“VƏTƏN FƏDAİLƏRİ ” NAXÇIVAN ŞƏHİDLƏRİ KİTABININ TƏQDİMAT MƏRASİMİ

Qanları ilə vətən torpağına qəhrəmanlıq dastanı həkk edən şəhidlərimizin qəhrəmanlıqlarını kitablardan oxuyuruq. Həmin kitablardan daha biri ərsəyə gəldi. Şairə, publisist Manya Səxavətqızı şəhidlərimizə həsr etdiyi növbəti bir layihəsi olan “Vətən Fədailəri” layihəsinin ilk cildi “Vətən Fədailəri” Naxçıvan şəhidləri kitabını ərsəyə gətirərək şəhidlərimizin adını tarixə həkk etdi. 22 oktyabrda Müdafiə Nazirliyinin göstərişi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kitabın təqdimatı keçirilib. Təqdimatda Naxçıvandan olan çoxsaylı ailələrlə yanaşı Bakıda yaşayan şəhid ailələri də iştirak ediblər. Eyni zamanda Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir çox dövlət nümayəndəliyi tədbirdə iştirak ediblər. Tədbirin ilk dəqiqəsində şəhidlərimiz birdəqiqəlik sükutla anılıb və ardınca dövlət himnimiz səsləndirilib. Tədbirin aparıcısı Kamran Yaradanquliyev ilk olaraq çıxış üçün sözü polkovnik Elşad Əbilova verib. Elşad Əbilov 44 günlük zəfər tariximizdə qəhrəmanlarımızın göstərdiyi şücaətlərdən söhbət açıb və qəhrəmanlarımızın adlarının tarixə həkk olunmasını yüksək qiymətləndirib.
Layihənin müəllifi şairə, publisist Manya Səxavətqızı öz duyğularını qonaqlarla bölüşüb. Aylarla üzərində çalışdığı kitabın ərsəyə gəlməyindən söhbət açan Manya xanım kitabda zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib. Naxçıvandan olan 155 şəhidin şərəfli ömür və döyüş yollarından bəhs olunan kitabda ayrıca hər şəhidə ithaf olunmuş bir şeir də yer alıb. Aylarla üzərində çalışılan, hər bir şəhidin həyatı hiss edilərək yazılan “Vətən Fədailəri” Naxçıvan şəhidləri kitabı ailələrin təsəllisi olub.
Layihənin ərsəyə gəlməsində bilvasitə rolu olan qazi Əbdül Məmmədovun oğlu, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov da öz çıxışında şəhidlərin yüksək məqamından söz açıb. Ərsəyə gələn kitab barəsində ətraflı məlumat verib.
Kitabın maliyyə dəstəkçisi Bəhruz Məmmədov da şəhidlərin adlarının əbədiləşdirilməsi üçün atılan bütün addımlarda əlindən gələn köməyi heç zaman əsirgəməyəcəyini və belə bir layihədə yer aldığı üçün qürur hissi keçirdiyini deyib.
Millət Vəkili Aydın Hüseynov öz çıxışında atılan addımın önəmindən, şəhidlərin müqəddəsliyindən söhbət açıb.
Şəhid adlarının yaşaması üçün hər zaman böyük addımlar atan, 2 dəfə Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi kitabın təqdimatını keçirən Nərimanov Rayon İcra hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da bir azərbaycanlı, bir naxçıvanlı kimi çıxış edərək fikirlərini bölüşdü.
Dəyərli ilahiyyatçılarımız Hacı Şahin müəllim və Hacı Ramil Bədəlov dəyərli kəlamları ilə şəhidliyin anlamını izah edərək şəhid ailələrinin dərdlərinə təsəlli olublar. Onlar da şəhidlərimizin ömür yollarının kitablarda həkk olunmasının vacibliyini vurğulayıblar.
Dəyərli şəhid ataları, anaları, qardaşları, bacıları, yoldaşları “Vətən Fədailəri” Naxçıvan şəhidləri kitabının təqdimatında şəhid adlarının əbədiyaşarlığını görərək təsəlli alıblar.
Şəhid atası Mayis Gülməmmədov , Əsəd Ələkbərov Elman Məmmədov bir şəhid atası olaraq “Vətən Fədailəri” Naxçıvan şəhidləri kitabının ərsəyə gəlməyində çəkilən zəhməti yüksək qiymətləndirərək, belə addımlardan təsəlli aldıqlarını dilə gətiriblər.
Şəhid anaları Gülşad ana, Rəna ana öz çıxışlarında övladları qurban olan vətəndə şəhid adının yaşadılmasından təsəlli aldıqlarını vurğulayaraq atılan addımı yüksək qiymətləndiriblər.
Şəhid qardaşları Elyar Vəliyev, Toğrul Məmmədov kitab haqqında və tədbir haqqında təəssüratlarını bölüşübər.
Vətənə əzasını qurban verən şəhadətin bir addımlığından dönən qazi Ülvi Qədir çıxış edərək atılan addımın önəmini vurğulayıb.
Bundan başqa Vətən müharibəsinin daha bir qazisi Əfsələddin bəy və digər hərbiçilər öz iştirakları ilə şəhidlərimizə olan ehtiramlarını göstəriblər.
Naxçıvan Ali məhkəsinin sədr müavini Fərman müəllim də tədbirdə iştirak edib.
Şairə, publisist Nəcibə İlkin öz şeiri ilə şəhid dərdlilərin şəhid adlı yarasına məlhəm olub.
Şəhidlərimizin adlarını öz nəğmələri ilə yaşadan Ruslan Səfəroğlu da həmin gün tədbir iştirakçılarının yanında oldu.
Üç saata yaxın davam edən “Vətən Fədailəri” Naxçıvan şəhidləri adlı kitabın təqdimat mərasimində vətənpərvər ruhlu musiqilərə də yer verilib.
Sonda “Vətən Fədailəri” Naxçıvan şəhidləri kitabı ailələrə təqdim olunaraq xatirə şəkili çəkdirilib.

Copy link
Powered by Social Snap