“Azərbaycan humanizmi əsas şərt kimi göstərərək problemi həll etməyə çalışır” – Hərbi ekspert

Dünən Azərbaycan tərəfi növbəti humanist addım atdı. Ötən il 2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə qanunsuz daxil olan erməni hərbçilərdən 5 nəfəri qarşı tərəfə təhvil verildi. Həmin erməni əsgərlər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər törətmədiklərinə görə geri qaytarılıb. Onlar Rusiya Sülhməramlılarının əvvəlki komandanı general Rüstəm Muradovun müşayiəti ilə təyyarəylə Bakıdan İrəvana aparılıb. Ancaq Azərbaycanın bu humanist adddımı qarşısında qonşu Ermənistan daima bizi 10 noyabr 2020-ci il bəyanatının şərtlərini icra etməməkdə günahlandırır.

Herbiand.az bununla bağlı hərbi ekspert Ramil Məmmədlidən münasibət öyrənib.

Ramil Məmmədli bildirib ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli bəyanata imza ataraq üzərinə götürdüyü öhdəlikləri bu günə kimi lazımınca yerinə yetirməyib:

“Bu öhdəliklərə əsasən ilk növbədə ərazidə olan erməni silahlı hərbi birləşmələri ərazidən çıxarılmalıdır. Separatizmi təlqin, təblig edən şəxslər ordan uzaqlaşdırılmalı və ya saxlanılmalıdır. Bunların heç biri ilkin olaraq həyata keçirilməyib. Nəticədə Azərbaycan Ordusu faktiki olaraq separatçı qüvvələrlə üzbəüz qalıb və bu birləşmələrlə mübarizə aparmaq məcburiyyətindədir”.

Əsirlərin geri qaytarılması ilə bağlı məsələyə gəldikdə isə hərbi ekspert vurğulayıb ki, Azərbaycan ilk gündən öz humanist mövqeyini nümayiş etdirir. Humanizmi əsas şərt kimi göstərərək problemi həll etməyə çalışır:

“Lakin Ermənistan bu problemləri heç bir şəkildə həll etmir. Ümumiyyətlə, əsir və girov məsələləri ilə bağlı problemlərin kökü hələ 1990-cı illərə dayanır. O illərdən başlayaraq azərbaycanlı əsir və girovların qaytarılmasında problem var. Azərbaycan dəfələrlə humanist addımlar atmasına baxmayaraq Ermənistan bir dəfə də olsun normal şəkildə bu problemin həllini həyata keçirmir. Hesab edirəm ki, bu məsələdə vasitəçi tərəf olan Rusiya da öz mövqeyini bildirməli və problemin həllinə çalışmalıdır”.

Ramil Məmmədli qeyd edib ki, Azərbaycanın minlərlə əsir, girov və itkin düşmüş vətəndaşları var ki, Ermənistan onların bu günə kimi siyahısını təqdim etməyib:

“1990-ci illərdə 1-ci Qarabağ savaşında əsir götürülmüş, itkin düşmüş, girov götürülmüş şəxslər var. Onlarla bağlı hər hansı bir məlumat təqdim olunmur. Bunun özü də hərbi cinayətdir. Beynəlxalq təşkilatlar tərəfindən məsələyə münasibət bildirilməlidir. Azərbaycan açıq şəkildə bunu tələb etməlidir. Beynəlxalq təşkilatlar da sadəcə olaraq riyakarlıq nümayiş etdirir və bu problemin həllində dəstək göstərmirlər”.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap