Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ermənistanın baş naziri Nikol Paşinyan 7 milyon dollara “Pegasus”  dinləmə sistemi alıb. Bu haqda Ermənistanda nəşr edilən “Hraparak” qəzeti yazır. Bildirilir ki, başqa ölkələrdə bu sistem xarici kəşfiyyat xidmətləri tərəfindən ölkənin təhlükəsizliyi üçün təhdid yaradanların izlənilməsi üçün tətbiq edilir. Paşinyan isə onu müxalifətçilərə və müxalif KİV-lərin redaktorlarına qarşı istifadə edəcək.

“Mexanizm kifayət qədər sadədir-təyin edilmiş telefona adi reklam sms-i göndərilir, bu sms-i açan kimi sistem mobil telefona yüklənir. Yeri gəlmişkən, bir adamın bu sistemlə “ovlanması” 10 min dollara başa gəlir. Məsələ bundadır ki, sistem “Signal”, “WhatsApp”, “Telegram”, “Facebook” sosial şəbəkə və messencerlərini də izləyə bilir. Hakimiyyət bu sistemi müxalifətçilərə qarşı tətbiq etmək üçün alıb, amma kimi izləmək barədə göstərişləri şəxsən Paşinyan verir. Bizə məlumdur ki, müstəqil KİV-lərin redaktorlarından biri də bu sistemlə izlənir”,-qəzet belə yazır.

Qeyd edək ki, Paşinyanın aldığı iddia edilən “Pegasus” casus proqramı ilə bağlı bu yaxınlarda böyük beynəlxalq qalmaqal yaranmışdı. Həmin proqramı İsrailin “NSO Group” şirkəti işləyib hazırlayıb. Məlum olmuşdu ki, Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə bu proqram müxalif fəalların və jurnalistlərin, o cümlədən hökumət nümayəndələrinin izlənilməsi üçün istifadə olunub. Lakin proqram “Hraparak” qəzetinin bəhs etdiyi kimi işləmir, “Pegasus” üçün izlənilən şəxsin telefonunu nəzarətə götürmək üçün reklam sms-i göndərməyə ehtiyac yoxdur. Üstəlik ağlabatan deyil ki, İsrail bu cür beynəlxalq qalmaqaldan sonra həmin casus proqramını Ermənistana da satıb. Ona görə də əgər Paşinyan hansısa casus proqramı alıbsa belə yəqin ki, bu “Pegasus” yox, hansısa başqa sistemdir…

Copy link
Powered by Social Snap