“Beynəlxalq hüquq normalarını pozan Ermənistan qınaq mərkəzinə çevrilmir” – Hərbi ekspert

“Ermənistanın təcavüz günündən bu günə qədər olan bütün bu proseslərin gedişi onu göstərir ki, dünyada hələ də ikili standartlar var. Bir çox hallarda beynəlxalq hüquq normalarını pozan Ermənistan qınaq mərkəzinə çevrilmir. Onların havadarları bəşəriyyət qarşısında törətdiyi cinayətləri ört-basdır edirlər. İstər Xocalı soyqırımı, istərsə onların işğal siyasəti və onun gətirdiyi nəticələr olsun, müharibə zonasından uzaqda olan Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin dinc sakinlərinin artilleriya və raket zərbəsinə məruz qalması hallarının olması hamısı faktdır. Bunun üçün yetərli qədər sübutlar da var. Buna baxmayaraq Ermənistan yenə də günah obyektinə çevrilmir. Digər tərəfdən torpaqlar azad ediləndən sonra orda olan vandalizm aktı ilə demək olar ki, müasir tarixdə insanlıq rastlaşmayıb. Şəhərlər viran olub və bütün bunları dünya görür, ancaq yenə də susur”.

Bu sözləri herbiand.az-a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, bu gün də Azərbaycan öz gücünə, Türkiyənin də iştirakı ilə əraziləri minalardan təmizləyir, infrastrukturu bərpa etməyə çalışır:

“Burda da çox böyük işlər mina sahələrinin olması və onların təmizlənməsidir. Bunlar çox vəsait və vaxt tələb edir, insan resursundan çox istifadə olunur. Baxmayaraq ki, mina xəritələri haqqında dəfələrlə danışılıb. Beynəlxalq qurumlar, konvensiya var. Lakin bütün bunlara baxmayaraq, mina xəritələri ilə bağlı məsələyə indiyə qədər aydınlıq gətirilməyib. Hətta verilən xəritələr də ola bilsin qəsdən səhv verilib ki, bu da ancaq 20-25 faiz tələblərə cavab verir. Belə xəritələrdən də istifadə edə bilmirik. Çünki, buna inana bilmirik. Hər hansı bir sahədə olan boşluq insan həyatı ilə bağlıdır. Ona görə də, Azərbaycan öz imkanları ilə əraziləri minalardan təmizləyir”.

Hərbi ekspert vurğulayıb ki, əgər ikili standartlar olmasaydı bəlkə də işğal olmazdı. Çünki 4 qətnamə var idi. Heç biri də yerinə yetirilmədi:

“Azərbaycan 30 ildən sonra bu qətnamələri yerinə yetirdi. Əgər ikili standartlar olmasaydı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı olmazdı. İşğal altında olan Azərbaycan şəhərləri və yaşayış məntəqələri bu müddət ərzində dağıntıya məruz qalmazdı. Bu dağıntıları hətta peykdən görmək mümkündür. Ona görə də dünyada ikili standartlar olduğu üçün bu gün mütəmadi olaraq beynəlxalq qurumların işğaldan azaq olunmuş ərazilərə gəlib erməni vəhşiliklərini görmələrinə baxmayaraq onlar yenə susur. Bu gün Ermənistanın dağıtdığı yaşayış məntəqələrinə görə təzminat məsələsinə beynəlxalq səviyyədə müəyyən bir qüvvələr lazımi diqqət yetirmir”.

