Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinə start verilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.
Herbiand.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib. Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibələrinin qaziləri, veteranları, hərbçilər iştirak ediblər.
Tədbir iştirakçıları batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə şəhidlərimizin əziz xatirəsini yad edib, ana Vətənin azad olması münasibətilə sevinc hisslərini bölüşüblər. Çıxışçılar qeyd ediblər ki, xalqımız Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hər zaman hazır olub. Hər qarış torpaq uğrunda şəhid qanı axıb. 30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində Qələbəmizlə yekunlaşdı və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşdu.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərimizin birinci ildönümündə yekunlaşacaq.

Azərtac

Copy link
Powered by Social Snap