Azərbaycanlı tələbələr “Teknofest”də iştirak edirlər

Təxminən otuza yaxın azərbaycanlı tələbə yeddi komanda ilə “Teknofest”də turizm və aqro texnologiyaları, pilotsuz aparatlar kimi müxtəlif yarışlarda iştirak edir. Bu növ yarışlarda iştirak gənclərin praktiki bacarıqlarının inkişafında xüsusi rol oynayır. Biz inanırıq ki, bu kimi tədbirlərdə aktiv iştirak gənclərimiz arasında innovativ sahibkarlığın inkişafı baxımından da öz töhfəsini verəcək. Onları bu hərəkatda iştiraka təşviq edəcək.
Herbiand.az xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən “Teknofest” festivalında Azərbaycanın media nümayəndələrinə müsahibəsində ölkəmizin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sektor müdiri Nicat İbrahimli deyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanan pavilyonda ən uğurlu startaplarımızın öz məhsullarını nümayiş etdirdiyini bildirən N.İbrahimli qeyd edib ki, Azərbaycan ilk dəfə “Teknofest”də çox geniş miqyasda iştirak edir: “2018-ci ildən etibarən keçirilən festivalda bu il ölkəmiz milli pavilyonla təmsil olunur. Pavilyonumuzda Azərbaycanın 11 startapının texnoloji məhsulları sərgilənir. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin dörd ədəd pilotsuz uçuş aparatı və Azərbaycan Hərbi Hava Qüvvələrinin iki ədəd “Mig-29” qırıcı təyyarəsi də ərazidədir. Bu təyyarələr tədbir boyu hər gün “Türk ulduzları” ilə birlikdə təşkil olunan hava şoularında iştirak edəcək”.

Copy link
Powered by Social Snap