Təhsil müəssisələrində COVID-lə bağlı durum nə yerdədir?

Sentyabrın 22-də Azərbaycanda ibtidai siniflərdə ənənəvi tədris bərpa edilib. Sentyabrın 29-da isə bütün təhsil müəssisələri ənənəvi tədrisə geri dönüb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Ali təhsil müəssisələrinə gəldikdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov APA-ya bildirib ki, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.

Ümumilikdə ali təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı vəziyyəti öyrənmək üçün universitetlər arasında sorğu keçirdik.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva, Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova, Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq departamentinə direktoru Bəhruz Nəzərov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşfiq APA-ya açıqlamalarında bildiriblər ki, təmsil etdikləri universitetlərdə yoluxma halı və distant tədrisə keçən qrup yoxdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva APA-ya bildirib ki, universitetdə distant təhsilə keçən qruplar yoxdur, dərslər isə hibrid formada davam edir: “Tək-tək hallarda yoluxma ola bilər, amma bir qrupda bir neçə tələbənin virusa yoluxması və distant təhsilə keçid halları yoxdur”.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı APA-ya açıqlamasında bildirib ki, ənənəvi dərslər başlayandan bu günə qədər 8 tələbədə COVİD-19 aşkar olunub: “Həmin tələbələr karantinə alınıb. Distant tədrisə keçən qrup yoxdur. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur”.

Azərbaycan Dövlət Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova APA-ya açıqlamasında deyib ki, distant təhsilə keçən qrup yoxdur: “Bu günə qədər 2 tələbəmizdə koromavirusa yoluxma aşkarlanıb. Onlar da bunu ev şəraitində bildikləri üçün dərsə gəlməyiblər. Əyani təhsilimiz davam edir”.

Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ayşən Hüseynova APA-ya deyib ki, hazırda ali təhsil müəssisəsində yoluxma halı yoxdur.

Copy link
Powered by Social Snap