Şair Ramaldanov daha sonra bunları deyib:

“Bir neçə gün əvvəl ermənilər tərəfindən sərhəddə təxribat törətmək istəyən əsgərlərlə bağlı 1-2 videomaterial yayıldı. Biz demirik ki, belə olmalıdır. Ancaq biz videomaterialları çəkənləri anlamalıyıq, lakin orada olan lazımsız hərəkətləri dəstəkləmirik. Hər bir əsirə qarşı özünün beynəlxalq normalar çərçivəsində yanaşması var. Bununla bağlı bizim əsgərlərimiz məlumatlıdır. Ancaq onların emosional vəziyyətini də nəzərə almaq lazımdır. Müharibə qurtarsa da yenə təxribat törədilir və bunun da nəticəsində orada xidmət edən əsgərlərin döyüşçü yoldaşları həlak olur, yaralanır. Bu fonda ola bilsin ki, emosional hisslərə qapılaraq, daxildə olan nifrət hissinin nəticəsində belə hərəkətlər edə bilərlər. Bunu anlamaq lazımdır. Çünki döyüş gedən yerdə öz dostunu itirən əsgər düşməni ələ keçirən zaman beynəlxalq normalar haqqında düşünə bilmir. İnsana toxunan müəyyən həssas və psixoloji məsələlər var. Bu videomateriallarda işgəncə deyilən şey yoxdur. Ermənilər 30 il ərzində Xocalı soqırımını törədib. Birinci Qarabağ savaşında 10 minlərlə şəhid və əlillərimiz olub. Vətən müharibəsində də itkilərimiz oldu. Üstəlik, ermənilərin davam edən təxribatlarının qarşısında bunları anlamaq olar. Hər halda dünya bu vəziyyətdən düzgün nəticə çıxarmasa, müasir dünyanın tarixində erməni vəhşiliyi, faşizmi öz adıyla çağırılmasa, beynəlxalq aləm özlərinin qəbul etdikləri qanunlara özləri hörmət etməsələr belə şeylər tarixdə yenə olacaq. Yenə də faşizm hardasa başını qaldıracaq. İstər erməni olsun, istərsə digəri. Bütün qanunlar onun üçün qəbul olunur ki, bəşər meydanında insanlar buna riayət etsinlər. Qanunu pozan cavavdehlik daşımalıdır. Cavabdehliyə ona görə cəlb olunur ki, gələcəkdə belə şeylərə yol verilməsin. Ancaq biz erməni məsələsində başqa şey görürük. Bu hələ ki, belədir. Dünyada belə şeylər yenə baş verəcək. Burda sadəcə biz özümüzə güvənməliyik. Özümüz güclü olmalıyıq, birliyimiz olmalıdır. Güc və birlik rəmzi daşıyan yumruğumuz həmişə hazır olmalıdır.  Ona görə nə qədər inkişaf etsək, güclü olsaq, bizə qarşı olan haqsızlıqlara cavab verə  bilsək o qədər də biz sığortalanmış olarıq”.

Hərbi ekspert bildirib ki, hazırda müasir dünyada hibrid müharibəsidir və biz bunun elementlərini görürük:

“Düşmən tərəfindən sosial şəbəkələrdə bizim  qələbəyə kölgə salan və bəzi məsələləri yersiz qaldıran kampaniyalar hibrid müharibələrinin nəticəsidir. Biz hamımız bu məsələdə diqqətli olmalı və yenə də səfərbər olmalıyıq. Hibrid müharibənin elementlərinin Azərbaycanda yayılmasına və yaşamasına yol verməməliyik. Burada müzəffər xalqın nümayəndələri kimi qələbə qazanmalıyıq. Bütün bu prosesləri həmişə nəzarətdə saxlamalıyıq. Azərbaycanın yetərli qədər nüfuzu, bütün sahələrdə, həmçinin beynəlxalq hüquq sahəsində ixtisasçıları var. Hazırda Azərbaycan bu məsələlər üzərində işləyir. Beynəlxalq qurumlara müraciətlər var. Düşünürəm ki, bu belə də davam etməlidir. Bura bəlkə də beynəlxalq səviyyədə təcrübəli şəxslərin, hüquqşünasların cəlb edilməsilə bu vəhşiliyi törədən erməniləri məsuliyyətə cəlb etməliyik. Bu sahədə bir olub nəticələr qazanmalıyıq və qazana bilərik”.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap