaqdır. Emosiyanı göz yaşları ilə çıxatmasan, dözmək çətin olar. Adama elə gəlir, ürəyinin döyüntüsünü qonşun da eşidir.
Avtobus üzüyuxarı, Şuşaya qalxır. Hamı susub.
Şuşaya daxil oluruq. Əvvəlcə Cıdır düzünə gedəcəyimizi deyirlər. Avtobus şəhərin içi ilə gedir. Şəhər o qədər doğmadır ki… Sanki onun küçələrində böyümüşəm.
Cıdır düzünə çatırıq. Ayağımı bu müqəddəs torpağa ilk qoyuşumda əyilib yerdən bir daş götürürəm- Şuşada tikdirəcəyim evin özülünə qoymaq üçün. Bəli, Şuşada evim olacaq, Xankəndi dövlət universitetində işləyəcəyəm.
Cıdır düzünü gəzirik. Şəkil çəkdirən kim, video çəkən kim, həsrətində olanlara gətirmək üçün torpaq yığan kim…
Şuşada olduğumu biləndə, onlarla insan yazıb xahiş etdi ki, onların salamlarını Şuşaya çatdırım. Çatdırdım. Balaca bir video da çəkdirdim. 
Cıdır düzündə, ümumiyyətlə Şuşada adam özünü başqa cür hiss edir- daha güclü, məğrur, əyilməz.
Ətraf ovuc içində kimidir. Xankəndinə, Şuşa rayonunun kəndlərinə baxıram. Az qalıb…
Proqrama görə Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəyik. Vaxt məhdud, görməli yerlər çoxdur.Ancaq insanlar Cıdır düzündən çıxmaq istəmirlər.
Artıq günortadır, nahar vaxtıdır. Bizi hotellərdən birində nahara qonaq edirlər. Süfrədə Şuşa çörəyi var. Şuşa çörəyi!  Müharibə dönəmində bir əsgər hamını həyəcanlandıran, ağladan bir cümlə demişdi-“Şuşaya çörək aparırıq”. İndi biz o igidlərin sayəsində Şuşada çörək yeyirik. Minnətdarlığım sonsuzdur.
Nahardan sonra qrup halında Şuşanı gəzirik. Evlər, yollar, ağaclar, daşlar… O qədər doğma, o qədər gözəldir ki!
Atama zəng edirəm:
-Dədə, bilirsən sənə haradan zəng edirəm?
-Hə.
Qəhərləndiyini hiss edirəm.
– Bura gözəldir, çox gözəldir.
-Əhmədabaddandamı gözəldir?
– Dünyanın hər yerindən gözəldir.
Çox danışmıram, danışsam, ağlayacam. 

Doymuruq, doymaq olmur. Çəkdirdiyimiz şəkillər, video az gəlir. Bütün gözəlliyi gözlərinə, ürəyinə köçürmək istəyir adam. Kimsə deyir:
– Gəlmişkən özünə ev yeri də seç.
-Seçmişəm,-deyirəm.
Şəhəri gəzirik. Hərbiçilər, inşaat işləri aparanlarla salamlaşırıq. Mağazaya dönüb alış- veriş edirik, Şuşa çörəyi alırıq. Mağazada məndən öncə üç uşaq meyvə şirəsi alır.
Şuşanın küçələrində dolaşırıq. Xan qızı bulağının suyunu təşnələnən həsrətimə çiləyirəm. Xoşbəxtəm, Şuşa da xoşbəxtdir. Axır ki qovuşa bilmişik. 
Mən səni sevirəm, Şuşa, çox sevirəm!
Bu etirafı dəfələrlə etmişəm. İndi özünə deyirəm.
Bilirəm ki, sən də məni sevəcən. Çünki bu boyda eşq qarşılıqsız ola bilməz.

Copy link
Powered by Social Snap