ABŞ Azərbaycanın irimiqyaslı təlimlərindən niyə narahatdır?

ABŞ Azərbaycanın irimiqyaslı təlimlərindən niyə narahatdır?

ABŞ Azərbaycan ordusunun təlimlərindən narahat olub. Bunun nəticəsidir ki, ABŞ Azərbaycanı hərbi təlimlər keçirərkən onların ölçüsü və təyinatı haqqında daha ətraflı məlumat verməyə, daha şəffaf olmağa çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin silahlara nəzarət sahəsində sazişlərə və öhdəliklərə riayət olunması haqqında Konqresə təqdim etdiyi məruzədə deyilir. Vyana sənədinin 9/12 saylı qərarına uyğun olaraq, iştirakçı dövlətlər hər il ən azı bir böyük hərbi təlim haqqında məlumat verməlidirlər.

Azərbaycanlı ekspertlər isə ABŞ-ın bu mövqeyinin ədalətsiz olduğunu deyir.

Herbiand.az saytı Musavat.com-a istinadla məlumat verir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan dövləti bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində beynəlxalq hüquq prinsiplərinə, beynəlxalq konvensiyalara tam əməl edir:

“Azərbaycan həmişə öz üzərinə götürdüyü öhdəlikləri nəzərə alır. Təəssüf ki, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, dünyanın super gücü kimi, ATƏT-in həmsədri kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistanın silahlanmasına kömək edir, hətta maddi yardımlar da göstərir. Özü dünyada sülhə və ədalətə cavabdeh olduğu halda, həm İraqda, həm Əfqanıstanda keçirdiyi əməliyyatlardan sonra etiraf edir ki, biz orada nüvə silahı axtarırdıq. Bunların hamısı dünyaya bəllidir. Azərbaycan özü isə keçirdiyi hərbi təlimlər barədə mətbuat vasitəsilə dünyaya məlumat verir. Həmçinin ABŞ-ın Azərbaycanda səfiri var və istənilən vaxt Azərbaycanın Müdafiə naziri ilə görüşür”.

Emin Həsənli deyir ki, ABŞ-ın bu mövqeyi beynəlxalq hüquqa da ziddir:

“Sadəcə olaraq, ABŞ-dakı erməni diasporu, ermənilər və onların havadarları boş-boşuna hay-küy salırlar. ABŞ da guya ədaləti, balansı qoruyur və bu cür siyasət yeridir. ABŞ İrana embarqo qoyur, amma Ermənistan İranla əməkdaşlıq edir. Lakin bununla bağlı Ermənistana heç bir sanksiya tətbiq etmir. Bunları etmədən öncə yaxşı olardı ki, Qarabağın işğalına göz yumulmasın, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilsin. Əks halda Azərbaycan yaratdığı bu cür güclü ordu ilə, hərbi paradda göstərdiyi müasir silahlarla öz ərazisinin bütövlüyünü təmin etməyi bacaracaq. Necə ki, 2014-2016-cı illərdə həyata keçirdiyi əməliyyatlarla bunu sübut etdi. Elə bundan sonra Ermənistan dünyaya səs salıb ki, Azərbaycan hər an müharibəyə başlaya bilər. Müharibənin başlaması Azərbaycanın hüquqdur. ABŞ Suriya, İraq, Liviyada öz milli maraqları naminə əməliyyat keçirir, amma Azərbaycan öz ərazi bütövlüyünü təmin etməməlidir? Bu yanaşma ədalətli deyil və beynəlxalq hüquqa ziddidir. Azərbaycan Amerika kimi hansısa bir dövlətin ərazisində hərbi təlimlər keçmir”.

Herbiand.az saytı Musavat.com-a istinadla məlumat verir ki, Hərbi icmalçı Ramil Məmmədli də mövzu ilə bağlı danışıb.

Onun sözlərinə görə, ABŞ-da bir siyasi qurumun bu fikrə gəlməsində əsas səbəbkarlardan biri erməni lobbisidir:

“Artıq son bir ildir, erməni diasporu, erməni lobbisi, Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ciddi şəkildə narazı olduqlarını dəfələrlə ifadə ediblər. Sonuncu irimiqyaslı təlimdə də bu narahatlıq müşahidə olundu. Bununla bağlı erməni mətbuatında da müəyyən yazılar dərc edildi. ABŞ Dövlət Departamentinin bu fikrə gəlməsinin səbəblərindən biri də budur. Azərbaycanın irimiqyaslı təlimləri ilə bağlı hansısa bir ölkəyə hesabat verməsi doğru deyil. Bu, ümumiyyətlə, müzakirə mövzusu belə deyil. Vyana sənədində də xüsusi qeyd olunmayıb ki, hərbi təlimlərlə bağlı, hərbi təlimin texniki xüsusiyyətləri, detallı olaraq açıqlanmalıdır. Bununla bağlı hər hansı bir öhdəlik də yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, ABŞ-ın bu məntiqlə çıxış etməsi Ermənistan dəyirmanına su tökməkdən başqa bir şey deyil. Amerika Azərbaycan ordusunun güclənməsində maraqlı olmalıdır. Azərbaycan Amerikanın milli maraqlarına zidd olan iki dövlətin arasında yerləşir. ABŞ belə gərgin bir regionda yerləşən Azərbaycanın ordusunun güclənməsini yalnız dəstəkləməlidir”.

 

Copy link
Powered by Social Snap