Kraliça “İlin yaşlısı” titulundan imtina edib

Kraliça II Elizabeth Böyük Britaniyanın yumoristik “The Oldie” jurnalının “İlin yaşlısı” titulunu qəbul etməyib.

Herbiand.az BBC-yə istinadən xəbər verir ki, “Özünü neçə yaşında hiss edirsənsə, o yaşdasan” deyən kraliça bu nəzakətli rədd cavabıyla eyham vurub ki, hələ özünü qoca saymır.

95 yaşlı kraliçanı “İlin qocası” seçmək təklifini yazıçı və telejurnalist Gyles Brandreth irəli sürüb. O, kraliçanın şəxsi katibinə məktub yazaraq soruşub ki, monarx bu fəxri titulu qəbul etmək istəyərmi?

Jurnal verilən cavabı olduğu kimi dərc edib:

“Əlahəzrət inanır ki, hər bir insanın yaşı özünün hiss etdiyi qədərdir. Ona görə də Kraliça bu titulun kriteriyalarına uyğun gəlmədiyini düşünür və ümid edir ki, siz daha layiqli namizəd tapacaqsınız”.

Brandreth bunu “çox gözəl cavab” adlandırıb, deyib ki, Kraliçanı sözügedən titulla sevindirmək şansının irəlidə olduğuna ümid edir:

“Ola bilsin, gələcəkdə biz bir daha Əlahəzrətə müraciət etməyi sınayaq”.

Mükafatın koordinatorunun sözlərinə görə, II Elizabeth-in namizədliyini koronavirus pandemiyasıyla mübarizədə monarxın liderliyini vurğulamaq istəyən jüri üzvü Morin Lipman təklif edib.

Bundan başqa, titul gələn il – kraliçanın taxta çıxmasının 70-ci ildönümünə, necə deyərlər, “platin yubileyinə” həsr olunacaq tədbirlər ərəfəsində təqdim edilə bilərdi.

Böyük Britaniya tarixində hakimiyyəti bu qədər uzun çəkən yeganə monarx II Elizabeth-dir.

“The Oldie” jurnalı 2011-ci ildə “İlin əri” titulunu kraliçanın 90 yaşlı əri Şahzadə Philip-ə təqdim etmişdi. Edinburq hersoqu buna özünəməxsus yumorla cavab vermişdi:

“Sənə illərin getdikcə daha sürətlə ötüb keçdiyini və qədim tablonun rənglərinin artıq qopub töküldüyünü xatırladanda, təbii ki, bu, ovqatına çox kömək edir. Amma yaxşı ki, səni, ümumiyyətlə, yaddan çıxarmayıblar”.

Şahzadə Philip bu ilin aprel ayında, 99 yaşında vəfat edib.

“İlin yaşlısı” titulu artıq 29 ildir ki, mövcuddur və bu müddət ərzində rəssam David Hockney, dizayner Peter Blake və bir çox başqa məşhura təqdim edilib.

“The Oldie” jurnalı yumoristik nəşr olaraq yaradılıb.

“Ancaq gənclikdən və məşhurlardan yazan mətbuata çox da ciddi olmayan alternativ. “The Oldie” jurnalı zamanın və yaşın fövqündədir, burda təqaüdlərlə bağlı məsləhətlər yoxdur, əvəzində bol miqdarda təravətləndirici iti ağıl və sevinc var”, – jurnalın saytında belə yazılıb.

Copy link
Powered by Social Snap